15 Sentyabr 2025 / 10:29

AYNA Bakını parklama, velosiped və skuter şəhəri etmək istəyir…

Bakı şəhərində “Avropa Mobillik Həftəsi” çərçivəsində sentybarın 16-22-də davamlı hərəkətliliyə yönələn tədbirlər və “Avtomobilsiz Gün” keçiriləcək. Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, tədbirlər çərçivəsində mikromobillik və piyada zolaqlarının təhlükəsizliyi yoxlanılacaq, yeniyetmə və tələbələrə təhlükəsiz skuter sürmə təlimi keçiriləcək, veloyürüş təşkil olunacaq. Bundan başqa, orta və ali təhsil müəssisələrində interaktiv maarifləndirmə sessiyaları keçiriləcək. Uşaqlar üçün avtobusla şəhər turu təşkil olunacaq. Məqsəd yol hərəkəti və yol nişanlarının izah olunmasıdır. Sentyabrın 21-də isə Məhəmməd Naxçıvani küçəsində “Avtomobilsiz gün” təşkil olunacaq. Mikromobillik zonasında operatorlar tərəfindən müxtəlif növ velosiped və skuterlər nümayiş etdiriləcək, əhali üçün test sürüşləri və təlimlər keçiriləcək. Yaradıcılıq zonasında “Nəqliyyat və ətraf mühit” mövzusunda keçirilən rəsm müsabiqəsi qaliblərinin işləri sərgilənəcək. Asfalt üzərində uşaqların rəsm çəkmək bacarıqları yoxlanılacaq. Hər kəs bu tədbirlərə dəvətlidir.

***

Bakıda ilin 6-7 ayı külək və yağış, hərdən də qar hakimdir… Əsl velosiped və skuter üçün əlverişli havalı şəhər! Dünən yağış yağanda Bakıda bütün küçələrdə üzərinə AYNA yazılmış on minlərlə skuter və velosipedçi var idi. Onların hamısının başı üzərində xüsusi çətir də var idi… Hazırda küləkdən və toz-torpaqdan qorunmaq üçün xüsusi geyimlər də Amerikadan sifariş verilib… Yaponlar isə velosipedi və skuteri külək və yağışdan qorumaq üçün Bakıda süni günəş yaradan təyyarələri göndərəcək… Ümumiyyətlə, Bakı velosiped və parkovkalar üçün bağlı şəhər elan edilsə, əla olar…

“Təzadlar”

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!