Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
31 İyul 2026 / 16:43

Azərbaycanda bank faizləri çox yüksəkdir – səbəb rəqabətin zəifliyidir?..

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır.

Tezadlar.az  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov mətbuat konfransında bildirib.

“Kreditlər üzrə faizlərin daha çox azalmasını istərdik. Lakin bank sektorunda rəqabətin az olması nəticəsində faizlərin dəyişməsi istədiyimiz səviyyədə deyil”, – AMB sədri deyib.

Mərkəzi Bank 2025-ci il ərzində uçot dərəcəsini ümumilikdə 0,75 faiz bəndi azaldıb. Bu qərarların depozit və kredit faizlərinə təsiri müşahidə olunsa da, kreditlər üzrə azalma daha zəif olub.

AMB iri bankların faiz qərarlarını izləyir

Mərkəzi Bank sistem əhəmiyyətli və bazarda yüksək paya malik bankların kredit faizlərinə təsirini hələlik ayrıca qiymətləndirməyib. Bununla belə, Taleh Kazımov bildirib ki, iri bankların faiz qərarları, onların digər banklardan fərqləri və bazara təsiri daim təhlil edilir.

“Lazım olduğu halda müvafiq tədbirlər görəcəyik”, – AMB sədri əlavə edib.

“İstərdik ki, kredit faizlərində daha çox azalma olsun. Mən bunu bir neçə dəfə qeyd etmişəm, yəqin ki, 29 iyulda çıxan müsahibəmi də görmüsünüz – bank sektorunda rəqabətin az olması nəticəsində kredit faizlərinin dəyişimi o qədər istədiyimiz kimi də deyil”,- Taleh Kazımov deyib.

Yeni kreditlər üzrə faizlər necə dəyişib?

Taleh Kazımov qeyd edib ki, 2025-ci ilin iyun ayı ilə müqayisədə fiziki şəxslərə verilmiş yeni kreditlər üzrə faiz dərəcələri 0,2 faiz bəndi azalıb. Hüquqi şəxslərə verilmiş yeni kreditlər üzrə faiz dərəcələrində isə 0,3 faiz bəndi enmə qeydə alınıb.

Yeni cəlb edilmiş depozitlər üzrə fiziki şəxslərə təklif olunan faizlər 0,5 faiz bəndi, hüquqi şəxslərin depozitləri üzrə faizlər isə 0,3 faiz bəndi aşağı düşüb.

Taleh Kazımov qeyd edib ki, sabit məzənnə rejimi şəraitində uçot dərəcəsinin 0,75 faiz bəndi azaldılmasının depozit və kredit faizlərinə mövcud ötürülmə səviyyəsi ilkin mərhələdə Mərkəzi Bank üçün məqbuldur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!