Əsas məzmuna keç

AZAL-da işçiyə “Soğan yemisən…” iddialı təhdid- NƏ BAŞ VERİR?

“Təzadlar”a müraciət edən  Bakı şəhər sakini Günay Babayeva (07.05.1981) iş yerində qarşılaşdığı münasibətdən narazı olduğunu bildirərək kömək istəyir. Günay Babayevanın sözlərinə görə, o, işlə bağlı Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya müraciət edib. Müraciətdən sonra işlə təmin olunması üçün Azərbaycan Hava Yollarına (AZAL) yönləndirildiyini və 13 aprel 2026-cı il tarixindən burada əmək fəaliyyətinə başladığını bildirir. Lakin vətəndaşın iddiasına görə, işə başladıqdan sonra vəziyyət heç də onun gözlədiyi kimi olmayıb. Sitat: “İşlədiyim müddətdə mənim şərəf və ləyaqətimə toxunan ifadələrlə qarşılaşdım. Mənə “səndən pis qoxular gəlir”, “soğan yemisən” kimi sözlər deyildi. Sonradan isə təhqiramiz ifadələr işlədildi”, – deyə Günay Babayeva redaksiyaya müraciətində bildirib. Şikayətçinin sözlərinə görə, o, məsələni bir neçə dəfə növbə rəisinə çatdırıb. Lakin iddiasına əsasən, növbə rəisi məsələyə obyektiv aydınlıq gətirmək əvəzinə onun özünü təhqir edib. Günay Babayeva daha sonra növbə rəisinin müavininə müraciət etdiyini, lakin burada da ona qarşı təhqiramiz münasibətlə üzləşdiyini bildirir. Şikayətçinin digər iddiası isə onun iş funksiyalarının dəqiq müəyyən edilməməsi ilə bağlıdır. Onun sözlərinə görə, işə qəbul olunmasına baxmayaraq, sonradan hansı vəzifə və funksiyanı yerinə yetirəcəyi tam aydınlaşdırılmadan müxtəlif işlərə yönləndirilib. “Mənim işim də tam bəlli olmadan məni başqa bir işə atdılar. Bir növ mənimlə işdə gizlənqaç oynayırdılar”, – deyə o bildirib.

Günay Babayeva məsələ ilə bağlı baş rəisə də müraciət etməyə çalışdığını, lakin qəbuluna düşə bilmədiyini və telefon zənglərinə cavab verilmədiyini qeyd edir. Şikayətçi özünün işinə məsuliyyətlə yanaşdığını, qayda-qanunlara əməl etdiyini bildirərək, yaranmış vəziyyətin sonda onu işdən ayrılmaq qərarına gətirdiyini deyir. Günay Babayevanın sözlərinə görə, qarşılaşdığı münasibətə daha dözə bilmədiyi üçün ərizə yazaraq işdən çıxmağa məcbur olub. O, hazırda əsas istəyinin əvvəlki işinə qaytarılması və işdən ayrılmasına səbəb olan halların araşdırılması olduğunu bildirir. Burada bir neçə mühüm sual ortaya çıxır: İş yerində əməkdaşın şərəf və ləyaqətini alçaldan ifadələrin işlədilməsi ilə bağlı hər hansı araşdırma aparılıbmı? Şikayətçinin rəhbərliyə müraciətləri niyə nəticəsiz qalıb? İşçinin vəzifə və iş funksiyaları niyə aydın müəyyən edilməyib? Ən əsası isə, vətəndaşın öz ərizəsi ilə işdən ayrılmasına səbəb olan hallar araşdırılıbmı? Məsələ ilə bağlı qarşı tərəfin – AZAL rəhbərliyinin və adı çəkilən vəzifəli şəxslərin mövqeyini dərc etməyə hazırıq. Əgər şikayətçinin iddiaları ilə bağlı xidməti araşdırma aparılıbsa, onun nəticələrinin ictimaiyyətə açıqlanması da məsələyə aydınlıq gətirə bilər.

Redaksiya olaraq bildiririk ki, təqdim olunan məlumatlar vətəndaşın müraciətində səsləndirdiyi iddialardır. Qarşı tərəfin mövqeyi öyrənildikdən sonra yazıya əlavə ediləcək.

Afət Məmmədova

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…