Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Son illər regionlardan Bakıya köç edənlərin sayının artması paytaxtda əhali sıxlığını daha da artırıb. Bu proses mənzil bazarına, nəqliyyata, sosial infrastruktura və əmək bazarına da təsirsiz ötüşmür. Digər tərəfdən, regionlarda gənc və əmək qabiliyyətli əhalinin azalması həmin ərazilərin inkişafı ilə bağlı narahatlıqları da gündəmə gətirir.
Bəs daxili miqrasiya hansı sosial problemlərə səbəb olur və bu prosesin balanslaşdırılması üçün hansı addımlar atılmalıdır?
Təzadlar.az -a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, son 20-25 ildə regionlardan Bakıya köç prosesi dayanmaq əvəzinə daha da sürətlənib:
“Bunun əsas səbəbi təkcə iqtisadi amillər deyil. Regionlarda gənclər iş imkanları ilə yanaşı, sosial və mədəni infrastrukturun zəifliyi ilə də üzləşirlər. Əyləncə məkanlarının, teatrların, müxtəlif sosial fəaliyyət imkanlarının məhdud olması gənclərin paytaxta üz tutmasına səbəb olur.
Bu problemin həlli yalnız regionlarda məşğulluğun artırılması ilə mümkün deyil. Eyni zamanda sosial həyatın canlandırılması, mədəniyyət və istirahət imkanlarının genişləndirilməsi də vacibdir”.
N.Cəfərlinin fikrincə, regionlarda yeni cazibə mərkəzləri formalaşdırılmalıdır:
“Məsələn, Gəncə, Şəki və Xankəndi kimi şəhərlər güclü iqtisadi, sosial və mədəni potensiala malik iri şəhərlərə çevrilməlidir. Bu şəhərlərdə həyat keyfiyyəti yüksəldikcə insanlar yalnız Bakıya köç etməyi deyil, regionlarda yaşamağı da üstün tutacaqlar. Yəni məqsəd təkcə Bakıya köçün qarşısını almaq deyil, eyni zamanda regionlara əks miqrasiyanı təşviq edəcək şərait yaratmaq olmalıdır”.