18 Sentyabr 2025 / 11:49

Üzeyir bəy erməni bəstəkar Aram Xaçaturyanı necə susdurub?

Üzeyir Hacıbəylinin erməni bəstəkarı Aram Xaçaturyanı Azərbaycandan didərgin salması barədə maraqlı xatirələr var…
Tezadlar.az qeyd edir ki, Üzeyir bəyin assistenti Zaxar Yakovleviç Stelnikin xatirələrində yazır: “Bir gün Mərkəzi Komitədən tapşırıq gəlir ki, Aram Xaçaturyanın əsəri dinlənilsin və bədii şura onu qəbul edib təsdiqləsin. Professor-müəllim heyəti yığışıb Xaçaturyanın simfoniyasını dinləyir. Sonra adəti üzrə Üzeyir bəyin otağında müzakirələr başlayır. Hamı toplaşır. Xaçaturyanı baş tərəfdə oturdurlar. Üzeyir bəy sözə başlayır: “Belə, yoldaşlar! Əgər Çaykovskinin simfoniyasının ifası zamanı trombon bir çərək pauza qədər geciksə, bunu zalda oturan hər bir dinləyici dərhal hiss edər. Xaçaturyanın bu simfoniyasında isə trombonun nəinki gecikdiyini, ümumiyyətlə, çalğıya başlayıb-başlamadığını tamaşaçı yox, heç müəllif özü də hiss edə bilməz”.
Otağa dərin sükut çökür. Bu sükutu Xaçaturyanın addım səsləri pozur. O, portfelini götürüb heç nə demədən otaqdan çıxır. Bu onun Azərbaycandan son gedişi olur…”
18 sentyabr hər il Milli Musiqi Günü kimi qeyd edilir… Çünki Üzeyir bəyin doğum günüdür. Dünyaya gəlişindən 140, dünyadan gedişindən 77 il keçir. Daha neçə 77 illər, 140 illər keçəcək, amma bu nur-adamın ziyası həmişə parlayacaq…
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!