Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi ilə bağlı Şamaxıda jurnalistlər arasında minifutbol turniri keçirilib.
TEZADLAR.AZ xəbər verir ki, “Avrora Qrup”un sponsorluğu, İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 30-dan çox media orqanının əməkdaşı iştirak edib.
Turnirin final oyununda isə televiziya işçilərindən formalaşan “Kaspi” komandası idman saytlarının nümayəndələrinin olduğu “Kəşkül” kollektivi ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Kaspi”çilər 3:1 hesabı ilə qalib gələrək kuboku başları üzərinə qaldırıblar.
Mükafatlandırma mərasimində ilk 3 yerin sahibləri – “Kaspi”, “Kəşkül” və “Əkinçi” müvafiq olaraq, qızıl, gümüş və bürünc medallarla, bütün iştirakçılar isə fəxri fərmanlarla təltif ediliblər.
Turnirin ən yaxşı qapıçısı “Kəşkül”ün qolkiperi Kənan Məstəliyev, yarışın ən yaxşı oyunçusu isə “Kaspi”nin üzvü Nurani İsgəndərov sayılıb. Onlara xüsusi mükafat verilib.
Sonda tədbirdə iştirak edən şəhid ailələrinin üzvlərinə fəxri fərmanlar və baş sponsor “Avrora Qrup”un hədiyyələri təqdim olunub.








