Polo Qasırğası Meksika sahillərində sürətlə güclənərək Sakit Okeanda mövsümün ən güclü fırtınalarından birinə çevrilib.
Tezadlar.az xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasına (NOAA) məxsus Hurricane Hunter təyyarəsi fırtınanın mərkəzi üzərindən uçub və küləyin sürətinin saatda təxminən 285 kilometrə çatdığını qeydə alıb.
NOAA-nın Mayamidə yerləşən Milli Qasırğa Mərkəzi fırtınanı “son dərəcə təhlükəli” kimi təsnif edib və son 24 saatda güclənmənin fövqəladə olduğunu bildirib. Yavaş hərəkət edən qasırğa mövsümün 5-ci Kateqoriyaya çatan üçüncü fırtınası olub, bu da Saffir-Simpson şkalası üzrə ən yüksək səviyyədir.
Meksika sahilləri boyunca güclü yağış və daşqın riski
NOAA xəbərdarlığında fırtınanın Meksikanın cənub-qərb sahillərini əhatə edəcəyi, lakin birbaşa quruya çıxacağı gözlənilmədiyi bildirilib. Qasırğa şimal-qərbə doğru irəlilədikcə, bölgədə güclü yağış, daşqın və torpaq sürüşmələrinə səbəb ola bilər.
Sahil ərazilərində 15-20 santimetr yağıntı gözlənilir, lakin sakinlərə nəhəng dalğalar və təhlükəli dəniz şəraiti barədə xəbərdarlıq edilib.
Meksika prezidenti Klaudiya Şeynbaum fırtınanın birbaşa sahilə çıxmayacağını, lakin Sakit okean sahil əyalətlərinin Xalisko, Kolima və Miçoakan ştatlarının risk altında olduğunu bildirib və ictimaiyyəti tədbir görməyə çağırıb.
Hurricane Hunter təyyarələrindən gələn məlumatlar göstərir ki, fırtınanı qızışdıran son dərəcə isti okean sularının yaratdığı əlverişli şərait səbəbindən Polo daha da güclənə və növbəti bir neçə gün ərzində 5-ci kateqoriyalı fırtına olaraq qala bilər.
Rekord dəniz temperaturu fırtınanı qızışdırır
Okean temperaturunu izləyən alimlər bildiriblər ki, hazırkı El Nino iqlim hadisəsi indiyə qədər qeydə alınan ən güclü səviyyəyə çatıb.
Sakit okeanın mərkəzi-şərqindəki kritik bir bölgədə gündəlik dəniz səthinin temperaturu 19 sentyabrda orta səviyyədən 3,05 dərəcə yuxarı qalxaraq 2015-ci ildə müəyyən edilmiş rekordu keçib.
El Nino ilə bağlı bəzi uzunmüddətli göstəricilər hələ rekord səviyyələrə çatmayıb, lakin bunun dəyişə biləcəyi və pik həddin bu ilin sonuna doğru baş verə biləcəyi bildirilir.
İsti okean suları fırtınaların daha çox enerji toplamasına və külək sürətinin artmasına səbəb olur. Sakit okean boyunca şərqdən qərbə əsən ticarət küləkləri zəiflədikcə isti sular şərqə doğru yayılır. Okeandan atmosferə buraxılan istilik qlobal temperaturu artırır və dünya miqyasında hava şəraitinə təsir göstərir.
ELBAR







