Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
FOTO 1/5
-Aynur xanım, “Qaraj” verilişi ilə başlayan bu yola baxanda, illər sizdə və peşənizdə nələri dəyişdi?
-O qədər şey dəyişib ki… “Qaraj” verilişində efirə çıxanda birinci kurs tələbəsi idim. O vaxtdan bu günə qədər uzun bir yol keçmişəm və həyatımda çox şey dəyişib. Artıq heç nə əvvəlki kimi deyil. Həmin dövrdə həm çox həyəcanlı, həm də özünə inamlı bir gənc idim. Hər şey mənim üçün məhz oradan başladı. Bu, mənə həm maraqlı, həm rəngarəng, həm də çox dəyərli təcrübələr qazandırdı. Bir müddət həmin layihənin aparıcısı oldum, daha sonra səhər proqramına keçdim. O illəri hər zaman xoş xatirələrlə xatırlayıram. Təbii ki, zaman keçdikcə həm mən dəyişdim, həm də peşəyə baxışım.
-Uzun illərdir İctimai Televiziyadasınız. Bu kanal sizin üçün sadəcə iş yeridir, yoxsa bir ailə?
-Mən hər zaman müxtəlif çıxışlarımda və müsahibələrimdə demişəm ki, İctimai Televiziya mənim üçün sadəcə iş yeri deyil, ikinci evimdir. Çünki peşə fəaliyyətimə məhz burada başlamışam. Birinci kursdan bu günə qədər bu kanalın efirindəyəm və illərdir fəaliyyətimi burada davam etdirirəm. Müxtəlif dövrlərdə başqa telekanallardan təkliflər alsam da, heç vaxt seçimimi dəyişməmişəm. Bura mənim üçün çox doğmadır. Buradakı insanlar, mühit və ümumiyyətlə kanalın özü mənim həyatımın ayrılmaz bir hissəsinə çevrilib. Ona görə də İctimai Televiziya mənim üçün həqiqətən ikinci evdir.
– Səhər proqramlarını aparmaq böyük enerji tələb edir. Hər səhər o enerjini haradan alırsınız?
– Bu enerjinin mənbəyi işimə və sənətimə olan sevgidir. Təbii ki, hamımız insanıq. Elə günlər olur ki, özümüzü yorğun, halsız və ya kefsiz hiss edirik. Amma studiyanın qapısından içəri daxil olan kimi hər şey dəyişir. İllərdir belədir: xəstə və ya yorğun olsam belə, kamera işığı yananda və efir başlayanda sanki başqa bir enerji yaranır. Çünki bu işin məsuliyyətini dərindən hiss edirəm. Bilirəm ki, ekran qarşısında bizi izləyən, sevən və bizə güvənən insanlar var… Tamaşaçıdan gələn xoş sözlər, səmimi rəylər növbəti gün üçün ən böyük motivasiyamdır. Qar, çovğun, tufan olmasından asılı olmayaraq efir davam edir və biz də işimizin başında olmalıyıq. Şəxsi problemlərimizi tamaşaçıya ötürmək haqqımız yoxdur. Biz onların qarşısına hər zaman pozitiv enerji, düzgün informasiya və peşəkar münasibətlə çıxmağa borcluyuq. Pərdəarxasında yaşanan çətinliklər isə yalnız bizə məlumdur.
– Canlı efir sürprizlərlə doludur. Heç vaxt unutmadığınız bir efir qəzası və ya maraqlı hadisə olubmu?
– Efir həyatımda yaddaqalan hadisələr çox olub. Amma heç vaxt unutmadığım bir hadisə var. Köhnə studiyamız iki mərtəbədən ibarət idi. Rejissor otağı yuxarı mərtəbədə yerləşirdi və aşağı enmək üçün mərmər pilləkənlərdən istifadə edirdik. Efirə cəmi beş dəqiqə qalmışdı. Mikrofonlar artıq üzərimdə idi. Pilləkənlə aşağı düşərkən ayağım sürüşdü və yıxıldım. Bir anda gördüm ki, əllərim və ayaqlarım qan içindədir, ciddi şəkildə əzilmişəm. Ancaq geri sayım artıq başlamışdı. “3, 2, 1…” və efir açıldı. Heç nə olmamış kimi tamaşaçıları salamlamalı oldum. Sonradan həkim müdaxilə etsə də, həmin an mənim üçün əsas məsələ efiri başlamaq idi. Bu peşədə bəzən bütün ağrıları bir kənara qoyub məsuliyyətini yerinə yetirməli olursan. İşə olan sevgi və peşə məsuliyyəti hər şeydən üstün gəlir.
– Televiziya sahəsində bacınız Aygün Fətullayeva ilə bir-birinizə dəstək olursunuzmu, yoxsa aranızda sağlam bir rəqabət var?
– Əslində, fəaliyyət sahələrimiz fərqli olduğu üçün aramızda rəqabətdən söhbət gedə bilməz. Bacım aktrisadır, serial və tamaşalarda rol alır, mən isə aparıcılıq sahəsində fəaliyyət göstərirəm. Buna görə də münasibətlərimizdə rəqabətdən çox qarşılıqlı dəstək var. Hər ikimiz bir-birimizin işinə böyük maraqla yanaşırıq. Bəyəndiyimiz məqamları xüsusi vurğulayır, hansısa iradımız və ya təklifimiz olduqda isə bunu səmimi şəkildə bölüşürük. Eyni peşə mühitində olmağımız, ortaq dostlarımızın çoxluğu və bir-birimizi yaxşı anlamamız münasibətlərimizə də müsbət təsir göstərir. Məncə, bu doğmalıq bizim üçün böyük üstünlükdür.
– Sizi daha çox səhər proqramlarında görürük. Başqa hansı formatda bir layihə ürəyinizdən keçir?
– İllər ərzində səhər proqramları ilə yanaşı, müxtəlif layihələrdə də iştirak etmişəm. Müəyyən dövrlərdə İctimai Televiziyada paralel olaraq başqa verilişlərin də aparıcısı olmuşam. Gələcəkdə isə özümü fərqli formatlarda sınamaq istərdim. Xüsusilə səyahət mövzulu layihələr mənə çox maraqlıdır. Səyahət etməyi çox sevirəm və müxtəlif ölkələrdən reportajlar hazırlamaq, yeni mədəniyyətləri tamaşaçılara təqdim etmək mənim üçün çox maraqlı təcrübə olardı. Bununla yanaşı, qonaqların iştirak etdiyi, musiqi və səmimi söhbətlərlə zəngin bir axşam şousunda da özümü sınamaq istərdim. Düşünürəm ki, belə bir layihə həm mənim xarakterimə, həm də aparıcılıq üslubuma uyğun olar.
– Bir aparıcı üçün tamaşaçı sevgisini illərlə qoruyub saxlamağın sirri nədir?
– Məncə, bunun ən vacib sirri səmimiyyətdir. Tamaşaçı hər şeyi hiss edir və heç nə onun diqqətindən yayınmır. İllər ərzində buna dəfələrlə şahid olmuşam. Bəzən elə xırda detalları xatırladırlar ki, insan təəccüblənir.
Bu illər mənə öyrədib ki, tamaşaçı ilə münasibətdə ən vacib məsələ özün olmaqdır. Necəsənsə, elə də görünməlisən. Əgər o səmimi bağı qura bilmisənsə, tamaşaçı səni qəbul edir və bu sevgi illərlə davam edir. Amma qeyri-səmimilik o bağı zəiflədir.
Bəzən efirdə ürəkdən deyilən sadə bir cümlə belə kiminsə həyatına müsbət təsir göstərə bilir. Sonradan yaxınlaşıb təşəkkür edən insanlar olur. Bu isə mənim üçün böyük motivasiyadır. İnsanların həyatına kiçik də olsa, müsbət təsir edə bilmək mənə xüsusi bir xoşbəxtlik hissi yaşadır.
– Sosial şəbəkələrdə övladınızla olan fotolarınız çox sevilir. Analıq həyatınızda nələri dəyişdi?
– Analıq həyatımda çox şeyi dəyişdi. Açığı, bu hissi yaşamazdan əvvəl onu tam təsəvvür etmək mümkün deyil. Mən hər zaman uşaqları sevən və onlara qarşı həssas olan insan olmuşam. Amma Davud dünyaya gəldikdən sonra anladım ki, əsl sevgi tamam başqa bir duyğudur. Övladım olduqdan sonra bütün uşaqlara münasibətim dəyişdi. Artıq hər bir uşağa bir az da öz övladımın gözü ilə baxıram. Hansısa uşağın başına pis hadisə gələndə ürəyim ağrıyır, uğur qazandıqda isə sanki öz övladımın sevincini yaşayırmış kimi sevinirəm. Analıq insanı dəyişdirən, ona başqa bir baxış qazandıran möhtəşəm bir hissdir. Mənim üçün həyatımın ən gözəl və ən dəyərli mərhələlərindən biridir.
– Övladınız dünyaya gəldikdən sonra Aynur xanımın prioritetləri necə dəyişdi?
– Davud dünyaya gəldikdən sonra həyatımın mərkəzi təbii olaraq dəyişdi. Sanki mən bir qədər ikinci plana keçdim və düşünürəm ki, bu, bütün analar üçün çox təbii bir hissdir. Ümumiyyətlə, xarakter etibarilə fədakar insanam. Sevdiyim insanlara qarşı həmişə diqqətli və qayğıkeş olmuşam. Bu xüsusiyyət analıqla birlikdə daha da gücləndi. Davuda qarşı etdiklərimdən heç vaxt qarşılıq gözləmirəm. Mənim üçün əsas olan ona sevgimi, qayğımı və diqqətimi verə bilməkdir. Bu sevgini paylaşmaq mənə xoşbəxtlik gətirir. Düşünürəm ki, analığın ən gözəl tərəfi də məhz budur.
– İş və ailə balansını necə qoruyursunuz? Efirdən evə qaçarkən “işi studiyada qoyub gəlmək” mümkün olurmu?
– Açığı, bunu tam şəkildə etmək həmişə mümkün olmur. Televiziya elə bir sahədir ki, studiyanın qapısını bağlayıb bütün işləri orada qoymaq olmur. Canlı efir olduğuna görə iş prosesi gün ərzində davam edir. Mövzular, xəbərlər, hazırlıqlar və yaradıcı müzakirələr demək olar ki, fasiləsiz şəkildə gedir. İş yoldaşlarımızla günün istənilən saatında əlaqədə oluruq. Zaman keçdikcə televiziya həyatımızın və gündəlik rutinimizin ayrılmaz hissəsinə çevrilir. Bu sahəyə gəlmək istəyən insanlar bilməlidirlər ki, burada “iş saatı bitdi” anlayışı çox nisbi anlayışdır. Hər an çağırıla və yeni prosesə qoşula bilərsiniz. Bu peşə daim hazır olmağı tələb edir. Hətta fəaliyyətimin ilk illərində telefonum söndüyü üçün mənimlə əlaqə saxlaya bilməmişdilər. Həmin vaxt mənə dedilər ki, aparıcının telefonu, demək olar ki, 24 saat açıq olmalıdır. Çünki efir işi daim məsuliyyət tələb edən bir peşədir.
– Gələcəkdə onun da sizin kimi media sahəsində olmasını istərdiniz?
– Əgər marağı, həvəsi və istedadı bu sahəyə uyğun olarsa, əlbəttə ki, ona dəstək olaram. Mən heç vaxt “mütləq başqa peşə seçsin” deyə düşünmərəm. Əsas odur ki, insan özünü seçdiyi sahədə xoşbəxt hiss etsin. Davud hansı peşəni seçmək istəsə, əgər özünü orada görürsə və həmin işin öhdəsindən gələ biləcəyinə inanırsa, mən həmişə onun yanında olaram. Mənim üçün ən vacib olan onun xoşbəxtliyi və özünü reallaşdıra bilməsidir.
– Analıq sizə səbirli olmağı, yoxsa daha cəsarətli olmağı öyrətdi?
– Analıq insana həm səbirli, həm də daha çevik olmağı öyrədir. Ana hər şeyə çatmağa çalışır və bu, həqiqətən də böyük məsuliyyət tələb edir. Müasir dövrdə anaların üzərinə düşən yük daha çoxdur. Həm iş həyatını davam etdirmək, həm də övladın inkişafı ilə yaxından maraqlanmaq asan deyil. Uşağın öz maraqları, hobbiləri, məşğələləri var və bütün bunları tarazlaşdırmaq böyük zəhmət tələb edir. Analıq mənə səbirli olmağı da öyrədib. Ətrafımdakı insanlar çox vaxt mənim səbirli ana olduğumu deyirlər. Mən hər şeyi Davuda izah etməyə çalışıram. Çünki düşünürəm ki, uşağa sadəcə “olmaz” demək kifayət deyil. O, səbəbini də bilməlidir. Çalışıram ki, yaşına uyğun şəkildə hər bir məsələnin mahiyyətini ona başa salım. Sevindirici haldır ki, o da bunu anlayışla qarşılayır və bir çox məsələləri dərk etməyə çalışır.
– Bir ana kimi övladınıza aşılamaq istədiyiniz ən vacib həyat dəyəri nədir?
– Mənim üçün bu dəyərin adı mərhəmətdir. Hesab edirəm ki, bu gün dünyamızın ən çox ehtiyac duyduğu hiss məhz mərhəmətdir. Bəzən düşünürəm ki, insanlar arasında bu hiss əvvəlki qədər güclü deyil və bu məni həqiqətən də narahat edir. Buna görə də istəyirəm ki, Davud ilk növbədə mərhəmətli, vicdanlı və dürüst insan kimi yetişsin. İnanıram ki, insanın xarakteri, mənəvi dəyərləri və şəxsiyyəti sağlam formalaşırsa, həyatın digər sahələri də zamanla öz yolunu tapır. Hər şeydən əvvəl insanlıq gəlir.
– Aynur xanım, hər gün efirdə yüzlərlə insana motivasiya verirsiniz, xoş sözlər deyirsiniz. Bəs özünüzün əhvalınız olmayanda, ruhdan düşəndə özünüzü necə toparlayırsınız? Sizi yenidən gülümsədən o “kiçik xoşbəxtliyiniz” nədir?
– Mənə ən böyük dəstəyi yenə də özüm verirəm. Hesab edirəm ki, insan ilk növbədə özü ilə dost olmağı, çətin anlarında özünə dayaq olmağı bacarmalıdır. Əgər daxilən ayağa qalxmaq istəyirsənsə, buna mütləq güc tapırsan. Əlbəttə, lazım gəldikdə psixoloji dəstək almağın da tərəfdarıyam. Amma inanıram ki, insanı onun özündən yaxşı tanıyan ikinci bir insan yoxdur. Ona görə də bəzən özümə “Aynur, hər şey keçəcək, yenə gözəl günlər gələcək” deməyi bacarıram. Bəzən xoşbəxtlik çox böyük səbəblərdə deyil, məhz belə kiçik, amma çox dəyərli anlarda gizlənir.
– Sosial şəbəkələrdə aktivsiniz. İzləyicilərdən gələn şərhlər sizə necə təsir edir?
– “Heç təsirlənmirəm” desəm, səmimi olmaz. Əlbəttə, xoş sözlər də, müəyyən mənada neqativ rəylər də insana təsir edir. Amma illər keçdikcə hadisələrə baxışım dəyişib. Şükürlər olsun ki, illərdir ətrafımda çox səmimi və mehriban izləyicilər var. Onların sevgisi, xoş sözləri və dəstəyi mənim üçün çox qiymətlidir. Əvvəllər mənfi fikirlər məni daha çox düşündürürdü. İndi isə çalışıram hər şeyə daha sakit yanaşım. Düşünürəm ki, insanın daxilində nə varsa, o da davranışında öz əksini tapır. Kiminsə qəlb qırmaq niyyəti ilə yazdığı sözlər əslində onun daxili dünyasının göstəricisidir. Çünki fikri ifadə etməyin də öz mədəniyyəti var. Eyni sözü sevgi ilə də demək olar, qırıcı şəkildə də. Mən isə hər zaman mehriban sözün gücünə inanmışam.
– Bəzən tanınmış şəxsləri övladlarını çox paylaşdıqları üçün tənqid edirlər. Sizin bu mövzuya münasibətiniz necədir?
– Düşünürəm ki, bu məsələdə hər kəsin öz baxışı var və buna hörmətlə yanaşmaq lazımdır. Bəli, göz-nəzərə inanıram. Amma eyni zamanda inanıram ki, insanı qoruyan ən böyük qüvvə Allahın mərhəmətidir. Əgər hər şeyi göz-nəzərdən qorxaraq gizlətməyə çalışsaq, o zaman həyatımızdakı gözəl anları da paylaşa bilmərik. Bu isə hər kəsin öz seçimidir. Mənim də elə dövrlərim olub ki, bəzi məqamları paylaşmamağa qərar vermişəm. Sonra isə fikrimi dəyişmişəm. Çünki bəzən insan qərarlarını hissləri ilə verir. Amma bir şey dəyişmir: istər sevincimizi, istər uğurlarımızı, istərsə də ən dəyərlilərimizi paylaşarkən həmişə “Allah qorusun” deyə dua edirəm. Düşünürəm ki, insanın ən böyük sığınacağı da elə budur.
– Televiziya sahəsinə yeni addım atan Aynurla bugünkü təcrübəli Aynur qarşı-qarşıya gəlsəydi, ona verəcəyi ən vacib məsləhət nə olardı?
– Yəqin ki, özümə bir cümlə deyərdim: “Bir az daha cəsarətli ol”. Xarakter etibarilə həmişə sakit, təmkinli və bir qədər çəkingən olmuşam. Bəlkə də elə məhz buna görə bəzi məqamlarda risk etməkdən çəkinmişəm. İndi geriyə baxanda düşünürəm ki, bəzi hallarda bir az daha cəsarətli olsaydım, bəlkə də həyatımın müəyyən məqamları tamam fərqli inkişaf edərdi. Ona görə də bu gün də özümə ən çox arzuladığım xüsusiyyət məhz cəsarətdir. Maraqlıdır ki, tələbəlik illərində efirə çıxmağa başlayanda qrup yoldaşlarım təəccüblə soruşurdular: “Doğrudan da ekranda danışan sənsən?” Çünki gündəlik həyatda daha sakit və utancaq idim. Amma kamera qarşısında bütün komplekslərim yox olurdu. Efir mənim üçün həmişə ən rahat, ən doğma məkana çevrilib.
– Kamera önündəki Aynurla evdəki Aynur arasında nə qədər fərq var?
– (Gülür) Bu sualı eşidəndə ilk ağlıma bacım gəlir. Həmişə zarafatla deyir ki, “Bir gün evdəki Aynuru çəkib paylaşacağam”.
Əslində, ciddi fərq yoxdur. Təbii ki, evdə daha rahat, daha sərbəst oluram. Amma xarakter olaraq ekrandakı Aynurla həyatda gördüyünüz Aynur eyni insandır. Heç vaxt tamaşaçı qarşısında fərqli görünməyə çalışmamışam. Məncə, insanın ən böyük üstünlüyü olduğu kimi qala bilməsidir. Bəlkə də tamaşaçı ilə aramızda yaranan o səmimi bağın sirri də məhz budur.
– Gözəllik və baxım sirriniz varmı? Hər zaman efirə bu qədər təravətli çıxmağın bir formulu varmı?
– Xüsusi bir sirrim yoxdur. Hər bir xanım kimi özümə qulluq etməyə çalışıram. Amma düşünürəm ki, insanın ən böyük gözəlliyi onun daxili dünyasından başlayır. Mən həmişə inanmışam ki, ürəyində sevgi olan insanın simasında da bir nur olur. Yaş dəyişir, illər keçir, amma mərhəmət, xoş niyyət və həyata sevgi ilə baxmaq insanı həmişə gözəl göstərir. İnsanların qəlbində yaxşılıq axtarmaq, kin saxlamamaq, həyatın gözəl tərəflərini görə bilmək də bir növ gözəllik reseptidir. Çünki daxildəki rahatlıq və xoşbəxtlik mütləq üzə də yansıyır.
– Sizin heç aktrisalıq arzunuz olubmu?
– Düşünürəm ki, uşaqlıq illərində çoxlarımızın qəlbindən belə bir arzu keçib. Mənim də olub. Hətta indi də maraqlı və ürəyimcə olan bir layihə təklifi gəlsə, yəqin ki, “yox” demərəm. Əlbəttə, bu peşənin nə qədər məsuliyyətli və zəhmətli olduğunu bacımın timsalında yaxından görmüşəm. Ona görə də bilirəm ki, ekranda görünən hər uğurun arxasında böyük zəhmət dayanır. Amma maraqlı bir obrazı canlandırmaq, fərqli bir həyatı yaşamaq və bunu tamaşaçı ilə bölüşmək, düşünürəm ki, çox gözəl təcrübə olardı. Kim bilir, bəlkə də nə vaxtsa…
– Həyatınızın bu mərhələsini bir cümlə ilə necə ifadə edərdiniz?
– Bir sözlə ifadə etməli olsam, “öyrənmək” deyərdim. Çünki insanın öyrənməsi heç vaxt bitmir. Hər yaşın, hər dövrün öz dərsi var. Bəzən elə bilirik ki, artıq hər şeyi bilirik, amma həyat yenə də bizi təəccübləndirməyi bacarır. Hazırkı dövrümü həm də daxili sabitlik və şükür mərhələsi adlandırardım. Amma yenə də ilk ağlıma gələn söz “öyrənmək” olur. Çünki insan yaşadıqca dəyişir, böyüyür, daha çox anlayır və həyatı daha dərindən dərk etməyə başlayır.
– Uğur sizin üçün nədir: reytinqlər, yoxsa tamaşaçı sevgisi?
– Karyeramın ilk illərində uğuru daha çox tanınmaq, populyar olmaq və yüksək reytinqlərlə ölçürdüm. Amma zaman keçdikcə başa düşdüm ki, əsl uğur insanların qəlbində yer qazanmaqdır. Çünki kifayət qədər tanınan, amma sevilməyən insanlar da var. Mən isə illər ərzində çox qiymətli bir xəzinə qazandığımı düşünürəm — tamaşaçı sevgisini. Bu gün dünyanın müxtəlif ölkələrindən, illərdir məni izləyən insanlar yazır, xatirələrini bölüşür, sevgilərini ifadə edirlər. Mənim üçün bundan böyük mükafat yoxdur. Şöhrət zamanla dəyişə bilər, reytinqlər dəyişə bilər. Amma insanların sevgisi, etibarı və səmimiyyəti illərin sınağından keçərək qalır. Məncə, əsl uğur da məhz budur.
– Yaxın gələcəkdə sizi hansı yeni layihələrdə görəcəyik?
– Hazırda bütün diqqətim və sevgim uzun illərdir ayrılmaz parçası olduğum səhər proqramınadır. Bu format mənim üçün sadəcə iş deyil, həyatımın bir hissəsinə çevrilib. Şükürlər olsun ki, özümü burada xoşbəxt hiss edirəm və tamaşaçı sevgəsini hiss etmək mənə əlavə güc verir. Amma televiziya elə bir sahədir ki, burada hər zaman yeniliklərə açıq olmaq lazımdır. Sabah maraqlı bir layihə, fərqli bir format təklif olunsa və ürəyimcə olsa, əlbəttə ki, böyük məmnuniyyətlə “hə” deyərəm. Çünki mən hələ də yeni təcrübələr qazanmağı və özümü müxtəlif layihələrdə sınamağı sevirəm.
– Televiziya sizə çox şey qazandırdı. Bəs bu illər ərzində sizdən nələri aldı? Heç peşman olduğunuz məqamlar olubmu?
– Səmimi desəm, peşəmlə bağlı heç vaxt peşmanlıq hissi yaşamamışam. Bəli, həyatın müxtəlif dövrlərində insanı üzən, yorğun salan məqamlar olur. Amma onları heç vaxt televiziya ilə əlaqələndirməmişəm. Mən həmişə işimdə xoşbəxt olmuşam. İstər efirdə, istərsə də ümumiyyətlə sənətdə özümü tapmışam. Əlbəttə, bu yol yalnız uğurlardan ibarət olmayıb. Çətinliklər, enişlər, gözlənilməz anlar da olub. Amma insan sevdiyi işi görəndə bütün bunları daha asan aşır. Peşəmə olan sevgim mənə həmişə güc verib. Həyatımda hansı çətinliklə qarşılaşmışamsa, özümə bir cümlə demişəm: “Bu da keçəcək”. Və həqiqətən də, hər şey zamanla öz yerini tapıb.
– Biz sizi hər zaman aparıcı kimi tanımışıq. Bəs Aynur xanımın çoxlarının bilmədiyi hansı hobbiləri var?
– Kitab oxumağı və rəqs etməyi çox sevirəm. Amma etiraf edim ki, mənim ən böyük sevgim təbiətdir. Təbiətlə baş-başa qalmaq mənim üçün əsl xoşbəxtlikdir. Yaşıl bir budaq, çiçək açmış bir ağac, dağlar, meşələr, yağışdan sonrakı torpaq qoxusu… Bütün bunlar mənə inanılmaz bir rahatlıq verir. Təbiətin qoynunda özümü daha çox hiss edirəm, sanki bütün enerjimi oradan alıram. Bəzən düşünürəm ki, insan təbiətin gözəlliyini nə qədər dərindən hiss edirsə, həyata da bir o qədər sevgi ilə baxır. Allahın yaratdığı bu möhtəşəm nizamı gördükcə hər şeyə görə daha çox şükür etməyi öyrənirəm. Bundan başqa, mətbəxdə yeni dadlar kəşf etməyi sevirəm. Fərqli yeməklər hazırlamaq mənə zövq verir. Rəqs isə həyatımın ən şən tərəflərindən biridir. Hətta evdə Davudla birlikdə sevdiyimiz mahnıları açıb rəqs etdiyimiz anlar olur. Məncə, xoşbəxtlik bəzən məhz belə sadə və səmimi anlarda gizlənir.
– Sizi sevən və izləyən oxucularımıza son sözünüz nə olardı?
– Məni sevən, izləyən, fəaliyyətimə dəyər verən hər kəsə ürəkdən təşəkkür edirəm. İllərdir hiss etdiyim bu sevgi mənim üçün ən böyük hədiyyələrdən biridir. Hər kəsə ilk növbədə cansağlığı arzulayıram. Bəlkə də çox eşitdiyimiz bir arzudur, amma insan yaşadıqca anlayır ki, sağlamlıq həqiqətən də hər şeyin təməlidir. Hər səhər gözümüzü sağlam şəkildə açmaq belə şükür etmək üçün böyük səbəbdir. Mən bütün insanlara, istər məni sevənlərə, istərsə də sadəcə izləyənlərə xoşbəxtlik arzulayıram. Çünki inanıram ki, insan öz həyatında xoşbəxtdirsə, qəlbində sevgi və rahatlıq varsa, neqativə yer qalmır. Arzum budur ki, hər kəs həyatında onu sevindirən səbəbləri daha çox görsün, sevdikləri ilə birlikdə sağlam, firavan və gözəl günlər yaşasın. Çünki sonda insanın yaddaşında qalan nə şöhrət olur, nə də uğurlar. Ən qiymətli xatirələr sevgi ilə yaşanmış anlar olur.
***
…Aynur xanımla söhbətimiz göstərdi ki, həm peşəkar bir teleaparıcı, həm də qayğıkeş bir ana olmaq böyük bir sevgi və əmək tələb edir. Səmimiyyətinə və ayırdığı vaxta görə Aynur xanıma «Təzadlar»ın oxucuları adından təşəkkür edirik, həm iş, həm də ailə həyatında uğurlarının davamlı olmasını arzulayırıq.
Səbinə Bağırova