15 May 2026 / 21:50

Azərbaycan komandası çempionatda ümumilikdə uğurlu çıxışı ilə diqqət çəkir

Azərbaycanın üç təmsilçisi Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-17 Avropa çempionatında finala yüksəlib.

Tezadlar.az məlumat verir ki, yarışın beşinci günündə sərbəst güləş üzrə 48, 55, 65, 80 və 110 kq-da finalçılar müəyyənləşib.

Hüseyn Rzazadə (48 kq) gürcüstanlı Laşa Koridze (9:0), türkiyəli Yiğit Egemen (10:0) və rusiyalı Asilder Asluyevə (10:0) heç bir şans tanımayaraq finala vəsiqə qazanıb. Hüseyn sabah həlledici görüşdə ukraynalı Volodimir Boykoyla üz-üzə gələcək.

Abbas Şəfiyev (55 kq) türkiyəli Muhammed Yiğit (8:5) və slovakiyalı Patrik Vetrakı (6:0) mübarizədən kənarlaşdırsa da, yarimfinalda ermənistanlı Suren İşxanyanla bacarmayıb – 4:15. Abbas sabah bürünc medal görüşünə çıxacaq. Rəqibi İssa Çurayev (Fransa) – Kiril Şumeyko (Macarıstan) qarşılaşmasının qalibi olacaq.

Rəşid Nazarov (65 kq) gürcüstanlı Bidzina Jintçaradzeyə xalların keyfiyyətinə görə (2:2) qalib gəldikdən sonra türkiyəli Aydıncan Gümüşdağ (7:3) və ukraynalı Teymur Abumislimovu (3:1) üstələyib. Rəşid yarımfinalda fransalı Saşa Oberi vaxtından əvvəl (10:0) xalçadan məyus yola salıb. Nazarov sabah finalda rusiyalı Maksim Monquşla güləşəcək.

Nihad Süleymanlı (80 kq) gürcüstanlı Rati Revazaşvili (7:2), macarıstanlı Zeteni Tuği (7:0) və rusiyalı Rəcəb Rəcəbova (2:0) qalib gələrək adını finala yazdırıb. Nihad həlledici görüşdə türkiyəli Emirhan Çayırla qarşılaşacaq.

Hakim Tağıyev (110 kq) rusiyalı Maqomed Omarovla (2:1) slovakiyalı Adam Koşanı (4:1) yolundan kənarlaşdırsa da, yarımfinalda gürcüstanlı Murtaz Baqdavadzeyə 0:3 hesabıyla məğlub olub. Təmsilçimizin sabah üçüncü yer uğrunda mübarizə aparacağı rəqibi rumıniyalı Marku Vintan və ya belaruslu Daniil Jivula olacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!