Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
23 İyun 2025 / 19:37

“İsraillə özümüz bacararıq…” -İRANIN AZƏRBAYCANDAKI SƏFİRİ

İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi: İndiyə qədər İsrailin hücumları nəticəsində 430 nəfər həyatını itirib, şəhid olublar, 3500 nəfər yaralanıb, 500 nəfər də xəstəxanada müalicə alaraq, evə buraxılıblar.

Bu sözləri iyunun 23-də İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Azərbaycan jurnalistləri üçün təşkil etdikləri Mətbuat konfransında bildirdi. İran-İsrail müharibəsində baş verən beynəlxalq hüquq pozuntularından danışan S.C.Ağayi, İsrailin İrana hücumunda BMT-nin və beynəlxalq  İnsan haqlarının nizamnamələrinin kobud şəkildə pozulmasını xüsusi ilə vurğuladı. Eyni zamanda beynəlxalq ictimaiyyəti bu haqsızılğa göz yummaqda günahlandırdı.
Müvəqqəti işlər vəkili daha sonra  bildirdi ki, “İran həmişə Azərbaycanın yanında olub və bu səbəbdən də, indi istəyirik ki, Azərbaycan da İsrailin bu qanunsuz addımını qınasın” .

S.C.Ağayi çıxışını davam etdirərək, bildirdi ki, hətta xaricdə yaşayan soydaşlarımız da İran xalqının və silahlı qüvvələrimizin yanında dayanıb. İndiyədək İran silahlı qüvvələri genişmiqyaslı raket və PUA hücumlarından çəkinib”, – deyə müvəqqəti işlər vəkili əlavə etdi.

Çıxışını başa vurandan sonra, S.C.Ağayi jurnalistlərin müxtəlif səpkili suallarını cavablandırdı. Ilk olaraq “Təzadlar”ın əməkdaşı kimi, müvəqqəti işlər vəkilinə aşağıdakı üç sualla müraciət etdim:

1. Cənab səfir, müharibəyə qədər nüvə silahının yaradılmasından İranın imtina etməsi ilə bağlı çoxsaylı danışıqlar olub. Danışıqlar və diplomatik yollarla bu müharibənin qarşısını almaq olmazdımı?
2. Qarşılıqlı hücumlar nəticəsində həm İran, həm də İsrail tərəfindən dünyasını dəyişən dinc sakinlərin və hərbçilərin dəqiq statistikası varmı?
3. Bildiyimiz kimi, İsrail ordusu İranın digər şəhərləri kimi, Təbrizi də bombalayır. İsrail tərəfi belə əsas gətirir ki, onlar dinc sakinləri yox, İranın hərbi obyektlərini vururlar. Xahiş edirəm deyin, bu, doğrudurmu?

Tərcüməçi vasitəsi ilə S.C.Ağayi suallara belə cavab verdi:

Birinci sualınız dialoq və danışıqlarla bağlıdır. Mən çıxışımda da bildirdim ki, biz danışıqlar aparırdıq və heç zaman danışıqlar masasını tərk etməmişik. Lazım gələrsə, yenə də masaya oturmağa hazırıq. Biz də istəyirik ki, bu məsələ danışıqlar yolu ilə tamamlansın. Ikinci sualınız olan şəhidlərin və yaralıların statistikasına gəldikdə isə, İran tərəfindən deyə bilərəm ki, indiyə qədər İsrailin hücumları nəticəsində 430 nəfər həyatını itirib, şəhid olublar, 3500 nəfər yaralanıb, 500 nəfər də xəstəxanada müalicə alaraq, evə buraxılıblar. Üçüncü sualınıza gəldikdə, deyə bilərəm ki, bu, təzə xəbər deyil. Bunu əks tərəfdən çox eşitmişik ki, müdafiə olunan yerləri, hərbi hədəfləri vururlar və s. Biz bunu Qəzzada da görmüşük və orada 16 xəstəxanaya hücum ediblər. Bildiriblər ki, guya orada hərbi obyektlər olub. Təbii ki, bunlar hamısı yalandır. Mən şəhid olan mülkü insanların sizə şəkillərini də göstərə bilərəm (bu zaman diplomat, bir çox həlak olan dinc insanların şəkillərini  jurnalistlərə göstərir-E.M.). Azərbaycan xalqı da şəhidlər verib. Bu hallar sizlərə tanışdır. Təbriz isə,  İran İslam Respublikasının bir ərazisidir. Orada yaşayan azərbaycanlılar İran vətəndaşlarıdır. Təəssüf ki, Təbriz də çoxlu sayda hücum edilən şəhərlər sırasındadır.

-Cənab Seyid Cəfər Ağayi, sonuncu suala olan cavabınızdan bir az razı qalmadım. Müharibə mənə çox tanışdır. Məlumat üçün qeyd edim ki, mən özüm 1-ci Qarabağ müharibəsinin, oğlum isə 44 günlük 2-ci Qarabağ müharibəsinin iştirakçısıyıq. Müharibənin necə olduğunu gözümüzlə görmüşük və bu müharibəyə görə narahatam. Ona görə də bilmək istəyirəm ki, İsrailin hücumları nəticəsində İranda, İranın hücumları nəticəsində İsraildə həlak olan hərbçilərin və dinc sakinlərin dəqiq statistikası məlumdurmu?

– Mən də müharibə ilə tanışam, özüm də müharibədə iştirak etmişəm. Dəqiq statistikaya gəldikdə isə, deyə bilərəm ki, sionist rejim xəbərləri boykot edib. Hərbçilərin ölümü ilə bağlı mediada xəbərlərin yayılmasını qadağan edib. Ona görə də İsraildə həyatını itirən hərbçilərin və dinc sakinlərin sayı barədə dəqiq məlimatımız yoxdur.

-Çox sağ olun, təşəkkür edirəm!

Bundan sonra, S.C.Ağayi tədbirdə iştitak edən çoxsaylı televiziyaların, İnformasiya Agentliklərinin və saytların jurnalistlərinin suallarını cavablandırdı. Tədbir başa çatandan sonra, müvəqqəti işlər vəkilinə yaxınlaşıb, vaxt darlığından verə bilmədiyim bir sualı elə ayaqüstü, özü də Azərbaycan dilində verdim: “ Çin hökuməti İrana dəstəyini ifadə edib. Şimali Koreya isə, əgər İran istəyərsə, həm hərbi, həm də əsgəri yardım göstərməyə hazır olduğnu bildirib.

S.C.Ağayi bilərəkdən, ya bilməyərəkdən məndən soruşdu:

-Şimali Koreya beləmi deyib?

Cavab verdim ki, bəli! Sonra sualımı yekunlaşdırıb soruşdum: İran höküməti Şimali Koreyadan yardım istəyəcəkmi?  Hörmətli diplomatın cavabı qısa oldu:

Özümüz bacararıq!

Hazırladı: Elçin Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!