Bakı-Tbilisi sərnişin qatarı bu tarixdən fəaliyyətini bərpa edəcək – NAZİRLƏR GÖRÜŞDÜ…

Oxunma sayı: 178

Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşıma mayın 1-dən bərpa edilə bilər.

TEZADLAR.AZ xəbər verir ki, bu məsələ Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev arasında keçirilən görüşdə müzakirə olunub.

Tərəflər Gürcüstan və Azərbaycan arasında bu il mayın 1-nə planlaşdırılan dəmir yolu ilə sərnişindaşımanın bərpası məsələsini nəzərdən keçiriblər.

Davitaşvili  görüş zamanı bunları deyib: “Bu dəmir yolu əlaqəsi bizim turizm sektorumuz üçün çox vacibdir. Azərbaycanlı həmkarımla görüşdə biz həmçinin bu ilin yükdaşımaları ilə bağlı proqnozları müzakirə etdik. Əsas məqsədimiz maksimum koordinasiya ilə regional və beynəlxalq səviyyədə daha rəqabətqabiliyyətli olmaqdır”. L.Davitaşvili bildirib ki, iki ölkə arasında iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən biri məhz nəqliyyat sahəsidir və bu səbəbdən hər il görüşlər keçirilərək il ərzində görüləcək işlər müzakirə edilir. Onun sözlərinə görə, görüşdə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi məsələsi də müzakirə olunub və bu il layihənin son mərhələsinin istismara veriləcəyi planlaşdırılır. Bundan əlavə, Gürcüstan və Azərbaycan arasında bu infrastrukturun idarə edilməsi üçün yaradılmış birgə müəssisə haqqında da danışıqlar aparılıb. İqtisadiyyat və davamlı inkişaf nazirliyində keçirilən görüşdə Gürcüstan tərəfdən nazir müavini Quram Quramişvili, “Marabda-Kartsaxi” MMC-nin rəhbəri Levan Kankava, “Gürcüstan Dəmir Yolları”nın rəhbər şəxsləri, Dövlət Əmlakının Milli Agentliyinin direktoru İrakli Şengeliya iştirak ediblər. Azərbaycan nümayəndə heyətinə isə nazir Rəşad Nəbiyev başçılıq edib. Görüşdə həmçinin “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov, Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər. Tərəflər Orta Dəhlizin artan roluna xüsusi diqqət yetirib və onun rəqabət qabiliyyətinin artırılması, əlavə yüklərin cəlb olunması üçün görülən tədbirləri müzakirə ediblər. Bildirilib ki, bu proses hər iki ölkəyə əlavə dəyər yaratmaq imkanı verəcək.

Xəbəri paylaş

30 Aprel