Əsas məzmuna keç

Bakıda avtobus sürücüsü Leyla Məmmədova- ONU NECƏ TANIYIRSIZ?

…o, 21 il evdar qadın olub, indi isə Bakıda 88 nömrəli avtobusu sürür. Tezadlar.az Leyla Məmmədovanın özü haqqında yazdığl bu statusu təqdim edir:
– Bakıda anadan olmuşam. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində texnoloji maşınlar və avadanlıqlar ixtisası üzrə təhsil almışam. Ancaq universitetin dördüncü kursunda ailə həyatı qurduğum üçün işləmədim. Beləliklə, 21 il evdar xanım oldum. Lakin həyat elə gətirdi ki, həyat yoldaşım xəstələndi və işləmək onun üçün çətinləşdi. Bundan sonra qərara gəldim ki, taksi sürücüsü olum. Həm də öz qazancımın olmasını, maddi baxımdan müstəqil olmağı istəyirdim. İmtahan verdim, sertifikat aldım və “Bolt” şirkəti ilə əməkdaşlıq çərçivəsində taksi sürücülüyünə başladım. Yeddi ay bu sahədə çalışdım. Onu da deyim ki, bundan əvvəl də 12 il avtomobil idarə etmişdim.
Bir qızım var, 22 yaşı var. Mənimlə fəxr edir. Qızım da sərnişinimdir, hər gün işə aparıram. Bayılda işləyir. Qarajdan çıxanda zəng edirəm, o da dayanacaqda dayanıb məni gözləyir. Həyat yoldaşım isə ilk vaxtlar bu işi bacaracağıma inanmırdı. Düşünürdülər ki, alınmayacaq. İndi isə münasibət tamamilə dəyişib. Heç kim gözləmirdi ki, mən bunu bacararam. Çünki avtobus idarə etmək böyük məsuliyyət tələb edir. Gün ərzində 800-1000 nəfər sərnişin daşıyırsan. Hər bir incə detalı bilməli, daim diqqətli olmalısan.
Bizdə iki növbəli iş rejimi var. Mən səhər növbəsində çalışıram. Tez yuxudan durmaq mənim üçün problem deyil. Gecə saat 3:30-da oyanıb hazırlaşıram. Saat 4-də servis məni qaraja aparmaq üçün gəlir. Saat 5-də artıq qarajda oluram, avtobusu götürürəm. Saat 6 tamamda dayanacağa çatıb xəttə çıxıram.
İşim günorta saat 2-də bitir. İkinci növbə isə həmin vaxt başlayır. Gündə səkkiz saat işləyirik. Saat 2-dən sonra şəxsi işlərimlə məşğul oluram. Axşam saat 7-də isə artıq yatmağa çalışıram ki, səhər tezdən rahat oyanım.
Su səkkiz saat ərzində 8-10, bəzən də 15 dəqiqə vaxtımız olur. Bu müddətdə çay içir, nəsə yeyirik. Təbii ki, bunlar avtobusda baş verir. Mən demək olar ki, hər dayanacaqda çay içirəm.
Nadir hallarda iki-üç sərnişin avtobusa minən kimi narazılıq edib. Amma mən heç bir söz deməmişəm. İnsandır, bəzən əhvalı olmur, mübahisə etmək istəyir. Mən isə buna şərait yaratmamışam. Qazilərimiz də avtobusa minəndə yaxınlaşıb xoş sözlər deyirlər…
xxx
Bəli, qarşıda məqsəd olanda ona çatmaq üçün, sadəcə, səy göstərmək, ona doğru irəliləmək lazımdır…
A.Məmmədli
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…