3 Sentyabr 2025 / 17:08

Ramzan Kadırovun anası da Britaniyanın sanksiyası altına düşdü

 Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını 11 maddə ilə genişləndirib. Bu barədə Britaniya hökumətinin saytında dərc olunan sənəddə deyilir.

Tezadlar.az   xəbər verir ki, məhdudlaşdırıcı tədbirlərə Böyük Britaniyaya girişin qadağan edilməsi və aktivlər aşkar edilərsə, onların dondurulması daxildir.

Beləliklə, Tatarıstan Baş nazirinin müavini Leyla Fazleeva, Federal Gənclər Mərkəzinin rəhbəri Valeriy Mayorov,Çeçenistan Respublikası Daxili İşlər Nazirliyinin Rusiya qəhrəmanı A. A. Kadırov adına xüsusi polis alayının komandiri Zamid Çalayev, Regional İctimai Fondun prezidenti, Ramzan Kadırovun anası Aymani Kadırova, Tatarıstanın gənclərlə iş üzrə naziri Rinat Sadıkov, Axmat-Hacı Kadırov adına Regional İctimai Fondu və digərləri sanksiyaya məruz qalıblar.

Ümumilikdə Böyük Britaniyanın Rusiyaya qarşı sanksiyalar siyahısına 1808 fiziki və 498 hüquqi şəxs daxildir. Böyük Britaniya Xarici İşlər Nazirliyi bəyan edib ki, yeni sanksiyalar “Ukraynalı uşaqların məcburi deportasiyası və təlqin edilməsi” ilə məşğul olduğu iddia edilən şəxslərə və təşkilatlara qarşı tətbiq edilib.

Qeyd edək ki, Axmat Kadırov adına Regional İctimai Fondu 2004-cü ildə Çeçenistan Respublikasında yaradılmış xeyriyyə təşkilatıdır. Fondun prezidenti Axmat Kadırovun dul arvadı, Çeçenistan Respublikasının rəhbəri Ramzan Axmatoviç Kadırovun anası Kadırova Aymani Nesievnadır. İndiyədək göstərdiyi fəaliyyətinə görə Aymani Kadırova çoxlu sayda orden və medallarla təltif edilib.

Əlavə edək ki, daha əvvəl də  Kadırova – 24 avqust 2023-cü ildə Rusiyanın Ukraynaya müdaxiləsi fonunda ukraynalı uşaqların Rusiyaya deportasiyasında iştirak etdiyinə görə ABŞ tərəfindən bloklayan sanksiyalara məruz qalmışdı, eyni zamanda 24 iyun 2024-cü ildə Kadırov Fondunun prezidenti kimi o, Avropa İttifaqı ölkələrinin sanksiya siyahısına da daxil edilib.

Y.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!