Əsas məzmuna keç

Azər Süleymanov Mübariz Əhmədoğlunu Gürcüstan azərbaycanlılarından üzr istəməyə çağırdı

Gürcüstan Parlamentinin sabiq deputatı Azər Süleymanov azərbaycanlı politoloq Mübariz Əhmədoğlunun Gürcüstan azərbaycanlıları ilə bağlı səsləndirdiyi fikirlərə sərt etiraz edib və onu Borçalılardan üzr istəməyə çağırıb. Tezadlar.az  xəbər verir ki, Azər Süleymanov bu barədə facebook sosial şəbəkə hesabında paylaşım edib. Sabiq deputat bildirib ki, Gürcüstan Parlamentində dörd çağırış Borçalı azərbaycanlılarını təmsil etmiş şəxs kimi soydaşlarımız adından üzr tələb etməyə haqqı var.

Süleymanov paylaşımında Borçalı azərbaycanlılarının Gürcüstan dövlətinə sadiqliyini, eyni zamanda Azərbaycanla tarixi, milli və mənəvi bağlarını vurğulayıb. O, I və II Qarabağ müharibələrində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmüş Borçalı əsilli şəhid və qaziləri də bu bağlılığın nümunəsi kimi göstərib: “Gürcüstanda yaşayan azərbaycanlıları, Borçalıdakı soydaşlarımızı təhqir etmiş, özünü politoloq adlandıran Mübariz Əhmədoğlu mütləq şəkildə hamımızdan üzr istəməlidir! Mən dörd çağırış Gürcüstan Parlamentində Borçalı türkləri kimi tanınan azərbaycanlılarımızı təmsil etmiş sabiq deputat kimi hesab edirəm ki, bunu soydaşlarımız adından tələb etməyə tam haqqım var. Gürcüstan Parlamentində Xocalı soyqırımının tanınması təşəbbüsü ilə çıxış etmiş, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində fəal çağırışların və aksiyaların təşəbbüskarı olmuşam. Diqqətinizə çatdırmaq istəyirəm ki, Borçalılar ana vətənləri Gürcüstana daim sadiq olmaqla yanaşı, milli mənsubiyyətlərinin ayrılmaz parçası və milli dövlətləri hesab etdikləri Azərbaycana da hər zaman dəstək və sevgi nümayiş etdirərək öz məğrur kimliklərini dəfələrlə sübut ediblər. I və II Qarabağ müharibələrində Azərbaycanın ərazi bütövlüyü uğrunda Borçalı əsilli onlarla şəhid və qazinin göstərdiyi qəhrəmanlıq mənəvi və milli qan bağımızın ən bariz göstəricisi deyilmi? Borçalılar hər zaman Azərbaycan-Gürcüstan dövlətlərarası münasibətlərinin, eləcə də gürcü və azərbaycanlı xalqları arasında dostluğun möhkəmlənməsində və qorunub saxlanılmasında mühüm rol oynayıblar. Bundan sonra da bu missiyanı üzərinə götürən soydaşlarımıza kiminsə şübhə ilə yanaşmağa haqqı yoxdur. Son yüzilliyə nəzər salsaq, Azərbaycan adına tanınmış nə qədər ictimai-siyasi xadimin, dövlət xadiminin, akademik və professorun, Azərbaycan mədəniyyətinin, incəsənətinin və ədəbiyyatının parlaq nümayəndəsinin əslən Borçalıdan olduğunu bir gün ərzində belə sadalamaqla bitirə bilmərik. Eləcə də idman sahəsində neçə-neçə Borçalı övladı Gürcüstanımızın və Azərbaycanımızın ən mötəbər turnirlərində dövlət himnlərini səsləndirməyibmi? İndi Mübariz Əhmədoğlu kimdir ki, bizim kişi və qadınlarımızı təhqir edir? Sonuncu dəfə nə vaxt bizim tərəflərdə olduğunu belə xatırlaya bilməyən Mübariz Əhmədoğlu heç olmasa öz kişiliyini xatırlayıb qadınları öz söz-söhbətinə qatmazdı. Uzaqdan-yaxından bir-birimizi tanıdığımız üçün bəlkə də bu etirazımı yazmazdım. Lakin sizin çıxışınızdan bir həftə keçməsinə baxmayaraq, səhvinizi etiraf edib üzr istəmək əvəzinə, ard-arda çıxışlar edərək, müsahibələr verərək daha da irəli getdiniz və üzr istəməyəcəyinizi açıq şəkildə bəyan etdiniz. Borçalı-Qafqaz kişisinin ilkin kişilik keyfiyyətlərindən biri də böyüklüyünü göstərərək etdiyi səhvi etiraf etməsidir. Təəssüf ki, siz bu davranışınızla ucalmaq əvəzinə, özünüzü daha da hörmətdən saldınız. Burada az sayda insanın şiəlik təriqəti çərçivəsində ifrat dindarlıq yolu seçməsi və İranla sıx əlaqədə görünməsi 300 min soydaşımızı alçaltmaq üçün əsas ola bilməz. Avropa ölkələrini gəzmiş biri kimi deyə bilərəm ki, Paris küçələrində çarşablı qadınların sayı Marneulidəkindən daha çoxdur. İndi Borçalıda 10-15 molla, axund, imam və digər din xadimi İranda təhsil alıbsa və həmin ölkənin təsiri altında fəaliyyət göstərirsə, bu, 300 min azərbaycanlı kişi və qadına “ar olsun” deməyə kiməsə haqq verirmi? Əgər hər hansı dövlətin müəyyən qurumu və ya mərkəzi Gürcüstanda dini təbliğat aparırsa, deməli, buna biz deyil, Gürcüstan hökuməti icazə verir. Əgər bu məsələ Azərbaycanı narahat edirsə, onun həlli yolunda Borçalılar alətə çevrilməməlidir. Mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərimiz yüksələn xətlə inkişaf edirsə, hesab edirəm ki, bu məsələnin ortaq həlli də iki ölkənin rəsmi qurumlarına aid olan məsələdir. Münasibətlərimizin bildiyimiz bir tərəfi, bilmədiyimiz isə yüz bir tərəfi olduğu indiki əlaqələr müstəvisində heç istəməzdim ki, Borçalılar dini mövzudan təsir vasitəsi kimi istifadə edilməklə qızışdırılsın və meydanlara dəvət olunsun. Din həssas məsələdir. Ona görə də eloğlularımı, soydaşlarımı sosial şəbəkələrdə gördükləri və eşitdikləri hər bir məlumatın təsiri altına düşməməyə çağırıram. Kənar təsirlərə və qızışdırıcı çıxışlara münasibətdə səbirli və təmkinli olmaq lazımdır. Mübariz Əhmədoğlu öz çıxışı ilə əhalimizə qarşı böyük hörmətsizlik edib. O, televiziya qarşısına çıxaraq rəsmi şəkildə soydaşlarımızdan üzr istəməlidir! Əks təqdirdə, öz etirazımızla yanaşı, gənclərimizin də emosional və nalayiq ifadələrinin qarşısını almaq çətin olacaq. Bir daha təkid edirəm: Mübariz Əhmədoğlu, ağlınızı başınıza toplayın və əhalimizdən üzr istəyin!”, – deyə A. Süleymanov qeyd edib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…