17 Oktyabr 2025 / 14:37

İqtisadiyyatımızı və kiçik sahibkarlığı məhv edənlər… -SENSASİON FAKTLAR

E.Azayeva: “Necə ola bilər ki, dövlətə heç bir faydası dəyməyən, bircə iş yeri açmayan hansısa sürücünün yol hərəkəti qaydalarını pozmasına görə cərimələri 50-100 manatdan, amma bu ölkənin büdcəsinə vergi verən, iş yeri açan mikro və kiçik sahibkarların vergi sanksiyaları isə 1000-2000 manatdan başlayır?”

 Bakı şəhər sakini, mikro-sahibkar xanım E.Azayeva «Təzadlar»a ürək yanğısı ilə sensasion müraciət göndərib. Sahibkar xanımın bu müraciəti (dərc olunması ilə bərabər) Azərbaycanın Baş Naziri cənab Əli Əsədova, surəti DTX rəisi cənab Əli Nağıyevə, maliyyə naziri Sahil Babayevə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlıya, eləcə də iqtisadçılara və “Təzadlar” qəzeti redaksiyasına ünvanlanıb.

Yazıdan və aparılan iqtisadi təhlillərdən görünür ki, E.Azayeva yetərincə iqtisadi biliyə və təcrübəyə malikdir. Çünki yazısında Azərbaycanın iqtisadi qanunlarını beynəlxalq iqtisadi qanunlarla müqayisəli şəkildə, çox böyük bacarıq və peşəkarlıqla təqdim edə bilib. Müraciət-məktubdan o da görünür ki, ölkə iqtisadiyyatında və iqtisadi qanunlarda çox ciddi problemlər var. Belə ki, Prezident cənab İlham Əliyev ölkə iqtisadiyyatının inkişafı üçün var qüvvəsi ilə çalışır, bu yöndə qanunlar, fərmanlar, sərəncamlar imzalanır. Cavabdeh şəxslərə lazımı göstətişlər verilir. Amma E.Azayevanın ürək yanğısı ilə və konkret faktlarla dolu məktubunu oxuyandan sonra, belə məlum olur ki, prezidentin güvəndiyi həmin o cavabdeh məmurların öz qanunları, fərmanları və sərəncamları varmış! Bunun da nəticəsində ölkədə sahibkarlar boğulur, iş yerləri bağlanır, əksər insanların yaşayış səviyyəsi aşağı enir və işsizlər ordusunun sayı durmadan artır. Bu isə insanlar arasında dövlətə qarşı narazılıqların çoxalmasına səbəb olur. Deməli, bu narazılıqların artmasında maraqlı olan qüvvələr var (İki gün əvvəl barəsində ev dustaqlığı həbs qətimkan tədbirinin seçildiyi Ramiz Mehdiyevə qarşı qaldırılmış cinayət işi yada düşür). Bu məktubu, inanın ki, sivil bir iqtisadi qanun da adlandırmaq olar. Bu məktuba dövlət quqrumları ilə bərabər. iqtisadçılardan da münasibət gözləyirik və onların fikirlərini də dərc etməyə hazırıq.

İndi isə, əziz oxucular. E.Azayevanın məktubunu kiçik ixtisarla təqdim edirəm. Əvvəlcə E.Azayevanın yazısının girişində Prezident cənab İlham Əliyevin sahibkarlar haqqında söylədiyi bir fikri ilə tanış olaq, sonra müraciəti oxumağa davam edək:

Prezident cənab İ.Əliyevin 23.10.2019 tarixli çıxışından sitat: (https://fed.az/az/dovlet/ozu-ucun-bir-balaca-is-quranlarin-qanini-sovururlar-65981

“Biz çox yaxşı bilirik ki, inkişaf etmiş ölkələrdə ümumi daxili məhsulda əsas rolu kiçik və orta sahibkarlar oynayır. Bizdə isə, hələki belə deyil. Biz də çalışmalıyıq elə bir şərait yaradaq ki,  biznesə meyli, həvəsi olan hər bir insan bizneslə məşğul ola bilsin, məmur təzyiqindən, müdaxiləsindən azad olsun. Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin. Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər, xüsusilə bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar.” 

 «Hörmətli cənablar!

Hörmətli «Təzadlar» qəzetinin redaksiyası!

Kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmağıma baxmayaraq, həm Azərbaycanın, həm də beynəlxalq iqtisadi qanunvericilik prinsiplərini  yaxşı bilirəm. Təhsilim də iqtisadi yönümdədir. İqtisadi mövzuda xeyli araşdırmalarım var. Ona görə də ölkəmizdəki iqtisadi vəziyyəti xarici dövlətlərlə müqayisəli şəkildə təqdim etməyimə təəəccüblənməyin. Mən öz timsalımda kiçik və orta sahibkarlığın bəzi məmurlar tərəfindən ölkədə necə məhv edilməsini, bunun nəticəsində iqtisadiyyatımızın çökdürülməsinin mexanizmlərini Sizlərə çatdırmaq istəyirəm.

Respublikamızın iqtisadi potensialının sıradan çıxarılmasının, iş yerlərinin bağlanmasının, sahibkarların biznesinin çökdürülməsinin və s. basilica günahkarı isə İqtisadliyat Nazirliyinin(nazir Mikayıl Cabbarovun) tabeliyində olan Vergilər Nazirliyidir. Mən qəsdən “İqtisadiyyat Nazirliyi” yox, “Vergilər Nazirliyi” terminlərindən istifadə edirəm. Çünki 6 il əvvəl Azərbaycanda iqtisadi inkişafa cavabdeh olan qurum ləğv edilərək, Vergilər Nazirliyinin keçmiş komandasının tabeliyinə verildi. İqtisadiyyat və Vergilər nazirlikləri tam şəkildə bir-birinə əks maraqları olan qurumlar idi: biri sahibkarların, digəri isə dövlətin maraqlarını tam şəkildə özünə prioritet hesab edən bir qurumlar kimi fəaliyyət göstərirdilər. Optimal vəziyyət onların bir-biri ilə dartışmasından ortaya çıxırdı.

Bu gün Vergilər Nazirliyi (indi Xidmət) bütün komandası ilə bir yerdə İqtisadiyyat Nazirliyinin tabeliyinə veriləndən sonra sahibkarların hüquqlarını, maraqlarını müdafiə edən, onların şikayət edə biləcəyi heç bir qurum mövcud deyil. İqtisadiyyat Nazirliyi bütün vasitələrlərlə, ancaq büdcəyə daha çox vergini necə cəlb etmək barədə o qədər düşünür ki, bəzən bu məsələdə dayanacağı sərhəddi belə unudur və əndazəni aşaraq, aqressivləşir, sahibkarların maraqlarını tapdaladığını görə bilmir. Yəni, sahibkarlara vəkil vəzifəsini icra edən İqtisadi İnkişaf Nazirliyi ləğv edildi, onlara qarşı prokuror qismində çıxış edən Vergilər Nazirliyinin adı olmasa da, özü faktiki olaraq saxlanıldı.

Mən “vergi sanksiyalarına” yox, məhz “vergi terroruna məruz qalmışam” terminini ona görə işlədirəm ki, kiçik köşkə, adi bərbərxana kimi kiçik obyektlərə cərimə 100 manat, 200 manat, uzaq başı, 300 manat olar. Azərbaycanın Dövlət Vergi Xidmətinin leksikonunda 1000 manatdan aşağı cərimə növü mövcud deyil. Necə ola bilər ki, dövlətə heç bir faydası dəyməyən, heç kimə iş yeri açmayan hansısa bir sürücünün yol hərəkəti qaydalarını pozmasına görə cərimələr 50-100 manatdan, amma bu ölkəyə fayda verən, vergi verən, iş yeri açan mikro və kiçik sahibkarların vergi sanksiyaları isə 1000-2000 manatdan başlayır? Özü də nəyə görə? Niyə müştərinin ödənişi kartdan karta atmağına görə 1000 manat cərimə edilir? Halbuki nağd ödənişlə, kartdan-karta ödəniş etməyin arasında hansı fərqin olmasını hələ heç kim izah edə bilmir. Digər cərimələrə də fikir verək: Niyə vergi hesabatı vaxtında verilməyib deyə 1000 manat cərimə; Niyə kassa aparatı 1 gün işləməmiş qalıb deyə 1000 manat cərimə tədbiq edilir? Halbuki ABŞ kimi dövlətdə kassa aparatı, ancaq böyük müəssisələr üçündür, bizdəki kimi bərbərxana, dərzixana, yol kənarındakı ayaqyolu və s. kimi yerlər kassa aparatı ilə fəaliyyət göstərmir. Azərbaycanda isə istisnasız olaraq istənilən sahibkar obyektinə öz hesabına (dövlət tərəfdən bu xərc qarşılanmır, amortizasiya edilmir) kassa aparatı alıb quraşdırmalı və onun servis xidmətinə görə müvafiq özəl qurumlara aylıq haqq ödəməli və mühasib ştatı açıb vergi uçotunu hesablatmalıdır. Axı niyə?

Təsəvvür edin ki, “Vosmoy bazarı” kimi tanınan yerin qarşısında bazara gələnlərə xidmət göstərmək üçün pullu ayaqyolu fəaliyyət göstərirdi: giriş 30 qəpik idi. 30 qəpik qazancı olan o ayaqyolunu 30 qəpiyi kassa aparatına vurmadığına görə, həmin bu Vergi “terrorçuları” şəxsi 1000 manat cərimə etdilər. Bundan sonra sahibkar oranı işlədə bilməyib bağladı və hər gün ora gələn minlərlə adam ayaqyolusuz qaldı.

“Qaynana bicdir kündəni sayır, gəlin bicdir, kündədən kəsir”

Sizdən xahiş edirəm, araşdırın görün, cənab Prezident 2019-cu ildə yeni iqtisadiyyat naziri təyin edəndə, ona tapşırdığı öhdəliklərdən hansı yerinə yetirilib? Cənab Prezident deyirdi: “…Məmurlar iş adamlarının qanını bir zəli kimi sorurlar, bunun qarşısını almaq lazımdır”. Nə dəyişdi ondan bəri? Bu qədər müddətə buna qarşı hansı tədbir görülüb? Qarşısı alınıbmı? Əksinə, bu yükün üzərinə bunlardan da qat-qat artıq yeni yüklər əlavə olundu, özü də bu dəfə rəsmi olaraq:

1.Məsələn 5 il əvvələ kimi mikro və kiçik sahibkarlar Kassa aparatı (POS-terminal) olmadan işlədiyi halda, yaxın 4-5 ildən başlayaraq ölkədə hər bir sahibkar, o cümlədən tumsatana, dönərsatana, bərbərxanaya qədər hamı öz hesabına kassa aparatı alıb quraşdırmağa məcbur edildi. Kassa aparatının minimal dəyəri 500 AZN, rəsmiləşdirmə xərclərinin də 500 manat civarında olduğunu nəzərə alsaq, bu, o deməkdir ki, Azərbaycanda biznesə başlayan hər bir adam heç işə başlamadan, əlində olan mayanın 1000 manatını bəri başdan büdcəyə ödəməlidir ki, iş icazəsi alsın.

2.Yaxın 5-6 ildə Vergi və Sosial ödəmələr bir-birindən ayrıldı. Bundan sonra ölkə rəhbərliynə əsassız məlumatlar (yalan demirəm) təqdim etməklə, gözdən pərdə asmaq məqsədilə kiçik sahibkarlar üçün nəzərdə tutulan vergilər 2 dəfə azaldılsa da (8%-dən 4 %-ə endirildi), əvəzində sosial ödəmələr gəlir vergisindən ayrıldı və 10 dəfələrlə artırıldı. Buna deyərlər “Qaynana bicdir kündəni sayır, gəlin bicdir, kündədən kəsir”.

Deməli, vaxtilə sosial ödəmələr 6% idisə, bu gün həmin rəqəm 37 faizdir ((22%+10%)+(0.5%+0.5%) + (2%+2%)) və özü də neçə işçisi varsa, sahibkar hər birinə görə bu qədər də əlavə sosial ödəmələr etməlidir. Məsələn, 400 manat maaş üçün bu rəqəm həmin maaşın təxminin 1/3 faizi qədərdir, yəni təxminən 130 manat. Və qanunvericiliyə görə, sahibkar işçiyə minimum əmək haqqı olduğundan 400 manatdan aşağı maaş təyin edə bilməz və deməli, bu maaşla da hər işçiyə görə dövlətə 132 manat [(80 man.+30 man.)+(2 man.+2 man.)+(9 man.+9 man.)] sosial vergi ödəməlidir. Daha dəqiqi, 5-6 işçisisi olan kiçik sahibkar elə ilk aydan qazanc əldə etmədən, mayadan-cibindən büdcəyə hər ay təqribən 1000 manata yaxın sosial vergi ödəməlidir. Bu körpə quzudan bala, toxumdan meyvə tələb etmək deməkdir!

3.Əlavə olaraq, kassa-aparatına xidmət göstərən şirkətə hər ay ən azı 20-50 AZN xidmət rüsumu ödənməlidir;

4.Vergi inzibatçılığının bu dərəcədə qəlizləşməsi hesabına hər bir sahibkar mühasib tutmağa məcburdur ki, ona da, hətta yarımştat ilə də olsa, rüblük 260 (vergi ilə birgə) manat, illik 1000 manat maaş ödənməlidir.

 

Lakin bu da, hələ hamısı deyil:

5.Son 4-5 ildə «Reklam haqqında» Qanun qəbul edildi və kiçik sahibkar başqa yerdə yox, məhz ona məxsus obyektinin üstündəcə (pəncərəsində, qapısında) öz fəaliyyətini əks etdirən 3×3 kv.m. həcmdə şəkil və ya yazı verdiyinə görə, dövlətə bir ayda 100 manat (ildə 1000 manatdan çox) pul ödəməlidir. Niyə? Bu, nə özbaşınalıqdır? Mən isə nəyinsə reklamını etmirəm, öz obyektimin üstündə fəaliyyətimi əks etdirən ünvanlı yazı asıram. Niyə bunun üçün dövlətə hər ay 100 manat ödəməliyəm? Burada hansı məntiq var? Axı vergi və ya digər rəsmi orqan niyə dövlətin adından  vətəndaşın əlindəkiləri almaqdan başqa yol tanımır?! Rəsmi qurumlar sahibkara kömək etməlidir axı! Məsələn, mənim bu saat məntiqsiz reklam ödənişinə görə, Dövlət Reklam Agentliyinə 200 manat borcum var və indiyədək nə qədərini də ödəmişəm. Bəla ondadır ki, ödədikcə də bitmir, əksinə, üstünə gəlir. Araşdırın görün Dövlət Reklam Agentliyi mənə hansı xidməti göstərib ki, bu qədər müddətə onlara 1000 manatdan artıq ödəniş etməyə məcbur edilmişəm və bu gün də 200 manat borcum yaranıb? Niyə? Bir də təkrar edirəm: bu pul hardasa, başqa yerdə reklam lövhəsi yapışdırdığıma görə yox, öz obyektimin pəncərəsində xidmətlərin siyahısını yazdığım üçün hesablanan rəsm-məcburu gdəmədir! Bu qayda 1 kv.m. üçün ayda 10 manat (ilə 120 manat) olmaqla bütün obyektlərə tədbiq edilir.

6.Ötən il Vergi Məcəlləsinə edilən dəyişikliyə görə, sahibkar icarəyə götürdüyü obyektin bir küncünü kiməsə (məsələn, telefon mağazasına,  telefon təmir edən ustaya) subarendaya verərsə, buna görə, dövlətə əlavə vergi ödəməlidir (yeri subarendaya götürənin özü də ayrıca vergi ödəməlidir). Deməli, eyni yerə iki nəfərdən vergi tələb edilir. Bu, özbaşınalıq və sahibkarı boğmaq deyilsə, bəs nədir? Kim zəmanət verə bilər ki, subarendatorun ödədiyi vergi pulu dövlətin büdcəsinə gedir? Axı, həmin yerə görə obyekt sahibi özü onsuz da pul ödəyir. Subarendatorun ödədiyi vergi pulunu isə, rahatca və tam qanunu əsasla mənimsəmək olur…

Beləliklə, sanki hansısa məmurlar fürsətdən sui-istifadə edərək Azərbaycanda sahibkarlığın inkişafına əngəl olmaqdan çəkinmirlər və deməli, Dövlət büdcəmizə bu sahədən daha çox vergi daxilolmalarında maraqlı deyillər. Bunun adı sabotaj deyilmi?!

(Davamı var)

Hazırladı və təqdim etdi:

Elçin MƏMMƏDLİ

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!