8 İyun 2026 / 08:44

ABŞ Mavrikidən Çaqos arxipelaqını almağı nəzərdən keçirir

ABŞ Prezidenti Donald Trampın administrasiyası Hind okeanında yerləşən Çaqos arxipelaqını Mavrikidən satın almaq imkanını nəzərdən keçirir.

Tezadlar.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti mənbələrə istinadla məlumat yayıb.

Nəşrin yazdığına görə, Vaşinqton bölgədə Çinin təsirinin artmasının qarşısını almaq və Dieqo Qarsiya adasında yerləşən ABŞ-Böyük Britaniya hərbi bazası üzərində nəzarəti qorumaq istəyir.

2025-ci ildə Böyük Britaniya və Mavriki Çaqos arxipelaqı üzərində suverenliyin Mavrikiyə verilməsini nəzərdə tutan saziş imzalayıblar. Sazişə əsasən, Dieqo Qarsiyadakı hərbi baza 99 il müddətində fəaliyyətini davam etdirəcək.

Çaqos 1965-ci ildə Mavrikidən ayrılıb və Böyük Britaniyanın nəzarətində qalıb. 2019-cu ildə Beynəlxalq Ədalət Məhkəməsi arxipelaqın Mavrikiyə qaytarılması ilə bağlı məsləhət xarakterli rəy verərək bu ölkənin mövqeyini dəstəkləyib.

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!