Bu gün Beynəlxalq Qalereya, World Art Club və “İyilik Üretenler Derneği”nin birgə təşkilatçılığı ilə Dünya İncəsənət Gününə həsr olunmuş və onlayn formada keçirilmiş sərginin Azərbaycandan olan iştirakçılarının təltif olunma tədbiri keçirilib.
Tezadlar.az xəbər verir ki, Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb və tədbir barədə ətraflı məlumat verib.
O, qonaqların diqqətinə çatdırıb ki, Azərbaycan, Kanada və Meksikadan müxtəlif yaş qrupundan olan rəssamların iştirak etdiyi onlayn sərgi müasir dövrdə incəsənətin nümayişi üçün yeni yanaşmadır.
“Onlayn sərgilər, daha geniş auditoriyaya çata bilmək və incəsənətin müxtəlif formalarını paylaşmaq üçün mükəmməl bir imkandır”, – deyə Elnurə İsgəndərova vurğulayıb. Həmçinin qeyd edib ki, Dünya İncəsənət Günündə onlayn sərgi keçirmək, fərqli mədəniyyətləri və incəsənətdə zəngin irsləri bir araya gətirmək üçün yaxşı şərait yaradır.
Layihə rəhbəri Aygün Əzizova isə çıxışı zamanı sərgidə müxtəlif yaş qruplarından olan 50 rəssamın iştirak etdiyini bildirib.
Tədbirdə çıxış edənlər – əməkdar artist Səlim Abbasov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimləri Səmayə Rzayeva, Fialeta Babayeva, Naibə Vəliyeva, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi Zinaida Mirzəzadə, Ruqiyyə İsmayılova, Şəfaqət Hacıyeva, Səadət Nərmin Hacıyeva, Həyat Şirvanova (tələbələri ilə), Kifayət Nəzərova, “F.A Art Studio”nun rəhbəri Fatma Əliyeva (tələbələri ilə), Ağasadıq Süleymanov, Könül Hüseynova, Abbas Əliyev, Şahidə Quliyeva, Pərvanə Qarayusubova, Aydan Məmmədova bildiriblər ki, Dünya İncəsənət Günü kimi universal bir mövzu insanları yaradıcı düşüncəyə və incəsənətə yeni bir perspektivlə yanaşmağa təşviq edir. Azərbaycandan olan rəssamların uğurlarının təltif olunması, onların işlərinə verilən dəyəri göstərir və gələcəkdə daha da irəliləmələrini motivasiya edir. Rəssamların sosial şəbəkələr vasitəsilə bir-biri ilə əlaqə saxlaması müasir dövrün yaradıcı mühitini formalaşdırır və onlara ideyalarını paylaşmaq, dəstəkləşmək imkanı tanıyır.
Tədbirin sonunda iştirakçılara təltif olunduqları diplomlar təqdim olunub.
Qeyd edək ki, 15 aprel Dünya İncəsənət Günüdür (World Art Day). World Art Day 2019-cu ildə UNESCO Baş Konfransının Parisdə keçirilən 40-cı sessiyasında təsis olunub. Bu qərara qədər 15 aprel dünyada qeyri-rəsmi olaraq “Beynəlxalq mədəniyyət günü” kimi qeyd olunurdu.
Aygün