Beynəlxalq Müəllimlər Gününün bu gün elan olunması tarixi baxımından və baş verən hadisələr baxımından maraqlıdır.
1901 –ci ilin 5 -7 oktyabr günü Bakıda müsəlman qızlar üçün ilk təhsil ocağı – Qızlar Məktəbi açılıb. Bu məktəb böyük mesenat, Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev tərəfidən inşa edilib.
Bu, Cənubi Qafqazda və ümumiyyətlə bütün müsəlman şərqində müsəlman xanımlar üçün ilk ali təhsil müəssisəsi idi. Məktəbin direktoru Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikova-Zərdabi idi. Bunun məntiqi davamı kimi 1918-ci ildə Şərqdə ilk dəfə zərif cinsin nümayəndələrinə seçmək və seçilmək hüququ məhz müstəqil Azərbaycanda verildi.
H.Z.Tağızade açılışda 150 min verib, o biri pullulara deyib ki, “məndən az verə bilməzsiniz”. Nağı Keykurun ‘Azerbaycan iatiklal mücadelesi hatıraları ‘ kitabında qız məktəbinin açılışı ilə bağlı xatirələrində yazır ki, Hacı açılışda sevincindən qəhərlənərək ağlayıb və bir neçə dəqiqə danışa bilməyib. Nəhayət sakitləşəndən sonra deyir: Torqovıdakı pasajımın gelirimin hamısı universitetindir”.
O vaxt indi mövcud olmayan Aleksandr Nevski kilsəsinin keşişi A.Yunitski üzünü Tağıyevə tutub deyir: “Hacı, Siz həyatda çox xeyirxah işlər görmüsünüz. Siz çoxdan bu xeyirxah əməllərdən gözəl çələng toxumusunuz. Amma sizin Bakıda yaratdığınız rus-müsəlman məktəbi bu çələngdə qiymətli brilyant kimi xüsusi parlayacaq. Harda qızılgül varsa, orda tikan da olur. Ola bilsin, sizin bu müqəddəs əməli pisləyənlər də tapılar. Möhkəm olun – həqiqət sizin tərəfinizdədir”.
Keşiş haqlı idi. Qız məktəbinin əleyhdarları da çox idi. Hacı Zeynalabdin Tağıyev onun qızların təhsil alması fikrinə qarşı çıxan mollalara elə orada belə cavab verir: “Mən, qızları ismətsiz etmək istəmirəm, naməhrəmlə üzü açıq olmağa çağırmıram. Srağa gecə, iyirmi yaşlı ortancıl qızın sancılanmışdı, az qalmışdı ölsün. Lopabığ Ambarsum həkimi gətizdirdin qızı yoxladı, dava-dərman elədi, qızı ölümdən qurtardı. İndi də görüm, lopabığ Ambarsumun əvəzinə müsəlman arvad həkimi olsaydı, şəriətə hansı daha düzgün gələrdi? Arvad həkimlərinə, müəllimlərinə ehtiyacımız çoxdur”.
Keşişdən sonra quberniya qazısı Axund Hacı Cavad Molla ağa Əlizadə çıxış edir. Görünür, qızlar məktəbinin əleyhdarlarını sakitləşdirmək üçün qazı deyir: “Ümid edirəm ki, bu məktəbin nizamnaməsində yazıldığı kimi, müsəlman şəriətinin bütün tələblərinə əməl olunacaq”.
Məktəbin direktoru Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikova-Zərdabi olur. Müdir müavini və müəllimi vəzifəsinə Litva tatarı Məryəm xanım Sulkeviç təklif olunur. Məryəm xanım sonralar Azərbaycan Cümhuriyyəti ordusunun baş qərargah rəisi olacaq Süleyman bəy Sulkeviçin həyat yoldaşı idi.
Şəriət və tatar dili müəllimi vəzifəsinə Axaltsıx şəhər sakini Əsmət xanım Məmmədəmin Əfəndi qızının namizədliyi irəli sürülür.
İkinci şəriət və tatar-Azərbaycan dili müəllimi vəzifəsini tutmaq üçün isə Quba şəhər sakini Səkinə xanım Hacı Mir Heybət bəy qızının ərizəsi qəbul olunur…Bu xanım sonralar Səkinə xanım Axundzadə imzası ilə dram əsərləri də yazacaqdı…
Tağıyevin qız məktəbinə dəvət olunanların heç biri təsadüfi adamlar deyildi…
Baxmayaraq ki, Bakıda hələ 1901-ci il idi.
Baba Allahnəzərov,
Tədqiqatçı