Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Xətai prospektində hərəkətin təkmilləşdirilməsi məqsədilə yeni layihənin icrasına başlayır. Layihə nəqliyyat axınlarının səmərəliliyinin artırılması, yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsi və alternativ nəqliyyat növlərinin təşviqini hədəfləyir.
Bu barədə Tezadlar.az–a AYNA-dan məlumat verilib.
Layihə çərçivəsində yolun həndəsi ölçülərindən optimal şəkildə istifadə olunmaqla hərəkət zolaqlarının sayı dəyişmədən yenidən bölgüsü aparıldı. Eyni zamanda, Mirəli Qaşqay küçəsi ilə kəsişmədən Mirzə Qədim İrəvani küçəsinədək olan hissədə ümumilikdə 1,9 km uzunluğunda mikromobillik zolaqları təşkil ediləcək. Mikromobillik vasitələri istifadəçiləri üçün təhlükəsiz və davamlı hərəkət şəraitinin yaradılması məqsədilə səki ilə yolun hərəkət hissəsi arasında parklanma yerləri yaradılacaq.
Qeyd edək ki, Nurəddin Süleymanov küçəsi ilə kəsişmədən Dəmirçizadə küçəsinədək olan yol sahəsində 316 parklanma yeri təşkil olunur.
Prospektdə piyadaların hərəkət intensivliyi nəzərə alınmaqla eynisəviyyəli piyada keçidlərinin təşkili nəzərdə tutulur. Bununla yanaşı, ictimai nəqliyyatdan istifadənin rahatlığını artırmaq məqsədilə dayanacaq məntəqələrinin yerləşməsi optimallaşdırılacaq.
Layihənin icrası zamanı standartlara uyğun işıq qaytarma qabiliyyətinə malik yol nişanlarının quraşdırılması və nişanlanma xətlərinin çəkilməsi təmin ediləcək.
Layihə şəhər mühitində balanslı nəqliyyat sisteminin formalaşdırılmasına, hərəkətin təhlükəsiz və rahat təşkili ilə yanaşı, vətəndaşların gündəlik hərəkət imkanlarının genişləndirilməsinə xidmət edir.