Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
9 İyul 2026 / 15:01

“Azərbaycan Ukraynaya humanitar dəstək verir, lakin münaqişədə tərəf deyil”

“Rusiya-Ukrayna münaqişəsi başlayandan etibarən Azərbaycan bu münaqişənin diplomatik yolla həllinin tərəfdarı olub. İstər Rusiya, istərsə də Ukrayna tərəfinə dəfələrlə çağırışlar edilib ki, münaqişə sülh və diplomatik yollarla aradan qaldırılsın. Azərbaycanın bu istiqamətdə mövqeyi və çağırışları hər zaman aydın olub”.

Bu sözləri tezadlar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, təəssüflər olsun ki, bu gün Ukraynada belə bir acınacaqlı vəziyyət yaranıb. Bu, Ukrayna prezidentinin apardığı siyasətin məntiqi nəticəsidir. Azərbaycan Ukraynaya humanitar sahədə dəstək göstərir. Qeyd etdiyiniz kimi, Ukraynada elektrik enerjisi ilə bağlı problemlərin aradan qaldırılması məqsədilə generatorların verilməsi və digər humanitar yardımlar Azərbaycan dövləti tərəfindən Ukrayna dövlətinə və Ukrayna xalqına təqdim olunub. Təəssüflər olsun ki, Azərbaycan təxminən otuz il işğal altında olduğu, ölkədə milyonlarla qaçqın və məcburi köçkün yaşadığı dövrdə Azərbaycana bu cür humanitar yardımlar edilməmişdi. Buna baxmayaraq, Azərbaycan dövləti və Azərbaycan Prezidenti humanist mövqeyini bir daha ortaya qoydu. Amma Zelenskinin çağırışları müəyyən mənada maraq doğurur. Zelenski öz siyasi fəaliyyətində çalışır ki, bütün dünya Rusiyaya qarşı düşmən mövqedə dayansın. Onun bu cür provokativ və təxribat xarakterli çağırışları və bəyanatları da məhz buna xidmət edir. Azərbaycan isə bu münaqişədə tərəf deyil. Azərbaycan neytral mövqe tutur və qeyd etdiyim kimi, Rusiya-Ukrayna münaqişəsinin sülh və diplomatik yollarla həllinin tərəfdarıdır. Azərbaycan nə Rusiya tərəfinə, nə də Ukrayna tərəfinə hərbi yardım göstərmək fikrində olmayıb və olmayacaq. Çünki Azərbaycan neytral siyasət yürüdür və bu münaqişədə tərəf tutmur. Eyni zamanda, Azərbaycan Rusiya ilə qonşu dövlətdir və qonşuluq münasibətlərində dinc yanaşı yaşamaq prinsipini hər zaman əsas götürür. “Hesab edirəm ki, bu gün Ukrayna xalqının üzləşdiyi ağır vəziyyət Zelenskinin apardığı avantürist siyasətin nəticəsidir. Zelenski düşünür ki, bütün dünya Ukraynaya və şəxsən ona dəstək verməlidir, eyni zamanda Rusiyaya qarşı düşmən mövqedə dayanmalıdır. Belə avantürist yanaşmalarla münaqişəni həll etmək mümkün deyil. Faktiki olaraq, Zelenski Qərbin əlində bir alətə çevrilib və Ukrayna xalqının maraqlarından daha çox Qərbin maraqlarına xidmət edir. O, anlamır ki, nüvə doktrinasına malik, zəngin təbii sərvətlərə və böyük hərbi potensiala sahib olan bir dövlətlə yalnız güc dili ilə danışmaq avantüradır. Baxmayaraq ki, müharibə Ukrayna ərazisində gedir və NATO bloku faktiki olaraq bu prosesdə iştirak edir, buna baxmayaraq Ukrayna hərbi əməliyyatlarda üstünlük əldə edə bilmir. Zelenski isə hesab edir ki, bütün dünya Ukraynaya dəstək verməli, Rusiyaya qarşı çıxmalıdır. Hamının Zelenskinin mövqeyindən çıxış etməsi və bu cür avantürist yanaşmalarla problemləri həll etməyə çalışması mümkün deyil. Hesab edirəm ki, onun bu cür çağırışları da məhz təxribat xarakteri daşıyır. Zelenski düşünür ki, Rusiyaya qonşu olan bütün dövlətlər də Rusiya ilə düşmən münasibətdə olmalıdır. Halbuki Azərbaycan öz dövlət və milli maraqlarından çıxış edir. Azərbaycan bu münaqişədə tərəf deyil. Azərbaycan Ukrayna xalqına humanitar yardımlarını əsirgəmir, lakin münaqişənin iştirakçısı da deyil və onun sülh, diplomatik yollarla həllində maraqlıdır. Bu gün Zelenski məsələnin hərbi yolla həllində daha çox maraqlı görünür. Onun davranışları və bəyanatları da bunu göstərir. O, ABŞ və Avropa ölkələrini Ukraynaya daha çox silah verməyə çağırır. Bu isə göstərir ki, Zelenski münaqişənin hərbi yolla davam etdirilməsinin tərəfdarıdır. Halbuki hərbi yol münaqişəni daha da uzadır və bunun ən ağır nəticələrini Ukrayna xalqı yaşayır”, – deyə ekspert əlavə edib.

Siyasi şərhçi bir daha vurğulayıb ki, Azərbaycan Rusiya-Ukrayna münaqişəsində heç bir tərəfə hərbi dəstək vermir. Azərbaycan yalnız humanizm prinsiplərindən çıxış edərək humanitar yardımlarını əsirgəməyib. Baxmayaraq ki, qeyd etdiyim kimi, Ermənistanın otuz il Azərbaycan torpaqlarını işğal altında saxladığı, Azərbaycanda milyonlarla qaçqın və məcburi köçkünün olduğu dövrdə Ukrayna tərəfindən Azərbaycana bu cür humanitar yardımlar göstərilməmişdi. Buna baxmayaraq, Azərbaycan beynəlxalq humanitar dəyərlər və insan hüquqları prinsiplərinə sadiq qalaraq öz dəstəyini əsirgəmir. Amma Zelenskinin Azərbaycanın guya müdafiə sahəsində Ukraynaya dəstək verməsi ilə bağlı səsləndirdiyi fikirlər həqiqəti əks etdirmir. Bu, avantürist yanaşmadır. Azərbaycan bu cür avantüralardan uzaqdır. Azərbaycan neytral siyasət yürüdür, böyük güclər arasında balanslı siyasət aparır və bu münaqişədə heç bir tərəfi dəstəkləmir. Zelenskinin verdiyi bu bəyanat təxribat xarakterli yanaşmadan başqa bir şey deyil.

SƏBUHİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!