29 Oktyabr 2025 / 14:47

Gənc tarixçi alimə qarşı məhkəmə davası başlad

 Dünən Yasamal rayon Məhkəməsində AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitunun burada çalışan və “Əliyevşünaslıq” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Günel Aslanlıya qarşı qaldırdığı iddia üzrə məhkəmənin hazırlıq iclası keçirildi. Qarşı tərəfin iddia tələbi “Şərəf, ləyaqət və işgüzar nüfuzun alçaldılması”ndan ibarətdir.

Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi ilə keçirilən iclasda iddia tələbinin mahiyyəti ilə cavabdeh və egkgadgkşt vəkilləri məlumatlandırıldı, iş üzrə maddi sübutların təqdim edilməsinin vacibliyi vurğulandı.

Xatırladırıq ki, iddiaya səbəb Günel Aslanlının elmi işi ilə bağlı yaranmış problemlərə rəcmən onun publika.az saytında yayımlanmış açıqlamasıdır.

Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdehin vəkili məhkəməyə bir sıra mühüm maddi sübutların bəzilərini təqdim etdikdən sonra iş üzrə cavabdeh Günel Aslanlı iddia tələbi ilə qətiyyən razı olmadığını bildirərək bəzi məsələlərə özü aydınlıq gətirdi. Sitat: «Məhkəmənin diqqətinə çatdırıram ki, mənə qarşı qaldırılmış iddia tələbi tamamilə əsassız və absurddur. Bu iddia, əslində, sıravi bir elmi işçi olan mən Günel Aslanlının həm elmi, həm də işgüzar nüfuzuna məqsədli şəkildə zərbə vurmaq cəhdinin daha bir davamıdır. Bildirirəm ki, institut tərəfindən guya mənim elmi işimin plagiat yoxlanışından keçdiyini və nəticələrin sonradan təhrif olunmasını təsdiq edən saxta sənəd tərəfimdən təqdim olunmuş, həmin sənədin StrikePlagiarism platforması ilə bağlı olduğu iddia edilmişdir və s. Lakin sonradan tərəfimdən aidiyyəti üzrə verilmiş rəsmi sorğular nəticəsində məlum olmuşdur ki, nə Tarix və Etnologiya İnstitutu bu platformaya hər hansı rəsmi müraciət edib, nə də institut ilə bu şirkət arasında hüquqi qüvvəyə malik hansısa müqavilə mövcuddur. Bəs kimdir bu ara qarışdıran, süni münaqişə yaradan, məni qalmaqala çəkən???».

G.Aslanlı onu da məhkəmənin diqqətinə çatdırdı ki, bu məsələ ilə bağlı dəfələrlə mediada açıqlamalar verərək, bu saxta sənədin təqdim olunması faktını, onun arxasında duran manipulyativ məqsədləri və elmi mühitdəki neqativ tendensiyaları ictimaiyyətə çatdırmışdır, hətta prokurorluğa müraciət etmişdir. Sitat: «Mən bu açıqlamalarımda bir daha bildirmişəm ki, institutda bu intriqalı məsələyə baş qoşanların bu addımları elmi reputasiyaya xələl gətirən, şəffaflıq və obyektivlik prinsiplərini pozan bir nümunədir, bunun qarşısı alınmalıdır. Bu baxımdan hazırkı məhkəmə işi təkcə fərdi narazılığın deyil, elmi mühitdə etik davranış, şəffaflıq və obyektivlik prinsiplərinin ciddi şəkildə pozulmasının göstəricisidir. Mənim mövqeyim isə sadədir: mən təkcə öz təmiz alim adımın bərpası uğrunda deyil, həm də elmi mühitin mənəvi sağlamlığı naminə mübarizə aparıram. Ona görədə bu iddianı əsassız sayır və rədd olunmasını məhkəmədən xahiş edirəm. Təbii ki, növbəti məhkəmə prosesinədək elektron məhkəmə portalı vasitəsilə təqdim ediləcək sübutlar hər şeyə aydınlıq gətirəcək».

Məhkəmənin hazırlıq iclasında institutun vəkili Muradlı Mehman Telman oğlunun davranışı da diqqət çəkdi. Onun məhkəmə zalında digər qarşı vəkilə yaraşmayan tərzdə, etik normaları pozan ifadələr səsləndirməsi, cavabdehin vəkilinə qarşı sayğısızlıq nümayiş etdirməsi və s. məhkəmə zalındakı kameralar tərəfindən də qeydə alınırdı.  Amma təəssüflər olsun, vəkilin bu hərəkətlərinə hakimin susması qarşı tərəfdə ciddi narazılıq doğurdu.

Bu arada cavabdehin vəkili məhkəmənin növbəti baxış iclasında təqdim edəcəyi mötəbər sübutlardan danışaraq Günel Aslanlıya 2023-cü ildə təqdim edilən bir sənədin necə saxtalaşdırdığını diqqətə çatdırdı. Lakin vəkil indiki halda məhkəmənin hazırlıq iclası olduğundan bu və ya digər mühüm sübutları baxış iclasında təqdim edəcəyini bildirdi. Bu da diqqətdən yayınmadı ki, cavabdeh özü elmi əsərlərinin guya plagiat yoxlanışından keçdiyi iddia olunan sənədə istinad edərək instituta rəsmi qaydada sorğu da ünvanlayıb, məsələyə aydınlıq da gətirilib. İnstitutdan verilən rəsmi cavabda qeyd olunur ki, qurumun StrikePlagiarism platforması ilə heç bir müqaviləsi yoxdur və onlara Tarix və Etnologiya İnstitutundan plagiat yoxlanışı üçün rəsmi müraciət daxil olmayıb.

Məhkəmənin növbəti iclası noyabrın 7-nə təyin edildi.

Xatırladırıq ki, bütün məhkəmə prosesi kameralar vasitəsilə də qeydə alınırdı.

Elçin Məmmədli

P.S.Yeri gəlmişkən, deyəsən, hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızı Tarix və Etnologiya İnstitutundan daxil olan şikayətlərə (iddialara) baxmağa təhkimdir. Yasamal rayon Məhkəməsi  sədrinin diqqətinə çatdırırıq ki, bir müddət əvvəl «Təzadlar» qəzetinin saytında indi cavabdeh olan G.Aslanlının müsahibəsi dərc olunmuşdu, institutun Şəhla Məmmədli adlı işçisi qəzeti məhkəməyə verdi, həmin şikayətə də bu hakimin Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi ilə baxıldı. Xanım hakim heç bir sübutu və media qanunvericiliyinin tələblərini nəzərə almadan qəzeti 500 manat cərimələdi, hansı ki, həmin müsahibənin bu qadına, yəni Şəhlaya heç bir aidiyyəti yox idi, adi bir müsahibə idi. Hakim barədə daha ətraflı yazı təqdim ediləcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!