14 İyul 2025 / 15:21

“İRİA-nın hazırlanmasına beynəlxalq məsləhətçi şirkət cəlb etdiyi 377 min manatlıq RM sənədi hələlik ortada yoxdur…”

Xorvatiyada rəqəmsal transformasiyaya Ədliyyə Nazirliyi cavabdehdir
***
Xorvatiyaya səfər zamanı Ədliyyə, Dövlət İdarəçiliyi və Rəqəmsal Transformasiya Nazirliyində də görüşümüz oldu.
Avropa Şurasının təşkil etdiyi bu faydalı səfər çərçivəsində dövlət qurumlarımızın nümayəndələrinin də iştirakı ilə bu ölkənin rəqəmsal transformasiya siyasətinə hansı yanaşma ilə rəhbərlik etmələrilə bağlı təcrübəsilə tanış olduq.
TEZADLAR.AZ xəbər verir ki,  bu barədə Multi-Media Mərkəzinin direktoru,  Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz sosial media hesabında bildirib.
Onun sözlərinə görə, maraqlı məqamlardan biri də məhz Ədliyyə Nazirliyinin Rəqəmsal Transformasiya prosesinə cavabdehlik funksiyası daşımasıdı:
“Təqdimatlarından hiss olunurdu ki , onlar rəqəmsal proseslərə yalnız RƏQƏM və TEXNOLOGİYA olaraq deyil, daha çox idarəetmə, hüquqi uyğunluq və vətəndaş hüquqları ilə bağlı sistemli bir islahat kimi yanaşmaya üstünlük veriblər.
Xorvatiyanın bu Nazirliyi rəqəmsal sahədə:
– Milli rəqəmsal strategiyaların hazırlanması və həyata keçirilməsi;
– e-Hökumət xidmətlərinin əlaqələndirilməsi və inteqrasiya;
– Elektron ədliyyə və açıq idarəetmə modellərinin tətbiqi;
– Dövlət informasiya sistemlərinin hüquqi uyğunluğu üzrə səlahiyyət daşıyır.
Müzakirələr nəticəsində belə qənaətə gəlmək olurdu ki, onlarda rəqəmsal hökumətə vahid yanaşma, paralelçilikdən tam imtina, GDPR-a tam nəzarət, inteqrasiya prioritetdir.
Müzakirələr zamanı, Azərbaycanda rəqəmsal hökumətin bəzi sahələrində daha təkmil və vətəndaşyönümlü həllərin də olduğu diqqətə çatdırıldı.
Bu təcrübə bizə həm də onu göstərdi ki, rəqəmsal transformasiyanın uğurlu və sürətli olması üçün yalnız texnologiyalara deyil, eyni zamanda hüquqi və institusional strukturlaşmaya da söykənməsi də mühüm əhəmiyyət kəsb edir.
Xatırladıram ki, ölkəmizdə cari ildə Prezidentin təsdiqlədiyi Rəqəmsal İnkişaf Konsepsiyasında nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Nazirlər Kabineti həyata keçirir. Konsepsiyada nəzərdə tutulmuş Rəqəmsal İnkişaf Operatorunun funksiyalarını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.
Yeri gəlmişkən, maraqlı məqamlardan biri də odur ki, bizdə 2022-ci ildə Prezidentin fərmanı ilə Rəqəmsal Məcəllənin hazırlanması da nəzərdə tutulub.
Məhz bu sənəd rəqəmsal sektorun hüquqi əsaslarını vahid şəkildə tənzimləməli idi. 9 ay vaxt verilmişdi bu sənədin qəbuluna.
Ötən il RİNN yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Rəqəmsal Məcəllə layihəsinin beynəlxalq məsləhətçi şirkət cəlb etməklə hazırlanması işlərinə dair 377 000 manatlıq tenderə yekun vurduğunu bildirsə də,  hələlik bu sənəd ortada yoxdur”, – deyə Osman Gündüz vurğulayıb.
Təqdim etdi: Y.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!