8 Avqust 2025 / 12:47

Metroda doğulan uşağın vəziyyəti yaxşı deyil…

Bu gün səhər saatlarında Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında doğuş edən ana və onun körpəsi Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub. Tibb müəssisəsində hər ikisinə dərhal zəruri tibbi xidmətlər göstərilib və müvafiq şöbələrə yerləşdiriliblər. Bu barədə TƏBİB-dən tezadlar.az-a məlumat verilib. Bildirilib ki, “…hamiləliyin patologiyası şöbəsinə qəbul edilən ana, 2005-ci il təvəllüdlü Məhərrəmova Əsmər İzzət qızı tibbi müayinələrə cəlb olunub, stasionarda yardım göstərilib, plasenta xaric edilib, doğuşdan sonrakı dövrdə qanaxmanın profilaktikası aparılıb və hazırda vəziyyəti stabil qiymətləndirilir. Yeni doğulmuş körpə isə Yenidoğulmuşların intensiv terapiya bölməsinə yerləşdirilib və vəziyyəti qənaətbəxş olmadığına görə CPAP cihazına qoşulub. Hazırda körpə xüsusi nəzarət altında saxlanılır. Vaxtından əvvəl, 36 həftəliyində dünyaya gələn körpənin çəkisi 2200 qram, boyu 47 sm, kişi cinslidir”.

Qeyd edək ki, Bakı metrosunun rəhbərliyi qərara gəlib ki, həmin uşaq 25 yaşınadək metrodan pulsuz istifadə edəcək… Amma yaxşı olardı, elə həmin uşaq ali və ya orta texniki təhsilindən sonra Bakı Metropolitenində işlə təmin edilsin…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!