Adına şirkət açdılar, özünü isə 100 min manatlıq çox borca saldılar…

Oxunma sayı: 92

Vəkil Araz Nurməmmədov: “İsmayılov Elçin və İsmayılov Elvin adlı şəxslər öz çirkin niyyətlərini reallaşdırmaq üçün Əliyev Elxan Xubəli oğlundan istifadə etmiş və sonuncunun adına olan VÖEN və Asan imza nömrəsindən istifadə etməklə, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və külli miqdarda vergi borcu yaranmışdır”

…Dələduzluq baş alıb gedir- desək yanılmarıq. Özü də dələduzluğun da növləri var. 1.Işə düzəltmək adı ilə olan dələduzluq; 2.Bir evi bir neçə nəfərə satmaqla olan dələduzluq; 3.Pensiya düzəltmək adı ilə olan dələduzluq; 4.Borc almaq adı ilə olan dələduzluq… Belə dələduzluqların sayını və növünü nə qədər desən uzatmaq olar. Bunların sırasında bir maraqlı dələduzluq da var.

Deməli, birbaşa tanıdığın və ya dolayısı ilə tanıdığın bir nəfər gəlib sənə deyir ki, “Mənim əlimdə yaxşı pul var. On görə də gəl sənin adına bir şirkət açaq. Filan-filan işləri görüb, yaxşı pul qazanaq. Mənim sənədlərimdə problem olduğu üçün öz adəma şirkət aça bilmirəm. Şirkət fəliyyətə başlayan kimi sənə hər ay filan qədər pul verəcəyik”. Bu yolla, yazıq pula ehtiyacı olan insan da inanır və beləcə cındırından cin hürkən bədbəxt kasıb olur şirkət rəhbəri. Bu dələduz da açılan şirkət vastəsi ilə qaz vurub qazan doldurur. Bu qazancdan isə dövlətə bir manat da olsun vergi ödənmir. Necə deyərlər, “can özgənin, mal özgənin”. Kasıb bir də onda ayılır ki, adına on min manatlarla vergi borcu olduğu haqda vergi orqanından bildiriş gəlib. Bu da dələduzluğun çox işlənən növlərindən biridir.

***

Beləliklə, Bakı şəhər sakini Əliyev Elxan Xubəli oğlunun da başına məhz belə bir oyun gəlib və bu barədə redaksiyamıza müraciət edib. Istəyir ki, onun başına gələnləri aidiyyəti qurum rəhbərlərinin diqqətinə çatdıraq və problem həllini tapsın. “Durduğun yerdə işə düşəsən”- bax buna deyiblər. Müraciətdən məlum olur ki, el dilində desək, “çerez-çerez” tanıdığı Elçin və Elvin İsmayılov qardaşları onun adına şrkət açıblar. Bildiriblər ki, xaricdən müxtəlif avadanlıqlar gətirib satacaqlar. Elxan da guya anbarda işləyəcək və ayda 800 manat əmək haqqı alacaq. Bundan əlavə, anbardan mal aparan sürücülər də hər gün ona 10-15 manat hörmət edəcəklər. Beləcə, Elxanı şirnikləndirib adına şirkət açırlar. 20 gündən sonra E.Əliyevin telefonuna Dövlət Vergi Xidmətindən bir milyon 700 manatdan çox vergi borcu olduğu barədə SMS gəlir. Elxan dərhal özünü Nərimanov rayony ərazisindəki Vergi Departamentinə çatdırır. Orada hər şeyi başa salandan sonra deyirlər ki, narahat olma, VÖEN-i bağladıq. Elxan eyni zamanda dələduz qardaşlara da zəng edir ki, bunun nə oyun olduğunu öyrənsin. Amma və lakin, dələduzlara zəng çatmır. E.Əliyev heç olmasa VÖEN-nin bağlanmasından təsəlli tapır ki, daha borc üst-üstə yığılmayacaq. Amma sən saydığını say, gör Vergidə necə sayırlar?

Bəli, VÖEN-nin bağlandığına arxayın olan Elxan, işləmək üçün planlaşdırdığı xarici ölkəyə getmək istəyir. Hava limanında Elxana bildirirlər ki, sənin adında “STOP” var və ölkədən çıxa bilməzsən. Elxanın yenidən araşdırmasından sonra məlum olur ki, VÖEN bağlanmayıb. Dəfələrlə Vergilər Departamentinə, Dövlət Vergi Xidmətinə müraciət edəndən sonra VÖEN bağlanır. Bu müddət ərzində isə E.Əliyevin adında, müxtəlif çıxılmalardan sonra 110 min 566 manat vergi borcu qalır. Buna görə də ölkədən çıxa bilmir.

Nəhayət, bu problemi hüququ yolla aradan qaldırmaq üçün zərərçəkən tanınmış vəkil, Vəkillər Kollegiyasının üzvü Araz Nurməmmədovla müqavilə bağlayır. E.Əliyevin bizimlə söhbətində bildirdiyinə görə, A.Nurməmmədov baş vermiş bu cinayətlə bağlı aidiyyəti dövlət qurumlarına bir neçə dəfə rəsmi vəkil sorğusu göndərib. Lakin bu qurumlar bir ildən şoxdur ki, heç bir tədbir görmürlər. Dələduzların adı, soyadı və atalarının adı, şəxsiyyət vəsiqələri, telefon nömrələri və s. məlum olsa da, guya indiyə qədər onları tapa bilmirlər. Odur ki, E.Əliyev son ümid yeri kimi redaksiyamıza üz tutub. Istəyir ki, onun bu problemini dərc edərək, aidiyyəti dövlət qurumlarının diqqətinə çatdıraq…

***

Biz də bu məsələnin hüququ tərəfinə aydınlıq gətirmək üçün E.Əliyevin hüquqlarını müdafiə edən vəkil Araz Nurməmmədovla əlaqə saxladıq. A.Nurməmmədov məsələ ilə bağlı bunları dedi:

– Bəli, belə bir problem var. Bir ildən çoxdur mübarzə aparıram. Məsələ belədir. Mən problemin həlli üçün Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə, Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Nazim Rəcəbova, Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi cənab Orxan Nəzərliyə baş vermiş cinayət işi barədə rəsmi ərizə ilə məlumat vermişəm. Ərizəmdə bunları göstərmişəm: “Hüquqlarını təmsil etdiyim şəxs Əliyev Elxan Xubəli oğlu 2 il öncə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yaşayan İsmayılov Elçin Ibadət oğlu və qardaşı İsmayılov Elvin İbadət oğlu adlı şəxslərin işə düzəltmək məqsədilə ondan öz adına VÖEN açılmasını xahiş etmişlər. Yalnız VÖEN açıldıqdan sonra işə düzələ biləcəyini bildirmişlər. Bundan sonra yuxarıda adları çəkilən şəxslərlə birlikdə Bakı şəhəri Nərimanov rayonunda yerləşən 7 saylı ASAN Xidmətə yaxınlaşmışlar. Orada VÖEN (7401287272) açılmış və Əliyev Elxan Xubəli oğlunun adına asan imza nömrəsi alınmışdır.

İsmayılov Elçin İbadət oğlu və İsmayılov Elvin İbadət oğlu adlı şəxslər Əliyev Elxan Xubəli oğlunun adına olan VÖEN-i və asan imza nömrəsini sonuncudan almış və işə düzələcəyi günü gözləməyi bildirmişdir. Lakin bir müddət sonra məlum olmuşdur ki, İsmayılov Elçin və İsmayılov Elvin adlı şəxslər öz çirkin niyyətlərini reallaşdırmaq üçün Əliyev Elxan Xubəli oğlundan istifadə etmiş və sonuncunun adına olan VÖEN və Asan imza nömrəsindən istifadə etməklə, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və külli miqdarda vergi borcu yaranmışdır. Hazırda 110566 (yüz on min beş yüz altmış altı) manat vergi borcu vardır. Qeyd edim ki, adları çəkilən şəxslərə etibarnamə verilməmişdir. İşin faktiki hallarından göründüyü kimi, İsmayılov Elçin və İsmayılov Elvin adlı şəxslər Əliyev Elxan Xubəli oğlunun etibarından və savadsızlığından sui-istifadə etmiş, nəticədə onun adına xeyli miqdarda vergi borcu yaranmışdır…

-Araz bəy, bəs qanularımız bu barədə nə deyir?  

-Azərbaycan Respublikası CPM-nin 46.2-ci maddəsinə əsasən cinayət işinin başlanması üçün səbəb kimi törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxs tərəfindən verilən ərizə, hüquqi şəxsin (vəzifəli şəxsin) və ya kütləvi informasiya vasitəsinin məlumatları, yaxud bu məlumatların təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən bilavasitə aşkar edilməsi ola bilər.

Həmin Məcəllənin 207.5-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatların alındığı hər bir halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işi başlamaq (maddə 207.5.1) və ya cinayət işinin başlanmasını rədd etmək haqqında (maddə 207.5.2) qərarlardan birini qəbul etməlidir. Həmin Məcəllənin 212.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti həmin qərarı qəbul etmiş şəxs tərəfindən 24 saat müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, habelə törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat vermiş fiziki, hüquqi və ya vəzifəli şəxsə göndərilir…. Bu məzmunlu müraciətimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, Baş İdarənin rəis müavini – cənab Xaliq İsgəndərova da göndərmişəm. Amma hələ ki, heç bir nəticə yoxdur. Ara yerdə haqsızlıqla üzləşmiş vətəndaş əzab çəkir. Halbuki bu işdə onun heç bir günahı yoxdur. Bütün bu göstərilənləri nəzərə alaraq, həmin qurumlardan faktla bağlı araşdırılma aparılmasını, təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsini və cinayət işinin başlanılmasına köməklik göstərilməsini xahiş etmişəm. Amma hələ də cinayəti törədən şəxslər tapılaraq, məsuuliyyətə cəlb edilməyiblər…

***

Artıq hər şey aydındır. Bəs görəsən, Baş prokurorluqda və Daxili İşlər Nazirliyində göz önündə baş vermiş cinayətlə bağlı niyə tədbir görülmür? Yəni adı, soyadı və atalarının adı məlum olan dələduzları tapmaq elə də bir çətin məsələdir? Bu dələduzlar dövlətə bu qədər ziyan vurublarsa, hüquq-mühafizə orqanları niyə onları bu bir ildə tapmaq istəmir? Nəticədə qanunlarımıza arxalanan vətəndaş, hüquq-mühafizə orqanlarından və dövlətdən narazı qalır. Vəkilin və vətəndaşın müraciətinə belə biganə yanaşmaq olmaz. İnanmaq istərdim ki, bu yazıdan sonra adları yuxarıda qeyd olunan hüquq-mühafizə orqanlarının rəhbərləri məsələni tezliklə həlli üçün lazımı göstəriş verəcəklər. İndiyə qədər məsələnin həllinə biganə yanaşan, həm hüquq-mühafizə orqanlarının, həm də Dövlət Vergi Xidmətinin məsul şəxslərinin cəzalandırılması məqsədə uyğun olardı.

Hazırladı və təqdim etdi:

Elçin MƏMMƏDLİ

Xəbəri paylaş