9 Sentyabr 2025 / 16:22

Mal əti üzrə özünütəminetmə 88,5%-ə, qoyun və keçi əti üzrə 96,5%-ə yüksəlib- bəs niyə ətin qiyməti bahalaşır?..

Ölkə üzrə illik adambaşına bütün növ ət və ət məhsullarının istehlakı 2019-cu ildəki 40,8 kiloqramdan 2024-cü ildə 45 kiloqramadək artıb.

Tezadlar.az  Dövlət Statistika Komitəsinin hesabatına əsasən xəbər verir ki, bu dövrdə mal əti və ət məhsulları üzrə illik adambaşına olan istehlak həcmi 16,1 kiloqramdan 16,9 kiloqrama, qoyun və keçi əti və ət məhsulları üzrə 8,7 kiloqramdan 9,1 kiloqrama, quş əti və ət məhsulları üzrə isə illik adambaşına istehlak 15 kiloqramdan 18,1 kiloqramadək artıb.

Ölkənin heyvandarlıq məhsulları ilə özünütəminetmə səviyyəsi bütün növ ət və ət məhsulları üzrə 2019- 2024-cü illər ərzində 0,9 faiz bəndi artaraq 83,4 faiz təşkil edib. 2024-cü ilin sonuna mal əti və ət məhsulları üzrə özünütəminetmə səviyyəsi 88,5 faiz, qoyun və keçi əti və ət məhsulları üzrə 96,5 faiz, quş əti və ət məhsulları üzrə isə 76,6 faiz təşkil edib.

Qeyd edək ki, hazırda bəzi marketlərdə sümüklü dana ətinin 1 kiloqramının qiyməti 17 manata satılır, “Neptun”da isə, hətta 17.90 manatadək qaldırılıb. Quzu əti 20, 21 manat aralığında, quzu antrikot isə  “Neptun”da 23.30 manata satılır.

Məlum olduğu kimi, ətin qiyməti hər il bayramqabağı  bahalaşır və bir daha enmir. Qırmızı ət almağa gücü çatmayan əhalinin böyük bir qismi də daha çox bir qədər qiyməti ucuz olan broyler toyuqlarına üstünlük verirlər. Yuxarıda qeyd edildiyi kimi, ən çox istehlak edilən də – adambaşına 18,1 kiloqramadək artan  – quş əti və quş əti məhsulları üzrədir. Və qəribəsi budur ki, statistik məlumata əsasən, 2024-cü ilin sonuna mal əti və ət məhsulları üzrə özünütəminetmə səviyyəsində 88,5 faiz, qoyun və keçi əti və ət məhsulları üzrə 96,5 faiz yüksəliş baş verib, amma nədənsə ət bazarındakı qiymətlər ucuzlaşmaq əvəzinə, əksinə,  bahalaşır…

Y.Məmmədli

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!