1 Sentyabr 2025 / 12:28

Ukrayna polisi Parubiyin qətlinə hazırlığın təfərrüatlarını açıqlayıb

Ali Radanın keçmiş spikeri Andrey Parubiyin qətlində şübhəli bilinən şəxs uzun müddətdir ki, siyasətçini izləyib və cinayəti törətməyə hazırlaşırmış.

Tezadlar.az bildirir ki, bu barədə Ukrayna milli polisinin Telegram kanalında məlumat verilib.

“O, uzun müddət idi ki, hazırlaşırdı, izləyir, planlaşdırırdı və nəhayət, tətiyi çəkdi”, – məlumatda deyilir.

Mətbuat xidməti qeyd edib ki, idarənin əməkdaşlarına şübhəli şəxsin izinə düşərək saxlanılması üçün cəmi 36 saat vaxt lazım olub.

Bundan əvvəl polis rəisi İvan Vıxovski Ali Radanın keçmiş spikerinin qətlində “Rusiya izinin” olduğunu bildirmişdi. Onun sözlərinə görə, qanun qarşısında “hamı cavab verəcək”. O vurğulayıb ki, təcavüzkar hətta qurbanın öldüyünə əmin olmağa çalışıb, sonra isə izlərini gizlətməyə cəhd edib.

Parubiy avqustun 30-da Lvovda öldürülüb. Qatil siyasətçini küçədə gözləyib, ona bir neçə dəfə atəş açıb, sonra isə yoxa çıxıb. Radanın keçmiş spikeri həkimlər gələnə qədər dünyasını dəyişib.

Deputatın üzvü olduğu Avropa Həmrəyliyi partiyası onun qətlində Rusiyanı və onun “beşinci kolon”unu ittiham edib. Eyni zamanda, “Strana.ua” mənbələri siyasətçiyə hücumun daxili siyasi mənşəyə malik ola biləcəyini bildiriblər. Zelenski qeyd edib ki, Parubiyin qətli “diqqətlə hazırlanıb”.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!