Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
2 İyul 2025 / 11:35

AzTV-dəkilər Solovyovun yolunu gedirsə…

…Professor Saleh Məmmədovun neçə gün əvvəl Rusiya FTX-nin Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törətdiyi vəhşiliyini və bundan sonra iki ölkə arasındakı siyasi gərginliyin təhlilinə həsr etdiyi ciddi dəyərə malik yazısını oxudum. Professor Rusiya ilə münasibətlərimizin təxminən 35-40 illik tarixini peşəkarlıqla, təmkin və səbr ruhu ilə təhlil edərək sonda yazır: «…Yekaterinburq hadisəsi Azərbaycan-Rusiya münasibətlərində ciddi bir sınaq nöqtəsidir. Lakin bu hadisə eyni zamanda iki ölkə arasında daha şəffaf, ədalətli və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulması üçün fürsət də ola bilər. Gərginliyin yumşaldılması üçün diplomatik çeviklik, hüquqi obyektivlik və ictimai dialoq əsas alətlərdir. Əgər bu istiqamətlərdə irəliləyiş əldə olunarsa, bu faciə gələcəkdə daha sağlam münasibətlərin təməlini qoya bilər…».

Qayıdıram keçmişə: 1990-cı ilin yanvar ayının 20-nə bir neçə gün qalmış Bakıda başımızın qarışıq, Qarabağda silahsız ellərimizin marığa yatmış ermənilər qarşısında əliyalın və müdafiəsiz olduğu bir vaxtda qəzəbli Kreml agenturası şəhərin mərkəzində bir neçə erməninin öldürülməsini təşkil etdi. Qərbi Azərbaycandan qovulmuş 350 mindən çox qəzəbli soydaşlarımızın Azərbaycana axını fonunda bu Kremlin Bakıya dərs vermə texnologiyası idi… 20 yanvar qırğını və rus qoşunlarının Bakıya yeridilməsi baş verdi… Sonrasını hamımız yaxşı bilirik. Bir müddət sonra həmin rus qoşunlarının Azərbaycan ərazisindən çıxarılması isə bizə Qarabağın işğalı ilə sonuclandı…

***

…Zaman dəyişdi, 2020-ci ilin sentyabrında ermənilərin 30 illik işğalından canı boğazına yığılmış Azərpbaycan ayağa qalxdı, mənəvi dəstək olan dost ölkələrin xeyir-duası və Ermənistanın Qərb və ABŞ meyillənməsindən əsəbi Moskvanın susqunluğu sayəsində, ən vacibi, Prezident İlham Əliyevin cəsarətli və qətiyyətli qərarları, rəhbərliyi ilə separatçıların böyük dəstəsi nəinki Qarabağdan rədd oldu getdi, bu işğala rəhbərlik edənlər indi Bakı təcridxanalarında hakimdən imdad, Azərbaycandan rəhm diləyir…

***

Gəlirəm mətləbə: professor Saleh Məmmədovun yazısının ruhuna köklənərək deyirəm: rəsmi Kreml hazırda nəinki Ukraynanın, ABŞ və Avropa ölkələrinin əlindən ikiqat, Moldova, Gürsüstan və Ermənistandan isə onqat qəzəblidir. Təbii ki, bunlar ölkənin siyasi rəhbərliyinin əsəb sarsıntısının məhsuludur. Acıqlı adam bəzən onu acıqlandırana gücü çatmayanda hirsini-hikkəsini başqalarının, yəni özündən zəif bildiklərinin üstünə tökür. İndi Rusiya bu qəzəbli haldadır… Azərbaycan isə Ukrayna müharibəsində «mozqotryoseniye» almış Rusiya ilə üz-üzə gəlib.

Mən son bir neçə gündür ABŞ və Qərbin, eləcə də Ukraynanın media təbliğatını izləyirəm. Rusiyanın Azərbaycanla yaşadığı gərginlikdən məmnundurlar. Niyə? Çünki yanında qardaş Türkiyənin, Pakistanın, dost İsrailin olduğu Azərbaycan Rusiyanın əsəblərini tarıma çəkməkdə, Rusiya isə potensial enerjisinin bir hissəsini Azərbaycana yönəltməkdədir.

Biz bütün səviyyələrdə Yekaterinburq vəhşiliyini qınamaqla, Rusiyanın siyasi rəhbərliyinin susqunluğundan nəticə çıxarıb qiymətləndirə apara bilərik ki, Putin indi necə əsəb içindədir.

Elə isə, biz niyə Rusiyanın bu qəzəbində hədəf olmalıyıq? Bu qəzəbdən yayınmanın başqa yolu yox deyildir!

Düşünürəm ki, bizdə də bu gərginlikdən sevinən həvəskarlar çoxdur, həvəslənib Putini hədələynlərimiz də yetərincədir. AzTV-də filankəs, Rusiyada isə Solovyovun erməniləri məmnun edən təbəssümü göz önündədir. Müstəqil mediamız nə yazır öz işidir, amma dövlət TV-mizdə Putini hədələmələr, yaxud dünyada baş verənlərdən o qədər də xəbəri olmayan siyasi ekspertlərimizin AzTV efirindən nə gəldi danışması yolverilməzdir! Bu mənim şəxsi düşüncəmdir!

Bu başqa məsələdir və yazmışam da ki, Azərbaycanda yemlənən rusdilli mətbuat var, onların Azərbaycan naminə susmasını bəs necə qəbul edək? Yaxud, rus milliyyətindən olan nüfuzlu Azərbaycan ziyalıları niyə Moskvaya sözünü demirlər???

SONDA: Yekaterinburqda baş verən məlum hadisələrin qəzəbli Kremldəki kabinetlərdən gələn sifariş olduğuna şübhəm yoxdur, bu əməlləri qəti şəkildə qınayırıq, bunun əvəzi-kompensasiyası mütləq ödənməlidir! Bu, iki nəfərin öldürülməsi və 10-dan çox soydaşımızın qəzəblə döyülüb şikəst edilməsi hadisəsi də deyil, bu hadisə Azərbaycana qarşı formalaşmış və ya formalaşdırılmış münasibətin məhsuludur!

Biz, elə məqamlar var ki, susmalı ikən danışırıq, ya da danışmalı ikən susuruq! İndi hardasa səbrlə həm susmaq vaxtıdır, hardasa isə həm də danışmaq! Ən vacibi, indi Azərbaycanı qəzəbli, hirsli, Ukrayna müharibəsində «mozqotryoseniye» almış Rusiyanın bu kini-küdurəti qarşısında qorumalıyıq! Hətta yazmaq istəyirəm ki, Azərbaycanı qorumalıyıq!

Asif MƏRZİLİ

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!