Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bazar iştirakçıları İranın nüvə proqramı ilə bağlı uzanan mübahisənin yenidən silahlı münaqişəyə çevrilə biləcəyindən narahatdırlar
İnvestorlar ABŞ prezidenti Donald Trampın rüsumları bərpa etməsindən qorxduqları üçün neft qiymətləri əvvəlki artımdan sonra yenidən ucuzlaşır. Bundan əlavə, OPEC+ ölkələrinin neft hasilatının növbəti artımı gözləntiləri qiymətləri aşağı salır.
Tezadlar.az bildirir ki, bu barədə “Reuters” xəbər verir.
Brent markalı neftin fyuçersləri 53 sent ucuzlaşaraq 68,58 dollar/barel olub. Amerikanın WTI markalı nefti 51 sent ucuzlaşaraq 66,94 dollar/barelə düşüb.
İranın Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə əməkdaşlığı dayandırması, BAEA müfəttişlərinin nüvə obyektlərinə girişini çətinləşdirməsi və Tehranın nüvə proqramı ilə bağlı uzun müddətdir davam edən mübahisənin yenidən silahlı münaqişəyə çevrilə biləcəyi ilə bağlı narahatlıqları artırması ilə neft qiymətləri iyulun 2-də bir həftənin ən yüksək səviyyəsinə qalxıb.
Eyni zamanda, “Tramp tarifləri” ilə bağlı qeyri-müəyyənlik qiymətləri aşağı sürükləyir. ABŞ-ın artan tariflərinin tətbiqində 90 günlük fasilə iyulun 9-da başa çatır və Avropa İttifaqı və Yaponiya kimi bir neçə əsas ticarət tərəfdaşı ilə yeni ticarət sazişləri hələ bağlanmayıb.
Bundan əlavə, OPEC+-nın iyulun 6-da keçiriləcək iclasında neft hasilatının gündəlik 411 min barel artırılması ilə bağlı razılıq əldə edəcəyi gözlənilir.
Dünyanın ən böyük “qara qızıl” istehlakçısı olan ABŞ-da sürücülük mövsümünün qızğın vaxtında neft ehtiyatlarının artdığını və yanacağa tələbatın azaldığını göstərən ABŞ statistikası da azalma tendensiyasını dəstəkləyib. ABŞ Enerji İnformasiya İdarəsi, yerli xam neft ehtiyatlarının keçən həftə 3,8 milyon barel artaraq 419 milyon barrelə çatdığını bildirib.
Neft qiymətləri və “Tramp tarifləri”
Neft qiymətləri OPEC+ ölkələrinin neft hasilatında yeni artım gözləntiləri və Donald Trampın tarifləri bərpa etməsi perspektivinin səbəb olduğu iqtisadi artımın yavaşlaması ilə bağlı narahatlıqlar fonunda iyulun ilk günündə ucuzlaşıb.
Aprelin əvvəlində ABŞ prezidenti Çin istisna olmaqla, ABŞ-ın bütün ticarət tərəfdaşları üçün artan tarifləri 90 gün müddətinə dayandırıb.
E.ŞİRİNOV