Son onillikdə dünyada internetlə əlçatanlıq o qədər irəlilədi ki, yeni üsul və vasitələrlə qazanc əldə etmə yolları da yaranmağa başladı.
Və bu gün bəzi şəxslərin xüsusi təhsilə ehtiyacı olmadan gəlir əldə etmə yoluna yeni peşə deməyək, yeni bir fəaliyyət növü də əlavə olunub – blogerlik.
Blogerlər müntəzəm olaraq, eyni zamanda məqsədyönlü şəkildə məzmun yaradan və sonra onu müxtəlif platformalarda: məsələn, Instagram, Telegram, VKontakte, TikTok, YouTube, Twitch və digərlərində yayımlayan şəxslərdir.
Onlar daha çox istifadəçiyə çatmaq, izləyici sayını artırmaq və bundan pul qazanmaq məqsədilə – foto, video və audio paylaşımlarla öz izləyiciləri ilə qarşılıqlı əlaqə yaratmaq üçün eyni vaxtda bir neçə platformada səhifə saxlayır.
İzləyicilərin bəzən həsədlə seyr etdikləri blogerlərin gəliri elə onlara vaxt sərf edib izləyənlərin sayından, əməkdaşlıq etdikləri markalardan asılıdır. Və buna görə dünyada bloğerlərin gəliri də individualdır. Qeyd etdiyimiz kimi, blogerin əmək haqqı diapazonu bloqa gələnlərin sayından, reklam gəlirlərindən, blogerin öz sahəsində nə qədər məşhur olmasından və s. asılıdır.
Blogerlərin pul qazanmasının ən populyar yolu da reklam satışıdır.
Reklamın da qiyməti bir çox amillərdən asılıdır: abunəçilərin sayı, əhatə dairəsi və cəlbetmə göstəriciləri, bloqun mövzusu və hədəf auditoriyası, blogerin məzmuna yanaşması. Məsələn, biznes auditoriyası olan bloqlarda reklam daha bahalıdır. Elə blogerlər var ki, milyonlarla izləyicisi var və təbii ki, qazancı da daha çoxdur.
Blogerlər arasında şəxsi həyatlarında baş verən hadisələri, yaşam tərzlərini açıq şəkildə paylaşaraq populyarlaşanlar da az deyil: bütün bunların başında isə pul qazanmaq məqsədi dayanır.
Artıq bəzi şəxslər bu yolu tutaraq məşhurlaşıblar və təbii ki, məhz bu səbəbdən həm izləyici sayını, həm də reklam üçün onlara müraciət edənlərin sayını artırırlar.
Lakin pis bir trendə çevrilən isə bəzi blogerlərin bahalı yaşam tərzini gözə soxmağa çalışması, bir çox izləyiciyə qıcıq verən paylaşımlarıdır.
Bir neçə gün öncə sosial mediada, KİV-də Azərbaycan Respublikasının Əməkdar artisti Aybəniz Haşımovanın qızı Aynişan Quliyevanın yeni evinə köçməsi xəbəri yer aldı: yeni evi xeyirli, düşərli olsun! Elə yeni evinə köçən Aynişan xanım mənzilində düzənini qurmasını çəkib paylaşmışdı və bu video müxtəlif platformalarda yayılmışdı, həmçinin TikTok -da da.
Qeyd edək ki, həmin video izləyicilərin bir çoxunda ona qarşı mənfi münasibət yaratmışdı, çünki bloger məqsədli şəkildə qarderobunu – ayaqqabıdan, çantadan tutmuş ətirlərinədək, qutusundan bir-bir çıxararaq, göstərə-göstərə evini bəzəyib-düzəyirdi… Bu narazılığı yüzlərlə insanın şərhindən görmək olurdu… Əslində, hörmətli Aybəniz xanımın qızından evində kitab dolabını paylaşmağı, hansısa sevdiyi əsərləri nümayiş etdirməyi, yeni nəşr olunmuş yazıçıların kitablarını rəflərə düzməsini nümayiş etdirməsini gözlərdik. Onun gözəl bir kitab dolabını, hansısa yazıçının əsərini reklam etməsi izləyiciləri üçün də, cəmiyyət üçün də faydalı olardı, nəinki geyim-geçimini, evinin təmirini göstərmək! Xalqın sevdiyi bir xanımın övladı olaraq, bir bloger olaraq kitab oxumağa təşviq edərdi, hansı ki, bu gün belə təbliğata daha çox ehtiyacımız var. Bu tip reklamla o izləyici sayı itirməyəcəkdi, əksinə, daha çox bəyənilərək təqdir ediləcəkdi. Bəzi izləyicilər “bu dəyirmanın suyu hardan gəlir?” deyir, amma bu bizi maraqlandırmır. Əsas odur ki, qazandığın pulu cəmiyyətə fayda verərək qazanasan. Unutmayaq ki, ən bahalı ətrin qoxusu belə zamanla yox olur… Yəqin ki, blogerlərimiz kitablarla bağlı təklifimizdən faydalanarlar.
JASMİN
P.S. Qəribəsi budur ki, şou-biznes nümayəndələrinin əksəriyyətinin evində çəkiliş edən aparıcılar da onların kitab dolabı olan otaqlarını deyil, zəngin süfrələrini və qarderoblarını göstərirlər…







