Gedişhaqları artır, problemlər isə qalır. Bir həftəlik müşahidələr göstərdi ki, avtobuslarda sıxlıq, gecikmə və keyfiyyətsiz xidmət davam edir.
Son illər paytaxtda tıxac problemini azaltmaq üçün müxtəlif qərarlar qəbul edilir, yeni qaydalar tətbiq olunur və vətəndaşlara ictimai nəqliyyatdan daha çox istifadə etmələri tövsiyə olunur. Hesab edilir ki, şəhərdə nəqliyyat sıxlığını azaltmağın əsas yolu şəxsi avtomobillərdən istifadənin azalması və ictimai nəqliyyatın əsas seçimə çevrilməsidir. Amma burada haqlı bir sual ortaya çıxır: vətəndaşlar hansı ictimai nəqliyyata güvənib şəxsi avtomobillərindən imtina etməlidirlər?

Bəli, bu sual son bir həftə ərzində ictimai nəqliyyatdan istifadə etdiyim müddətdə daha çox diqqətimi çəkdi. Gördüklərim və şahidi olduqlarım isə göstərdi ki, verilən vədlərlə insanların gündəlik qarşılaşdığı reallıq bir-birinə uyğun gəlmir.
Ötən yazılarımdan birində də qeyd etmişdim ki, Bakıya giriş pullu olacaq, ödənişli hərəkət zonaları yaradılacaq. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 19 sentyabr 2025-ci il tarixli sərəncamına əsasən, 2027-ci ildən Bakı şəhərində “ödənişli hərəkət zonaları” tətbiq olunacaq. Yəni, bəzi küçə və ya ərazilərə avtomobillə daxil olmaq pullu olacaq. Bu vəsaitlər “İctimai nəqliyyat” Fonduna yönəldiləcək və həmin pulla avtobusların subsidiyalaşdırılması, yəni ictimai nəqliyyatın saxlanması və inkişafı maliyyələşdiriləcək.
Sadə dillə desək, şəxsi avtomobillə şəhər mərkəzinə girmək pullu olacaq, əsas məqsəd – ictimai nəqliyyatı daha əlçatan və keyfiyyətli etməkdir. Bu qərar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Yəni, bu dəyişikliklərə uyğunlaşmaq üçün müəyyən zamanımız var.
Cənab Prezident tərəfindən imzalanan qərar artıq, yaxın aylarda tətbiq olunacaq. Məlumata görə, bu addımın əsas məqsədi paytaxtın mərkəzində uzun illərdir həllini tapmayan tıxac problemini aradan qaldırmaqdır. İlk baxışdan bu qərar məntiqli görünür. Çünki Bakı şəhərində nəqliyyat sıxlığı artıq uzun müddətdir həm sürücülərin, həm də piyadaların gündəlik həyatına ciddi təsir göstərir. İnsanlar saatlarla yollarda qalır, işə, universitetə, məktəbə və digər vacib ünvanlara vaxtında çatmaqda çətinlik çəkirlər. Bu tıxaclar müəyyən xəstəlikdən əziyyət çəkən sərnişinlərdə ciddi problemlər yaradır. Təbii ki, bu vacib problemin həlli üçün müəyyən addımların atılması vacibdir.

AYNA da mütəmadi olaraq vətəndaşlara müraciət edir ki, şəhərdə tıxacların azalması üçün ictimai nəqliyyatdan daha çox istifadə etsinlər. Rəsmi açıqlamalarda bildirilir ki, müasir şəhərlərdə əsas yük ictimai nəqliyyatın üzərində olmalı, insanlar rahat, sürətli və təhlükəsiz şəkildə mənzil başına çata bilməlidirlər. Amma şəhərdəki bu tıxacların ən başlıca səbəbkarlardan biri, bəlkə də birincisi AYNA-nın harada gəldi parklanma işarəsini qoymasıdır. Gün ərzində bəlkə heç bir ədəd də velosipedin keçmədiyi halda velosiped zolağı yaradılmaqla yol daralır və sıxlıq uzanır. AYNA-ın rahat nəqliyyat vədi isə, vəd olaraq qalır.
İndi burada bir sual yaranır, vətəndaşlar deyilən o rahat ictimai nəqliyyatı harada görsünlər və ondan necə istifadə etsinlər?

Çünki illərdir səsləndirilən vədlərlə reallıq arasında ciddi fərq var. Bir tərəfdən demək olar ki, ildən-ilə nəqliyyatın qiyməti artır, üstəlik bunu da xidmətin yaxşılaşdırılması, yeni avtobusların alınması, infrastrukturun yenilənməsi və sərnişin rahatlığının artırılması göstərilir. Amma gündəlik olaraq ictimai nəqliyyatdan istifadə edən vətəndaşların qarşılaşdığı mənzərə tamamilə fərqlidir. Xidmətin vəziyyəti olduqca acınacaqlıdır. Bəs hanı vəd olunan xidmət, hanı deyilən o rahat ictimai nəqliyyat? Demək olar ki, sıfır səviyyəsindədir. Qiymətlər ildən-ilə artırılsa da, vətəndaşların hiss etdiyi keyfiyyət dəyişikliyi demək olar ki, gözə çarpmır.
Bax, indi isə son bir həftə ərzində ictimai nəqliyyatda qarşılaşdığım “macəralardan” danışım. Bu müddətdə gördüklərim bir daha göstərdi ki, insanların ictimai nəqliyyatla bağlı səsləndirdiyi şikayətlər heç də əsassız deyil. Əksinə, hər gün ictimai nəqliyyatdan istifadə edən insanların üzləşdiyi problemlər düşündüyümüzdən daha ciddi və daha çoxdur. Xüsusilə də son günlər istifadə etdiyim 120 nömrəli marşrut xəttində bu problemləri daha aydın müşahidə etdim. Kondisionerlərin işləməməsi, xidmət keyfiyyətinin aşağı olması və sərnişin narazılığı daha çox şəhərətrafı ərazilərdən gələn marşrutlarda hiss olunur. Şəhərdaxili bəzi marşrutlarda vəziyyət nisbətən qənaətbəxş olsa da, şəhərətrafı qəsəbələrə, kəndlərə işləyən marşrutlarda bu problemlər daha qabarıq şəkildə özünü göstərir.

Səhər saatlarında marşruta minmək özü ayrıca bir problemə çevrilir. Dayanacaqlarda uzun növbələr yaranır, gələn avtobusların çoxu isə artıq dolu olur. İnsanlar avtobusa minmək üçün bir-birini sıxışdırır, bəzən yaşlılar, qadınlar və uşaqlar da bu basabasın qurbanı olurlar. Nəticədə insanlar günə yorğun, gərgin və əsəbi başlayırlar. Avtobuslar üşün zolaqları ayrıldı ki, güya vətəndaşlar getdikləri ünvana rahat və tez çatsınlar. Amma görünən odur ki, bu məqsəd hələ də tam reallaşmayıb. Bir çox marşrutlarda sərnişinlər yenə də uzun müddət yolda qalır, pik saatlarda isə hərəkət sürəti o qədər aşağı olur ki, qısa məsafəyə getmək belə xeyli vaxt aparır. Məsələ bununla da bitmir. Son günlərin ən böyük bəlası isə hələ havalar soyumamış kondisionerləri sürücülərin söndürməsidir. Soruşanda ki, ay sürücü qardaş, bu kondisioneri işə sal, o BakuBus-un lal-dinməz sürücüləri dilə gəlib danışırlar ki, kondisioner işləmir.
Bax, bu da Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) rəsmilərinin boşboğaz danışdığı o “gözəl xidmət”.
Bu marşrutdan istifadə etdiyim bir həftə ərzində cəmi bir-iki dəfə normal şəraitdə gedə bildim. Sərnişinlər də deyirlər ki, bu marşrutda yayda kondisioner işləmir, qışda isə istilik. İnsanlar istidə istiyə, soyuqda isə soyuğa məruz qalaraq yol gedirlər. Belə bir vəziyyətə nə vaxtsa son qoyulacaqmı? Sərnişinlərdə haqlı olaraq sual yaranır – əgər kondisioner işləmirsə, həmin marşrut avtobusu niyə xəttə buraxılır? Əgər xidmət keyfiyyətinin artırılmasından danışılırsa, niyə ən elementar rahatlıq belə təmin olunmur? Məhz bu amilə görə verilən yalan vədlər və mənasız bəyanatlar artıq vətəndaşları bezdirib. İnsanların bu cür vədlərə inamı qalmayıb. Bunun arxasında dayanan əsas səbəb isə, yenə də qeyd edirəm, nəzarətsizlik və cəzasızlıqdır.
Bütün bunların fonunda vətəndaşların narazılığı da artır. Çünki insanlar sadəcə qiymət artımını deyil, həmin qiymətə uyğun xidmət də görmək istəyirlər. Bu isə onların ən təbii haqqıdır.

Bir həftə ərzində avtobuslarda eşitdiyim söhbətlər, insanların bir-birinə etdiyi şikayətlər, gündəlik narazılıqları göstərir ki, problem təkcə mənim müşahidələrimdən ibarət deyil. İnsanlar işə gecikdiklərini, saatlarla yolda qaldıqlarını, avtobusların sıxlığından narahat olduqlarını açıq şəkildə dilə gətirirlər. Avtobusların sayı artırılmalıdır ki, basabas yaranmasın. Bunu vətəndaş deməlidir? Məgər özləri görmürlər? Tənzimləyə bilmirlərsə, bu işə bacaranlar cəlb edilsin.
Səhər işə gedən insanın fikri mübahisə etmək deyil. Tələbə nə istəyir? – dərsə vaxtında çatmaq. Müəllim, həkim, dövlət qulluqçusu, fəhlə və ya sahibkar günə normal başlamaq istəyir. Lakin nəqliyyatda yaşanan problemlər insanların günə yorğun, gərgin və əsəbi başlamasına səbəb olur.
Bu gün paytaxtın nəqliyyat sistemi üzərinə düşən yük əvvəlki illərlə müqayisədə daha da artıb. Metronun Nizami stansiyası ilə 28 may stansiyası arasında əlaqə bağlandığından, yeni tədris ilinin başlaması, şəhərə gündəlik giriş-çıxış edən insanların sayının çoxalması vəziyyəti daha da mürəkkəbləşdirib. Belə bir dövrdə nəqliyyat sahəsinə daha çox diqqət yetirilməli, nəzarət daha güclü olmalı idi. Amma vətəndaşların hər gün gördüyü mənzərə bunun tam əksini göstərir.
Deyirlər ki, avtobuslarda kameralar quraşdırılıb, hər şey nəzarət altındadır. Amma sərnişinlərlə kobud davranan, problemlərə laqeyd yanaşan sürücülərlə bağlı şikayətlər hələ də davam edir. Əgər doğrudan da nəzarət varsa, bu problemlər niyə illərdir həllini tapmır? Sürücülərin daha bir kobudluğu isə, dayanacaqda qapını bağlayandan sonra özünü çatdırıb avtobusa minmək üçün qapını döyməsinə baxmayaraq, sürücünün əhəmiyət vermədən avtobusu sürüb getməsidir. Halbuki BUS şirkətinin nizamnaməsinə görə avtobus dayanacaqdan 20 metr uzaqlaşana qədər sürücü saxlayıb sərnişini götürməlidir.Hətta bundan ötrü Bus şirkətinin sürücülər üçün cəza mexanizmi də var. Buna baxmayaraq, cavan, yaşlı, əlil demədən qapını qəddartcasına hərəkət edərək, ona yalvarışlı baxışlarla baxan sərnişin üçün qapını açmır. Əlbəttə, bu sürücünün yox, Şirkətin cibinə ziyandır ki, bu da sürüçünün vecinə deyil. Çünki avtobusda sərnişin oldu-olmadı, fərqi yoxdur, sürücü lazımı əmək haqqını alır. Bir məqamı da qeyd etmək yerinə düşərdi. Əvvəllər, yəni tıxaclar olmayan vaxtlarda avtobusların oturacaqları yumşaq materiallardan idi. Idi isə, saatlarla uzanan tıxaclarda sərnişinlər bərk materialdan hazırlanmış oturacaqlarda oturmağa məcburdur. Bu da sərnişinlərə əlavə bir problem də yaradır. Axı daş kimi bərk oturacaqlarda insan nə qədər otura bilər? Bu barədə BUS şirkətinin rəhbərliyi heç düşünürmü?

Məsələnin bir başqa tərəfi də var. Bakı hər gün yüzlərlə xarici qonaq qəbul edir. Şəhəri gəzmək və tanımaq istəyən turistlər də ictimai nəqliyyatdan istifadə edirlər. Onlar da vətəndaşlarımızın üzləşdiyi eyni problemlərlə qarşılaşırlar. Təbii ki, bu vəziyyət ölkə haqqında formalaşan ümumi təəssürata da öz təsirini göstərir. Biz tez-tez Avropa ölkələrinin nəqliyyat sistemlərini nümunə göstəririk. Almaniyaya, Fransaya və ya başqa ölkələrə səfər edən vətəndaşlarımız oradakı rahatlıqdan, dəqiqlikdən və xidmətin keyfiyyətindən razılıqla danışırlar. Maraqlıdır ki, söhbət qiymətlərdən gedəndə Avropa standartlarına yaxınlaşmaq çox sürətlə baş verir. Amma xidmət keyfiyyətinə gələndə isə həmin standartları görmək niyə mümkün olmur? Əslində vətəndaşların istəyi çox sadədir. Heç kim pulsuz xidmət tələb etmir. İnsanlar sadəcə ödədikləri pulun qarşılığında normal xidmət görmək istəyirlər. Vaxtında gələn avtobus, işləyən kondisioner, sərnişinə hörmətlə yanaşan sürücü və təhlükəsiz səfər – bunlar hər bir vətəndaşın ən təbii haqqıdır.
Əgər insanlardan şəxsi avtomobildən imtina etmələri istənilirsə, əvvəlcə onlara rahat və etibarlı alternativ nəqliyyat vasitəsi təqdim olunmalıdır. Həmin alternativ də kağız üzərində yox, real həyatda özünü göstərməlidir. Əks halda, şəxsi avtomobildən imtina ilə bağlı çağırışlar vətəndaşlar tərəfindən sadəcə növbəti şüar kimi qarşılanacaq. Bu gün ictimai nəqliyyatda problem təkcə avtobusların sayı və ya marşrutların xəritəsi ilə bağlı deyil. Əsas problem illərdir həllini tapmayan xidmət keyfiyyəti, zəif nəzarət və vətəndaş məmnuniyyətinin arxa plana atılmasıdır. İnsanlar artıq vəd yox, konkret nəticə görmək istəyirlər. Çünki hər gün o avtobuslara minən, dayanacaqlarda gözləyən və bütün bu problemlərlə üzləşən elə vətəndaşların özləridir. O vətəndasşlar ki, onların pulu ilə o boyda şirkətlər və avtobuslar saxlayırlar. Heç olmasa elə edin ki, sərnişinlər sizə verdikləri pulun halallığını versinlər.
Elşad FƏRMANOĞLU







