21 Avqust 2025 / 18:29

ABŞ-AB ticarət razılaşması: tərəflər əhəmiyyətli addım atır

Avropa İttifaqı ABŞ-dan 750 milyard dollar dəyərində mayeləşdirilmiş təbii qaz, neft və nüvə enerjisi məhsulları alacaq

Avqustun 21-də Avropa İttifaqı və ABŞ qarşılıqlı, ədalətli və balanslaşdırılmış ticarət haqqında çərçivə sazişi üzrə razılığa gəldiklərini açıqlayıblar.

Tezadlar.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Vaşinqton və Brüssel bu çərçivə sazişini zamanla əlavə sahələri əhatə etmək və bazara çıxışı daha da yaxşılaşdırmaq, ticarət və investisiya əlaqələrini gücləndirmək üçün genişləndirilə bilən prosesdə ilk addım etməyi planlaşdırır.

“Avropa İttifaqı ABŞ-ın bütün sənaye mallarına rüsumları aradan qaldırmaq və ABŞ-ın dəniz məhsulları və kənd təsərrüfatı məhsulları üçün geniş çeşiddə bazara güzəştli çıxışı təmin etmək niyyətindədir”, – deyə məlumatda bildirilir.

Eyni zamanda, Vaşinqton sentyabrın 1-dən Aİ mallarının əksəriyyətinə 15% tarif dərəcəsi və ya bəzi Avropa mallarına tətbiq edilən ABŞ-ın ən əlverişli dövlət tarifi adlanan rüsum tətbiq etməyi öhdəsinə götürür.

Brüssel həmçinin 2028-ci ilə qədər ABŞ-dan 750 milyard dollar dəyərində mayeləşdirilmiş təbii qaz, neft və nüvə enerjisi məhsulları almaq niyyətindədir. Bundan əlavə, Aİ öz hesablama mərkəzləri üçün ən azı 40 milyard dollar dəyərində Amerika süni intellekt çiplərini almağı planlaşdırır.

ABŞ-AB Razılaşması – Nə məlumdur?

İyulun 27-də ABŞ və Aİ arasında 15% rüsum təyin edən ticarət sazişi imzalanıb. ABŞ prezidenti Donald Tramp bildirib ki, Aİ 750 milyard dollar dəyərində “Amerika enerjisi”ni almağa razılaşıb. Eyni zamanda, bildirildi ki, Aİ-dən idxala rüsum dərəcəsi avtomobillər də daxil olmaqla 15% təşkil edəcək ki, bu da Almaniya avtomobil sənayesinin əsas tələbi idi.

“Financial Times” qəzeti yazıb ki, Brüsselin Vaşinqtondan yeni ticarət sazişi çərçivəsində 750 milyard dollarlıq enerji alacağına dair verdiyi vədi yerinə yetirmək mümkün olmayacaq.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!