Audiovizual Şuranın növbəti iclasında “Baku TV” televiziya kanalının efirində 24 sentyabrda yayımlanan “Amin” proqramı zamanı səsləndirilən fikirlər də ciddi müzakirə olunub. Tezadlar.az xatırladır ki, adı çəkilən proqramda kişi-qadın, ailə münasibətləri mövzusunda müzakirələr zamanı qonaq tərəfindən “…Mən qadınam. Kişi həmişə qabaqda getməlidi. Bu, həyatın qanunudu və bu qanunu sən pozsan, Allah sənə oğul övladından cəza çəkdirəcək… Bu qanundu, Allahın qanunudu… Allah-təala qadını sırf kişiyə tabe elətdirir…” fikirləri səsləndirilib. Audiovizual Şuranın Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən bu fikirlər “Media haqqında” Qanunun 14.1.4-cü maddəsinin pozulması kimi, yəni cinsi (gender) ayrı-seçkiliyinin təbliği kimi qeydə alınıb, daha sonra müvafiq prosedurlara uyğun olaraq həmin fakt Audiovizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu faktı kimi təsdiq olunub.
NAHİDƏ

