Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tbilisidə yeni istifadəyə veriləcək müasir, Avropa standartlarına uyğun tramvay xətti Didi Diğomi yaşayış massivini “Didube” metro stansiyası ilə birləşdirəcək. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze paytaxt hökumətinin iclasında qeyd edib. Merin sözlərinə görə, layihənin məqsədi Didi Diğomi yaşayış massivini yeni tramvay xətti vasitəsilə şəhərin müxtəlif rayonları ilə ən qısa müddətdə birləşdirməkdir. Kaladze bildirib ki, tramvay xətti 7,5 kilometr uzunluğunda və 11 dayanacaqdan ibarət olacaq. Mer bildirib ki, bu xətt sərnişinlərin təhlükəsiz, rahat və sürətli hərəkətini təmin edəcək, avtobus və mikroavtobuslarda yaranan yüklənməni azaldacaq, tıxacları yüngülləşdirəcək və ekoloji vəziyyəti yaxşılaşdıracaq.
Məlumat üçün: Tbilisidə ilk tramvay 1904-cü ildə fəaliyyətə başlayıb. Sözügedən ictimai nəqliyyat Tbilisi sakinlərinə 2006-cı ilədək xidmət edib.
XXX
Bakıda da vaxtilə paytaxt sakinlərinin istifadəsində olan və şəhərin ucqar ərazilərini birləşdirən ekoloji təmiz tramvaylar fəaliyyət göstərib… Lakin SSRİ- nin dağılması ilə bu tramvayların relsləri də dağıdıldı, metallom kimi satıldı. İndi həmin tramvaylı günlərin geri qaytarılması barədə layihələrdən söz açılır, lakin bu nə vaxt baş verəcək, bilinmir. Çünki hazırda paytaxtın yolları AYNA adlı agentliyin parklama yerləri və velosiped yolları ilə zəbt edilib. Hökumətin qərarı olarsa, təbii ki, Avropa şəhərlərinin küçələrində göz oxşayan, ekologiyaya ziyan vurmayan tramvayları Bakıda da görə biləcəyik…
A.Məmmədli