13 May 2026 / 21:00

AFFA məşqçilər üçün yeni təhsil təşəbbüsü başladı

AFFA tərəfindən “Futbol Təhsili Vebinarları”na start verilib.

Milli assosiasiyadan Tezadlar.az a verilən məlumata görə, ilk vebinar “Uşaq və gənclərlə iş: İnkişaf mərhələləri” mövzusuna həsr olunub və 11 akademiyanı təmsil edən məşqçilər iştirak edib.

AFFA-nın baş katibinin müavini Elçin Məmmədovun açılış nitqi ilə başlanan tədbirə məşqçi mütəxəssis Sərxan Hüseynov rəhbərlik edib. İnteraktiv formatda keçirilən sessiyada iştirakçılar öz təcrübə və yanaşmalarını bölüşərək müzakirələrə fəal qatılıblar.

Vebinardan sonra iştirakçılar üçün müxtəlif yaş qrupları ilə iş zamanı istifadə oluna biləcək “Məşq Sessiyası Yoxlama Siyahısı” adlı elektron xatırlatma resursu təqdim olunub.

Bu yeni təşəbbüs futbol ekosistemində mövcud ehtiyaclar, klub və akademiyaların çağırışları, həmçinin futbol sahəsində bilik mübadiləsinin və peşəkar şəbəkələşmənin gücləndirilməsi məqsədilə həyata keçirilir. Eyni zamanda bu addım futbol sahəsində davamlı öyrənmə mühitinin formalaşdırılmasına, təcrübə paylaşımının təşviqinə və mütəxəssislərin davamlı peşəkar inkişafına dəstək verməyə yönəlib.

Əsas məqsəd müxtəlif istiqamətlər üzrə həm yerli, həm də xaricdə yaşayan azərbaycanlı futbol mütəxəssislərinin dəstəyi ilə aktual mövzular, yeni yanaşmalar və çağırışlar üzrə təcrübə paylaşımını təşviq etmək, futbol biliklərinin paylaşılması üçün davamlı platforma formalaşdırmaqdır.

İlk olaraq akademiyalarda fəaliyyət göstərən məşqçilər üçün uşaq və gənclərlə iş istiqamətində inkişaf mərhələləri, uşaq psixologiyası və təhlükəsiz mühit mövzularını əhatə edən vebinarların keçirilməsi nəzərdə tutulub.

Növbəti mərhələlərdə isə daha geniş hədəf auditoriyasını əhatə etməklə skautinq, istedadların müəyyənləşdirilməsi, idman psixologiyası, ilkin tibbi yardım, uşaq müdafiəsi, danışılmış oyunlarla mübarizə və digər aktual istiqamətlər üzrə vebinarların təşkili planlaşdırılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!