30 Sentyabr 2025 / 10:00

“Xarici qüvvələr 4 oktyabrda inqilabı təşviq edir, amma alınmayacaq”

Ölkədə inqilab nə dərəcədə mümkündür? Gürcüstanın Baş naziri İrakli Kobaxidze 4 oktyabrda planlaşdırılan aksiyaya münasibət bildirib və ictimaiyyəti qanun pozuntularından çəkinməyə çağırıb. Onun sözlərinə görə, Paata Burçuladzenin elan etdiyi inqilab cəhdi nəticə verməyəcək və istənilən qanun pozuntusuna qarşı sərt tədbirlər görüləcək. Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, Baş nazir jurnalistlərə açıqlamasında qeyd edib ki, hökumət prosesləri diqqətlə izləyir və zorakılığa yol verən hər kəs qanunun tam ciddiliyi ilə cəzalandırılacaq. “Əgər kimsə zorakılığa əl atarsa, artıq görmüsünüz ki, polisə və dövlət institutlarına qarşı zor tətbiq edənlər 2 ildən 5 ilə qədər həbs olunublar. Eyni yanaşma bundan sonra da tətbiq olunacaq. Hər kəsi ehtiyatlı və məsuliyyətli olmağa çağırıram,” – deyə Kobaxidze deyib.

Kobaxidze onu da bəyan edib ki, heç kimə Gürcüstanda inqilab həyata keçirmək imkanı verilməyəcək. Onun sözlərinə görə, xarici xüsusi xidmət orqanları ölkədə inqilabi prosesləri təşviq etməyə çalışır, lakin bu cəhdlər əvvəlki illərdə olduğu kimi bu dəfə də uğursuzluğa düçar olacaq. Sitat: “Son 13 ildə inqilab cəhdləri nəticə verməyib. Bu il də, gələcək illərdə də bu cür planlar uğursuz olacaq. Gürcüstanda heç kimə uğurlu inqilabi plan həyata keçirməyə icazə verilməyəcək”.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!