Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dəfələrlə deyilib-yazılanlardan sonra, deyəsən, Basqaldakı dağılmış qədim məktəbin bəxti açılır… Belə ki, “Basqaldakı köhnə məktəb binası sənətkarlıq mərkəzi və qonaq evi kimi bərpa ediləcək”, -deyən Qoruqların İdarəedilməsi Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli mediaya açıqlamasında belə deyib. Onun sözlərinə görə, artıq binanın bərpa layihələndirilməsi tamamlanıb və növbəti illərdə tikinti işlərinə başlanılacaq: “Köhnə məktəb binasının layihəsi hazırdır. Bu bina məktəb funksiyasını davam etdirməyəcək. Onun yuxarı hissəsi 5–6 otaqlı guesthouse(qonaq evi), aşağı hissəsi isə sənətkarlar üçün emalatxana və sənətkarlıq məkanı kimi fəaliyyət göstərəcək”.
Sədrin sözlərinə görə, yeni konsepsiya Basqalın tarixi-mədəni mühitinə uyğun olaraq müəyyən edilib və qəsəbədə sənətkarlığın inkişafına dəstək vermək məqsədi daşıyır: “Burada yaradılacaq sənətkarlıq məkanı həm yerli ustalar, həm də turistlər üçün açıq olacaq. Məqsəd həm ənənəvi sənətlərin qorunması, həm də qəsəbənin turizm potensialının artırılmasıdır”.
O bildirib ki, bərpa zamanı binanın tarixi memarlıq xüsusiyyətləri maksimum dərəcədə saxlanılacaq və bütün işlər qoruq qaydalarına uyğun aparılacaq. M.Ağabəyli əlavə edib ki, qəsəbədə ümumilikdə bərpa prosesi davam edir, tarixi strukturlar yenilənir, küçələr, divarlar və bulaqlar mərhələli şəkildə restavrasiya olunur.