Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
5 İyun 2026 / 13:15

“Azərbaycan bir çox sahələrdə balanslaşdırılmış siyasət həyata keçirir…”

“Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra həm xarici, həm də daxili siyasətində tam müstəqil siyasət həyata keçirir. Bu siyasət həm iqtisadi, həm də siyasi sahələrdə özünü göstərir. Bildiyimiz kimi, iqtisadiyyatla siyasət bir-biri ilə sıx bağlıdır və bu iki istiqamət qarşılıqlı şəkildə bir-birini tamamlamalı, balanslaşdırılmalıdır”. Bu sözləri tezadlar.az-a açıqlamasında politoloq Azad Məsiyev deyib.

Onun sözlərinə görə, Azərbaycan bir çox sahələrdə balanslaşdırılmış siyasət həyata keçirir: “Xüsusilə xarici siyasətini iqtisadi maraqları ilə uzlaşdırmağa çalışır. Ölkəmiz Avropa ilə enerji təhlükəsizliyi sahəsində mühüm əməkdaşlıq qurub və Avropa İttifaqına üzv olan bir sıra dövlətlərin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır. Eyni zamanda Azərbaycan neft, qaz və yaşıl enerji sahələrində geniş fəaliyyət göstərir.

Azərbaycanda keçirilən Enerji Həftəsi və bu tədbir çərçivəsində Prezidentin çıxışı da ölkəmizin mövcud reallıqlarını özündə əks etdirən mühüm mesajlar daşıyır. Azərbaycan yalnız regionda deyil, regiondan kənarda da enerji təhlükəsizliyi sahəsində öz mövqeyini açıq və şəffaf şəkildə nümayiş etdirir. Dövlət və milli maraqlarından çıxış edərək regionda müxtəlif güclərin maraqlarının uzlaşdırılmasına töhfə verir.

Azərbaycanda keçirilən Enerji Həftəsi ölkənin xarici siyasətinin məntiqi nəticələrindən biri kimi qiymətləndirilə bilər. Çünki siyasət və iqtisadiyyat bir-birini tamamlayan sahələrdir. Bu cür beynəlxalq tədbirlər vasitəsilə Azərbaycan öz imkanlarını və reallıqlarını dünya ictimaiyyətinə təqdim edir.

Söhbət yalnız Enerji Həftəsindən getmir. Azərbaycan son illərdə bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycanın sabit, təhlükəsiz və hüquqi dövlət olduğunu nümayiş etdirir. Azərbaycana gələn xarici qonaqlar burada özlərini təhlükəsiz hiss edir, ölkədəki inkişaf proseslərini yaxından müşahidə etmək imkanı qazanırlar. İstər Bakı şəhərində həyata keçirilən yenidənqurma işləri, istərsə də işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq layihələri Azərbaycanın inkişaf modelini əyani şəkildə göstərir. Enerji Həftəsi çərçivəsində təqdim olunan layihələr də ölkəmizin enerji siyasətinin praktik nəticələrini əks etdirir. Bu cür tədbirlərin keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə daha yaxşı tanınmasına, dostlarının və tərəfdaşlarının sayının artmasına xidmət edir. Eyni zamanda, Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması baxımından da mühüm əhəmiyyət daşıyır. Hesab edirəm ki, Prezidentin həmin tədbirdəki çıxışı Azərbaycanın mövqeyini, regionda baş verən siyasi və iqtisadi proseslərə münasibətini aydın şəkildə ortaya qoyur. Bu çıxış həm də Azərbaycanın regionun aparıcı dövlətlərindən biri olduğunu bir daha nümayiş etdirir. Bu cür beynəlxalq tədbirlər regionda sabitliyin möhkəmlənməsinə, müxtəlif maraqların uzlaşdırılmasına və Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələrin daha geniş tanınmasına xidmət edir. Eyni zamanda, bu tədbirlər ölkəmizin beynəlxalq imicinin möhkəmlənməsinə və nüfuzunun daha da artmasına töhfə verir”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!