Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
FOTO 1/3
Beyləqan rayonunun Şahsevən kəndində “Aqrar Sığorta – Güvənli Gələcək!” layihəsi çərçivəsində fermerlər üçün növbəti maarifləndirici təlim təşkil edilib. “Liberal İqtisadçılar Mərkəzi” İctimai Birliyindən tezadlar.az-a bildirilib ki, 15 iyul 2026-cı il tarixində keçirilən tədbirin məqsədi fermerlərin aqrar sığorta sistemi barədə məlumatlılığını artırmaq, onları mövcud sığorta imkanlarından istifadəyə təşviq etmək və kənd təsərrüfatında risklərin səmərəli idarə olunması sahəsində biliklərini genişləndirmək olub. Təlim “Liberal İqtisadçılar Mərkəzi” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Aqrar Sığorta – Güvənli Gələcək!” layihəsi çərçivəsində keçirilib.
Tədbirdə iştirakçılara aqrar sığortanın əhəmiyyəti, sığortalanan kənd təsərrüfatı riskləri, dövlət tərəfindən təqdim olunan dəstək mexanizmləri, sığorta müqaviləsinin bağlanması qaydaları, sığorta hadisəsi baş verdiyi zaman müraciət prosedurları, eləcə də fermerlərin hüquq və vəzifələri barədə ətraflı məlumat verilib. Təlim zamanı mövzu real praktik nümunələr əsasında izah olunub, iştirakçıların çoxsaylı sualları cavablandırılıb. Çıxışlarda qeyd edilib ki, aqrar sığorta təbii fəlakətlər, dolu, sel, güclü külək, yanğın və digər risklər nəticəsində yaranan maliyyə itkilərinin azaldılmasında mühüm rol oynayır. Bildirilib ki, fermerlərin aqrar sığortadan istifadəsi təsərrüfat fəaliyyətinin davamlılığını təmin etməklə yanaşı, kənd təsərrüfatının dayanıqlı inkişafına da mühüm töhfə verir.
Təlimdə Şahsevən kəndi və ətraf yaşayış məntəqələrindən olan fermerlər, ailə-kəndli təsərrüfatı sahibləri və kənd təsərrüfatı sahəsində çalışan vətəndaşlar fəal iştirak ediblər. Fermerlər təqdim olunan məlumatları böyük maraqla dinləyib, onları maraqlandıran məsələlər barədə suallar ünvanlayıblar. Mütəxəssislər tərəfindən bütün suallar ətraflı cavablandırılıb və aqrar sığorta xidmətlərindən istifadə imkanları barədə geniş izahat verilib.
Qeyd edək ki, “Aqrar Sığorta – Güvənli Gələcək!” layihəsi 1 may–31 iyul 2026-cı il tarixlərini əhatə edir. Layihə çərçivəsində Beyləqan rayonunun müxtəlif kəndlərində fermerlər üçün silsilə maarifləndirici görüş və təlimlərin keçirilməsi nəzərdə tutulur.
Layihə çərçivəsində fermerlərin operativ məlumatlandırılması məqsədilə 099 470 43 01 nömrəsi vasitəsilə mobil məsləhət xidməti də fəaliyyət göstərir. Fermerlər aqrar sığorta ilə bağlı suallarını bu nömrəyə ünvanlayaraq mütəxəssislərdən ödənişsiz məsləhət ala bilərlər.
“Liberal İqtisadçılar Mərkəzi” İctimai Birliyi hesab edir ki, bu cür maarifləndirici tədbirlər fermerlərin aqrar sığorta sistemindən istifadəsinin genişlənməsinə, kənd təsərrüfatında risklərin səmərəli idarə olunmasına və ölkədə dayanıqlı aqrar inkişafın daha da gücləndirilməsinə mühüm töhfə verir.
SƏBUHİ