29 Sentyabr 2025 / 10:26

Xankəndidə sənədli filmin təqdimatı keçirildi

… Zənglər çoxdu. Amma bu zəng başqa bir zəngdi. Zəfərimizin zəngi.

Çiskinli bir payız günündə yolum Xankəndinədir. Qarabağ Universitetində keçirilən növbəti tədbirə tələsirəm. Bu günkü günümüzün adı Zəfər zəngidir… Bundan gözəl nə ola bilər!? Akt zalı dolub-daşır. Hamının üzündən həm sevinc, həm də kədər vardı… Axı otuz il işğal altında qalmış torpaqlarımızı Vətən edən oğulların çoxu geri  qayıtmayıb, şəhid olub… İndi onların ruhu qarşısında baş əyməyə gəlmişik.

Bir neçə dəqiqədən sonra bu şəhidliyə həsr olunmuş sənədli filmin təqdimatına başlanıldı.

Təqdimatdan öncə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anıldı. Himnimiz səsləndi.

Sonra Xankəndi şəhərində Ağdərə və Xocalı  Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşları tərəfindən hazırlanmış film nümayiş olundu.

Film başa çatdıqdan sonra filmə çəkilmiş canlı və real qəhrəmanlar çıxış üçün səhnəyə dəvət edildi. Xüsusi təyinatlı hərbçi Aslan Səfərov çıxış edərkən kövrəldi. «Elə bilirəm müharibədən heç 5 il ötməyib. Necə şir kimi oğullar yanımdaca şəhid oldular. Yuxularıma da girirlər. Elə günlər olub ki biz, hətta susuz da qalmışıq, amma var gücümüzü toplayaraq döyüşmüşük. Əzmimizi heç vaxt itirməmişik. İlk dəfə Şuşaya bayrağımız  sancılanda sevincimdən ağlamışam…»,-deyərək o kövrək və müqəddəs günlərə bir də qayıtdı, xatirələrini danışdı.

***

44 günlük Vətən müharibəsinin şəhidi Xəqani  Nəsirovun atası Kamran Nəsirov oğlu ilə son görüşünü belə xatırladı: «…Mənim ad günümdə gəlmişdi. Elə tələsik gəldiyi kimi tez də getdi. Balamla doyunca danışa da bilmədim. Şəhidlik xəbəri gəldi… Təki Vətən sağ olsun! Bu filmi ərsəyə gətirən Afət Telmanqızına, Anar Şuşalı və Şamxal Adıgxzəlova sonsuz təşəkürlər! Filim şəhidlərimizə vəfa borcumuzdur…».

Allah şəhidlərimizə rəhmət etsin.

Saat 12-də Xankəndidə Xocalı və Ağdərə rayonlarında sükut dəqiqəsi keçirildi. Xocalı rayonunun Ballıca kəndində ağacəkmə kampaniyası keçirildi. Şam, küknar, iydə, badam, bir də palıd ağacları əkildi… Palıd kimi dizibərk igidlərimizə-şəhidlərimizə ərmağan edildi…

Səriyyə MÜSLÜMQIZI,

Xankəndi

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!