3 İyun 2026 / 22:38

AHİK BƏT və Ukrayna həmkarlar ittifaqları ilə əməkdaşlığı müzakirə etdi

İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv ölkələrin hökumət nümayəndələri və sosial tərəfdaşların iştirakı ilə Beynəlxalq Əmək Konfransının 114-cü sessiyası keçirilir.

Tədbirdə ölkəmizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndə heyətləri təmsil edir.

Azərbaycan nümayəndə heyəti konfrans çərçivəsində bir sıra görüşlər keçirib. Beynəlxalq Əmək Təşkilatının İşçilərin Fəaliyyətləri Bürosunun (ACTRAV) direktoru Oliver Röpke ilə görüşdə işçilərin hüquqlarının müdafiəsi, əməyin təhlükəsizliyi, gender bərabərliyinin təşviqi, birgə təlim proqramları və institusional potensialın gücləndirilməsi istiqamətində həyata keçirilən layihələrdən bəhs olunub.

Konfederasiya sədri Sahib Məmmədov BƏT-lə uzunmüddətli və səmərəli əməkdaşlığın mövcud olduğunu qeyd edib. Bildirilib ki, Azərbaycanın BƏT-in 60 konvensiyasını və bir protokolunu ratifikasiya etməsi ölkədə beynəlxalq əmək standartlarının tətbiqinə və əmək münasibətlərinin müasir tələblərə uyğun tənzimlənməsinə verilən önəmin göstəricisidir. Bütün bunlar isə AHİK-lə BƏT arasında əlaqələrin daha da genişlənməsi üçün əlverişli zəmin yaradır.

Görüşdə AHİK və ACTRAV arasında 2025-ci ildə təhsil sahəsində imzalanmış Əməkdaşlıq haqqında Bəyannamədən irəli gələn məsələlərin icrası, həmkarlar ittifaqı üzvlərinin bilik və peşə bacarıqlarının artırılması istiqamətində görülən işlər diqqətə çatdırılıb, gələcək əməkdaşlıq perspektivləri, birgə təşəbbüslər və layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

AHİK nümayəndələri tədbir çərçivəsində Ukrayna Həmkarlar İttifaqları Federasiyasının sədri Sergey Bızovla da görüşüblər.

Görüşdə Azərbaycan və Ukraynanın həmkarlar ittifaqları arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb, əmək hüquqlarının qorunması, əməyin mühafizəsi, layiqli əmək şəraitinin təmin olunması sahələrində təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!