Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan iqtisadiyyatının durumuna nəzər yetirsək, görərik ki, neft məhsullarından başqa heç bir maddi nemətlər bolluğu yaradan istehsalat sahəmiz yox dərəcəsindədir. Hərdən adam fikirləşir ki, istər xalq tələbatı malları, texniki təyinatlı mallar və ümumiyyətlə, istehlak mallarının əksəriyyətin Azərbaycan nəyə görə xaricdən idxal edir? Halbuki, həmin malların istehsal incəliklərini araşdırsaq, görərik ki, bizdə də kifayət qədər xammal və onu istehsal edən mütəxəssislərimiz var.

Bu təkcə sənaye mallarında deyil, kənd təsərrüfatı məhsullarının istehsalında özünü büruzə verir. Misal üçün götürək elə kartof məhsullarını. Mən deyərdim ki, bu məhsulun əksəriyyətini biz xaricdən istehsal edirik. Necə olur ki, bizim mövcud olan torpaqlarımız ilin müxtəlif fəsillərində müxtəlif məhsullar verir, amma kartof yetişdirmək bizim ölkədə böyük bir problemə çevrilib. Mənə elə gəlir ki, bunun başlıca səbəbi hər hansı bir məhsul üzərində manapoliya olmasıdır. Manapoliya elə bir bəladır ki, azad ticarətin inkişafının, sərbəst bazar rəqabətinin aparılmasına daimi əngəl törədir. Ona görə də həmin məhsulların Azərbaycanda istehsalını müxtəlif yollar və vasitələrlə alırlar.
Ümumiyyətlə düşünürəm ki, istər kənd təsərrüfatı, istərsə də sənaye sahələrində bəlli bir istehsal proqramı olmalıdır və bu işə baxan nazirliklərin dövlət və xalq qarşısında öhdəliyi olmalıdır. Götürək elə Kənd Təsərrüfatı Nazirliyini. Onun bu sahədə hansı öhdəliyi və vəzifəsi var? Nə zaman belə bir müşavirə keçirildi ki, xalqın kənd təsərrüfatına olan tələbatını gündəmə gətirsinlər? Bildiyimə görə onların işi büdcədən ayrılmış vəsaiti xərcləməkdən ibarətdir. Bir də görürsən ki, həmin Nazirlik tendir keçirir, tendirin mahiyyəti ondan ibarətdir ki, hansı şirkət xaricdən cins inəklər gətirə bilər. Məlumdur ki, həmin şirkətlər onların yaxın çevrəsinə aid olur və tenderin qalibi elan edilir. Ümumiyyətlə, bu barədə çox yazmaq və söyləmək olar. Amma köklü dəyişiklik olmayanda, heç bir müsbət irəliləyiş olmayacaq.
Azərbaycanda demək olmaz ki, heç bir şey istehsal olunmur. Bu barədə çox da ümidsiz deyilik. Azərbaycanda mövcud fəaliyyət göstərən televiziya şirkətlərinin istənilən bir kanalını açsan görəcəksən ki, müğənnilərdən ibarət kanveyir qurulub. Birdən fikirləşirsən ki, bu qədər müğənni istehsal etmək kimə lazımdır? Düzdür, bunlar arasında Azərbaycan musiqisini təbliğ edən, yaradan, qoruyub saxlayan müğənnilərimiz var. Bu yaxşı haldır. Amma bir mahnıyla məşhurlaşan müğənnilər (müğənni demək mümkünsə) həmin yaradıcı insanları da kölgədə qoyurlar. Mənə elə gəlir ki, artıq bu işlərə nəzarət edən komissiyanın, senzuranın yaradılması vacibdir. Yalnız senzuradan keçmiş müğənnilər efirə buraxılmalı, bayağı musiqidən xalqın canını qurtarmalıdır.
Qiyam Ərşadoğlu