29 İyul 2025 / 12:37

Üzərində «Azərbaycan» sözü olan mini-xalça hədiyyəmi İranda nazirə vermədilər…

 …Söz vaxtına çəkər: 1991-ci ildə «Həyat», indiki «Azərbyacan» qəzetinin parlament müxbiri idim və baş redaktor məni daim Ağdama, cəbhə bölgəsinə ezam edirdi… Ağdamdan hazırladığım sonuncu reportaşıma görə Azərbaycandan İrana göndərilən parlamentin nümayəndə heyətinin tərkibinə məni də mükafat olaraq daxil etmişdilər. Biz protokola görə, İranın rəsmi şəxsləri ilə, həmçinin İranın xarici işlər naziri Əli Əkbər Vilayəti ilə görüşəcəkdik. Müzakirələr əsasən Ermənistanın Azərbaycana qarşı işğalçılığının qarşısının alınması üçün müsəlman ölkəsi olaraq İranın bizə dəstək verməsi barədə olmalı idi…

***

İrana getmə ərəfəsində Milli Məclisdə bəzi rəsmi şəxslərlə məsləhətləşdim ki, Vilayətiyə Azərbaycandan nə hədiyyə aparım ki, daim xatırlansın, uyğun olsun və s. Mənə bəzi məsləhətlər verdilər. Həmin vaxt bacım Nəzakət Mərzilidə mini xalça fabrikasında çalışırdı. Onun mənə hədiyyə göndərdiyi iki kiçik ölçülü xalçalar var idi, üzərində Azərbaycana məxsis mədəniyyət inciləri, ornamentlər həkk olunmuşdu…  Hər iki xalçanın (60X110 sm) üzərində gizli yerdə latın qrafikası ilə «Azərbaycan» sözü toxunmuşdu. İlmələr o qədər zərif və incə, səliqəli idi ki, həqiqətən də ürəyim gəlmirdi ki, bunu İrana aparıb hədiyyə kimi verim. Bacıma bu barədə danışdım, dedi ki, apar, sonra əlavə iki cütünü də toxuyaram…

***

Beləliklə, Azərbaycan naminə mənim üçün qiyməti olan bu xalçaları İrana apardım. Gömrük postumuzda rəsmi nümayəndələr olduğumuz üçün icazə verdilər.

Biz Tehranda olanda Ruhullah Musəvi Xomeyninin vəfatının ildönümü idi deyə, İranda hər yerdə-küçədə, parklarda ehsanlar verilirdi… Səhv etmirəmsə, iyunun 3-ü tarixində.

Beləliklə, biz Tehrana uçduq, paytaxtın mərkəzindəki oteldə yerləşdik. Mən, Eyvaz Borçalı və deputat Şamil Qurbanov, üçümüz bir odada qalırdıq. Şamil müəllimə xalçanı göstərəndə gözlərinə inanmadı, dedi, belə zərif əl işini heyifdir, onlara vermə, saxla, Azərbaycana qaytar, ya da burda baha qiymətə satıb Azərbaycana hədiyyələr alıb apararsan. Qaldığımız oteldə nümayəndə heyətimizə nəzarət edən İran rəsmisinə hədiyyəm barədə danışdım. O, hər iki xalçanı gördü, çox bəyəndi, apardı, səhəri gün Vilayəti ilə görüşə az qalmış gəldi ki, protokola salınmadığından mümkün olmayacaq, gərək əvvəldən deyiləydi… Şamil müəllim bu imtinanın səbəbini dərhal izahladı: «Xalçalardakı «Azərbaycan» sözü toxunub, problem budur…».

Nümayəndə heyətimizi Məşhədə apardılar, İmam Rzanın məqbərəsini ziyarət etdik. Sonra təyyarə ilə Təbrizə səfər planımız var idi. Nə qədər cəhd edilsə də buraxmadılar, qayıtdıq Tehrana. Həmin gün axşam saatlarında nazir Vilayəti ilə görüş baş tutdu, Ermənistanla bağlı sorğu-suallarımız oldu və s.

Axşam hədiyyə barədə Şamil müəllimə və Eyvaz Borçalıya danışdım, dedilər, bir də geri qaytarma, heç olmasa, satıb İrandan maraqlı hədiyyələr alıb apar. Təkrarən həmin rəsmi şəxsə bu barədə fikrimi dedim, qiymətləşdik, getdi, bir neçə saat sonra gəldi ki, əla əl işidir, amma üzərində «Azərbaycan» sözü var, icazə verin onu kimyəvi maddə ilə silsinlər, sonra… Təpəmdən tüstü çıxdı, dedim, lap milyon da versəniz, satmıram…

Həmin mini xalçaları Azərbaycana qaytardım, hazırda mənzilimdə ən qiymətli hədiyyə kimi saxlanılır… Hər dəfə onları görəndə həmin illəri və nümayəndə heyətimizi-Şamil müəllimi, Eyvaz Borçalını, İranı, Vilayətini… xatırlayıram.

Asif MƏRZİLİ

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!