Casus tələsi

Oxunma sayı: 334

İyirminci yüzilliyin  səksəninci illərində modernist yazı üslubu ilə Azərbaycan ədəbiyyatına gələn, ədəbiyyatımızda yeni – siyasi detektiv janrın bünövrəsini qoyan, əsərlərinin mövzu dairəsi yanlız detektiv janrında yazılmış əsərlərlə məhdudlaşmayan, cəmiyyətin mənəvi və sosial problemlərini özündə etiva edən əsərləri ilə də ədəbiyyatımıza öz töhvəsini verən Çingiz Akif oğlu Abdullayev ədəbiyyatımıza bir meteorit kimi daxil oldu və şimşək kimi çaxaraq hər tərəfə parlaq işıq salmağa başladı.

Bu gün də bu parlaq işığın  ziyası uzaqlardan görünən üfüq şəfəqinə bənzəyir. Yaradıcılığa tələbəlik illərindən başlayan Ç.Abdullayev məqalə, oçerk və hekayələri dövri mətbuatda vaxtaşırı çap olunmuşdur. Ədəbiyyatımıza əsasən “Vals” (1981) və “Bir tikə çörək” hekayələri ilə daxil olan Ç.Abdullayev 1988-ci ildə “Mavi mələk” və daha sonra isə tirilogiya şəklində yazdığı “Əclafların qanunu”, “Əclafların əqidəsi” və “Əclafların vicdanı” romanları ilə yaradıcıllıq yolunu qəti şəkildə müəyyənləşdirmişdir. Yazıçının “Qırmızı zəngin gizlədilməsi”, “Nyu-Yorkda sərgilər”, “Əbədi sükut”, “İblisin süqutu”, “Yeni cəngavər qadınların qəbiləsi” ( 2013), Bolqarıstanda (“Herodun kölgəsi” (1996) “Adında şər” (2005) və “Adında xəyanət”(2005)), “İsveçdə Qaranlıq simfoniyası”(2000), Ruminiyada (“Dranqo” (2004) və “Günəş altında qaranlıq” (2009)), Fransada (2012-2015) ( “İdeal hədəf”, “Bütlərin yükü” və “Öldürməyə öyrədilmiş”), Latviyada (“Bütlərin yükü” (2015), “Tənha ürəklərin evi” (2015), “Tərsinə çevirilmiş reallıq (2016), “Qurban sindromu” (2006), “Alliqator xətti” (2017) və “Həvəskarların arzusu” (2017)), Bosniya və Herseqovinada “Avropanın  əlehidarları” (2015), Polşada “Transilvaniyaya səyahət” (2016), Serbiyada “İngilis bulvarı” (2019), Albaniyada “Oliqarxın varisi” (2006), Ukraynada “Əfsanə hüququ” (2010) və sair romanları, o cümlədən Estoniyada dörd (“Mənim gözəl alibim” (2008), “Kabuslar tuneli” (2008), “Demək olar ki, inanılmaz qətil” (2010) və “Öz dünyanı yarat” (2010)) və Latviyada iki (“Minillikdə bir dəfə” (2003) və “İcazə verilən səhv” (2003)) kitabları bundan əlavə, müxtəlif vaxtlarda toplu və jurnallarda da rumun, belarus, macar, alman və s. dillərdədə əsərləri nəşr edilmişdir. Ümumiyyətlə, ədibin 200-dən artıq kitabı işıq üzü görmüş və əsərləri 32 dünya dillərinə tərcümə edilmişdir.

Çingiz Abdullayevin 2025–ci ildə ilk işıq üzü görən romanı “Xəyanət sənin adındadır” adlanır. Bu adı müəllif əsərin ideyasına uyğun olaraq ingilislərin “Xəyanət sənin adındadır, qadın” deyimindən götürmüşdür. Roman epiqraf, giriş əvəzi, 22 fəsil, “Romeo Cülyettanı necə cəlb etmişdi” başlığı altında “Markus Volfla müsahibə” və nəticədən ibarətdir. Ədibin Amerika ədəbiyyatının satira və yumor ustası olan və ABŞ ədəbiyyatının inkişafının strategiyasını müəyyənləşdirən, macəra romanlar müəllifi Mark Tvenin “Əvvəlki təlimlərdən belə bir nəticəyə gələ bilərsiniz ki, kişi – səfehdir; indi sizə məlum olur ki, qadın – ondan da betərdir” fikirlərini roman üçün epiqraf seçmişdir. Bu da təbii ki, sərgilədiyi məqsədə uyğundur. Müəllif öncədən romanda bu və ya digər dərəcədə təsvir olunan insanlardan üzr istəyərək deyir: “Burada adı çəkilən şəxslərin əksəriyyətinin soyadları dəyişdirilmişdir. Əsərdə göstərilən faktların demək olar ki, hamısı həqiqətdir”. Bu fikirləri söyləməklə müəllif işlətdiyi sözlərə haqq qazandırır.

Giriş əvəzi:

Berlində Brandenburq qapısının yanında insanlar şənlik edirdi. Xalqı iki yerə bölən Berlin divarını insanlar müxtəlif yollarla dağıdırdı. Cavanlar sevinc içərisində rəqs edirdi. Nəhayət, bu gecə iki yerə bölünmüş Berlin birləşirdi. Şərqdən gələn insanlar doğmaları ilə görüşürdü. Bu gecə hamı sevinirdi. O, xüsusi sıxlıq olan yerdə gəzirdi. Qərbdən-Şərqə keçmək üçün məqam axtarırdı. Maşınını Qərbi Berlində qoymuşdu. Şərqi Berlin küçələri boş qalmışdı. O, 15 dəqiqə yol gedəndən sonra  küçədə avtomat telefon tapdı, dəstəyi götürüb nömrəni yığdı, danışdığı adama o tərəfdən indi gəldiyini və Barondan ona xəbər  gətirdiyini söylədi. Danışdığı adam ona “gözlə” dedi və 15 dəqiqədən sonra “Şkoda” markalı maşın onun yanında dayandı. Adamı tanıdığı üçün onun maşınına oturdu və  ondan maşınını harda qoyub gəldiyini soruşdu. O isə o tərəfdə qoyduğunu dedi. Sonra isə Baronun ona nə məlumat göndərdiyi ilə maraqlandı və “Şkoda”nı işə salıb yoluna dəvam etdi. Baron sizə Qərbi Almaniya kəşfiyyatının Yaqoslaviyada fəallaşdığını çatdırmağımı bildirdi. Müdafiə Nazirliyinin Səkkizinci İdarəsilə Xarici İşlər Nazirliyi işçiləri ölkədə sabitliyi pozmaq üçün plan qurmuşlar. Onlar Xorvatiya və  Sloveniya daxil olmaqla Almaniyanı bir neçə muxtar hissəyə bölmək istəyirlər. Gələcək Almaniyanın necə olacağı məlum deyil. Bu nümayişi edənlər sabahı bizi dar ağacından asacaqlar. Eqon Krensın danışığı isə mənasızdır. Honekker vəzifəsindən azad edildi. Qorbaçov ona kömək etməsə biz məhv olduq. O danışa-danışa körpünün yanında “Şkoda”nı saxladı və tez tapançanı çıxardıb ona xəbər gətirən maşındakı adamı güllələdi. Sonra öldürdüyü adamı rol tərəfə keçirtdi və tapançanı onun sol əlinə qoydu. Belə bir görüntü yaratdı ki, güya o özü intihar edib. Öldürdüyü adamın ciblərini axtardı. Pasportunu, pulunu, maşının açarını götürdü və özünün pasportu ilə bir neçə lazımsız sənədini öldürdüyü adamın cibinə qoydu. Sonra “Şkoda”nı güllələdiyi adam içərisində kanalda batırdı. İşi icra etdikdən sonra oradan uzaqlaşdı.

Birinci fəsil. Yarım ildən sonra

Maşınla Nyu-Yorkdan Manhettenə qədər gedən yolla irəliləyərkən tıxaca düşdü. Yolun açılmasını gözləmək lazım gəldi. Xeyli sonra hava limanına getdi və üç saat gözlədi. Hava limanında Berlindən gələn təyyarədən düşən Şmidt ona kiçik bir çamadan verdi və tez təyyarə ilə geri qayıtdı. Andreas Qruner çamadanı aldıqdan sonra BMT-nin Almaniya Demokratik Respublikası üzrə daimi nümayəndəliyinə getdi. Orada nümayəndəliyin müavini Zemperlə görüşməli idi. Aeroportda Şmidtdən aldığı çamadan əlində saat 6-ya 20 dəqiqə qalmış binaya daxil oldu və liftə minib öz mərtəbələrinə çıxdı. Qapıları bağlı gördü və açarla açıb içəri girdi. Hamı çıxıb getmişdi. Lakin binada təkcə qoca Zemper və onun evində isə arvadı Marta qalmışdı. Zemper Qrunerə bir “konvert” verdi və dedi ki, hökumət Kollun bütün şərtlərini qəbul etdi. Artıq Almaniya Demokratik Respublikası yoxdur. Bizim bütün nümayəndələrimiz AFR-in daimi nümayəndəliyinə getdi. Qruner başa düşdü ki, Şmidtin çamadanı ona verib tez getməsi elə bununla bağlı imiş. Zemper dedi ki, hətta partkom Maysner də partiya biletlərini seyfə yığıb ağzın bağladı və onlarla getdi. Maysner gedərkən söylədi ki, mən heç vaxt Honekkerin sosializminə inanmamışam. Qruner “konverti” açdı. Orada yazılmışdı: “Bu məlumatı alan kimi siz qeyri-leqal vəziyyətə keçin. Məqsədi sizə məlum olan “Keçid” əməliyyatına başlayın. Alınan pulun məbləği “Siti-bank”ın yerli şöbəsinin hesabında olmalıdır. Əlaqə Buenos-Ayresdə sizə məlum olan kanal vasitəsilə qurulacaq. Uğurlar arzu edirik”. Qruner Zemperə dedi ki, dur evinə get. Özü isə içində 3 milyon dollar Argentinaya gecə reysinə bir bilet və Alfred Kohan adına yeni pasport olan kiçik çamadanı götürüb getdi. Artıq Andreas Qruner adı Alfred Kohanla əvəzləndi. Şərqi Almaniyanın keçmiş kəşfiyyat rezidenti Andreas Qruner yoxa çıxdı. Onun əvəzinə, Alfred Kohan adlı biznesmen meydana gəldi.

İkinci fəsil. Bir ildən sonra

Maşından düşüb beşmərtəbəli binaya yaxınlaşdı. Qapının kodunu yığıb içəri daxil oldu. Vəsiqəsini növbətçiyə göstərib içəri girdi. “Klarissa” qrupunda gözəl qadınlar və cazibədar kişilər çalışırdı. Polkovnik Marina Çernışev “Klarissa” qrupunun ən yaxşı əməkdaşlarından sayılırdı. Bu qrup Sovet Kəşfiyyatının bölmələrindən biri idi. Bu gün Marina  “Klarissa” qrupunun rəhbəri general Markovun yanına gəlmişdi. Qəbul otağındakı növbətçi zabit Marinanı görən kimi içəri dəvət etdi. Ancaq kollektiv görüş Marinanın xoşuna gəlmədi. General Markov Marinanı salamladı və yanında oturan Sinneri ona təqdim etdi. Sinner hiyləgər gözləri ilə Marinaya baxdı. Marinanın onun bu baxışından xoşu gəlmədi. Markov dedi ki, yoldaş Sinner Berlindəndir və ADR-də işləyib. Alman dövlətinin kəşfiyyatında Qərbi Almaniya əleyhinə qrupa başçılıq edib. İndi  bizim ölkədədir. Marina Çernişevaya məlum idi ki, Almaniya birləşəndən sonra Qərbi Almaniyanın xüsusi xidmətinin yüksək rütbəli şəxslərinin bir qrupu Markus Volfun başçılığı ilə Sovet İttifaqına pənah gətirib. Berlin birləşəndən sonra bu adamlar Almaniyada yaşaya bilməzdi. Markovun ADR-də yeni qrup haqqında dediyi sözlərdən Marinanın xəbəri yox idi. General Markov söylədi ki, bu alman yoldaşlarımızın gizli ideyalarıdır. Markus Volfun qrupunun planı gözəl və cazibədar oğlanları seçərək AFR-ə göndərmək və orada yüksək idarələrdə çalışan otuz və otuz yaşından yuxarı olan qarımış qızları (“Katibələrə hücum”planı əsasında) həmin oğlanlar vasitəsilə ələ alaraq onları xüsusi xidmət idarələrində işləməyə təhrik etməkdir. Bu fikirləri Markov səsləndirdikdən sonra sözü Sinnerə verdi. Sinner dedi ki, biz bu layihə ilə bağlı bir proqram yazmışıq. Qrupun heyətinə müxtəlif kişilər cəlb edilmişdi. Bu kişilərdən istifadə etməklə qadınları kəşfiyyata qatmaq planlaşdırılmışdır. Proqrama 1981-ci ildən başlamaq startı verilmişdir. Ancaq indi o dağılıb. Onu yenidən yaratmaq lazımdır. General Markov Marina Çernışevaya dedi ki, bu əlaqələr yenidən bərpa edilməlidir. Biz özümüzə lazım olan insanları tapıb ortaya çıxarmalıyıq. Hər birinin seksual meyilləri ilə bağlı olaraq. Belə meyillər nə qədər güclü olsa, onun nəticəsi daha yaxşı gözlənilir. Həmin agentlər bizə olduqca sədaqətli olar. Hazırkı şəraitdə Almaniyada bizim agentlər fəallıq göstərməlidirlər. General Markov Marinaya dedi ki, bu işdə biz alman yoldaşlarımızın fikirlərini də nəzərə almalıyıq. Sonra Markov Marina Çernışevaya bildirdi ki, sən bizim ən yaxşı mütəxəssimizsən və ən yaxşı agentləri başına yığıb bu işləri qaydaya qoymağı sənə tapşırıram. Marina Markova cavab olaraq dedi ki, sizin rəhbərliyinizlə çalışacağam ki, mənə göstərdiyiniz etimadı doğruldam.

Üçüncü fəsil. Marina Çernişeva

Sovet dövləti hələ də yaşayırdı. Almaniyada Berlin divarları dağıdılmışdı. Ancaq Sovet qoşunlarının böyük bir qrupu Almaniyanın Şərq ərazisində, NATO qoşunları isə Qərb bölgəsində hələ də qalmaqda davam edirdi. Belə durğunluq zamanında Sovet İttifaqı hələ də hər şeyi öz əlində saxlayırdı. İşin gedişi göstərdi ki, hər şey qaliblərin istəyinə uyğun sona yetəcək. Ancaq SSRİ-nin Baş Kəşfiyyat İdarəsi öz agentlərini Almaniyada qalması üçün hazırlıq işini görmüşdür. Əfsanəvi kəşfiyyatçı Markus Volf Şərqi Almaniya dağıldıqdan sonra öz işçiləri ilə birgə Moskvaya köçdü. O, gələcək Almaniyada işləməyə görə “yeni” agentlər yetişdirirdi. Bu işdə “Ştazi”nin bir qrup generalları ona köməklik göstərirdilər. Markus Volf 1991-ci ilin avqustunda Avstriyaya getməyi planlaşdırmışdı.

Marina Sinnerlə bərabər fəaliyyətə başladı. Almaniya kəşfiyyatının bütün sənədləri ilə Sinner Marinanı məlumatlandırdı. Marina sənədlərə şəxsən özü baxıb ətraflı tanış oldu. General Markov Marinanı “Volqa” maşını ilə Markus Volfun qaldığı DTK BBİ-nin gizli bağına apardı. Marinada əfsanəyə çevrilmiş Markus Volfla görüşü xoş təəssürat yaratdı. Volf da öz növbəsində, Marinaya isti münasibət bildirdi. Sinner də oraya gəldi. Volf Marinaya sual verdi ki, Almaniyaya sizmi gedəcəksiniz? Marina “hə” cavabını verdi. Sonra Volf Marinadan alman dilini bilirsən deyə soruşdu, o isə pis bildiyini söylədi və əlavə etdi ki, ispan, ingilis və fransız dillərini bilir. Markov Volfa söylədi ki, belə bir kadr ona görə seçilib ki, şübhə yaratmasın. Sonra Volf dedi ki, qərarınız yaxşıdı. Almanları çaşdırmağın ən yaxşı yoludur. Vaxtı ilə mən də bu variantdan istifadə etmişəm. Kleysterin məsələsi həll edilməlidir. Kleysterlə əlaqəyə çıxan əməkdaşımız Uilrix Katserin kanaldan meyidi tapılıb və guya polislər müəyyənləşdirib ki, o, intihar edib. Solaxay olmayan adam tapança ilə necə özünü sol əlilə ata bilər, bu şübhəlidir. Onu öldürüblər və Kleyster yoxa çıxıb. Kleysterə Yuqoslaviya ilə bağlı vacib məlumatlar verilmişdir. Sinner bildirdi ki, Bonnda üç agentimiz var. Onlar olduqca yaxşı agentlərdir. Əməliyyatlar “katibələrə hücum” planı əsasında aparılırdı. Qərbi Almaniya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri məşhur familiyadan olan bir qadındır. Qadını “Legenda” işləyib hazırlamaqla agentliyə cəlb etmişik. 1989-cu ilin dekabrında bütün sənədlər Moskvaya gətirildi. Markov söylədi ki, düşünürəm bütün sənədlərin hamısı gətirilməyibsə, bu, bizə problem yaradacaq. Markus Volf göstəriş verdi ki, son dərəcə ehtiyatlı hərəkət edin. Sonra o, fikirlərini davam etdirərək dedi ki, keçmiş agentlər  bizə qoşulmaya da bilər.  Ona görə ki, onların and içib qəbul etdiyi dövlət yoxdur. Markov isə əlavə olaraq dedi ki, hazırda belə problemlər Polşa, Macarıstan və Bolqarıstanda da var. Volf Marinaya söylədi ki, biz bunları çoxdan planlaşdırmışıq. Bizim hələ də üç agentimiz qalır. Özünə (Volfun dediklərindən) uyğun kişi tapmayan qadınları bu işə cəlb etmək lazımdır. Düşmənin müdafiəsini yarmaq üçün lazım olan bütün variantdan istifadə edilməlidir. Bu, ən optimal yoldur. Sinner Marinaya bildirdi ki, sizin qadınlara görə narahat olmağınıza əsas yoxdur. Marinaya Volf üzünü tutub dedi ki, sizin narahat olmanızı bilsək də, bizim başqa əlacımız yoxdur. Çernişeva sonda dedi ki, bəs bu aldadılmış qadınlar aldandıqlarını bilsələr nəticə nə olar? Sinner söylədi ki, qadınlar ərləri yanlarında olanda hər bir çətinliyə dözəcəklər. Onlar söhbətlərini yekunlaşdırdılar. General Markov maşını işə salıb Marina ilə birlikdə geri qayıtdı.Yolda Markov Marinaya bildirdi ki, səni göndərməkdə məqsədim budur ki, hər bir agentin ailəsinə girərək onlara təsir edə biləsən. Sən çalış qadın olduğunu unut. Əlaqələndirici Kleysterin yoxa çıxması sənin işini çətinləşdirə bilər. Markov maşını Marinanın evinin yanında saxladı. Maşından düşərkən Marina Markovdan işi niyə ona tapşırdığının səbəbini soruşsa da, Markov bir söz demədən maşını sürüb getdi .

Dördüncü fəsil. Zepp Herlix

1946-ci ildə aclıq vaxtı doğulmasına baxmayaraq, özünü  xoşbəxt hesab edirdi. Anasını doğulan gün itirmişdi. O, Kayzerslantendə yaşayan yaşlı xalasının yanında on il qaldı. Zeppin atası Şərqi Almaniyada yaşayırdı. Onun Qərbi Almaniyaya keçib oğlunu aparması üçün xüsusi icazəsi vardı. Zepp Maqdeburqa gələndə bildi ki, atası partiya işində işləyir. 1956–ci ildə  Macarıstanda baş verənlər bütün Avropanı və eləcə də bütün dünyanı lərzəyə saldı. Almaniyada isə qarşıdurma şəraiti yaranmışdı. Zepp Herlix orta məktəbi bitirib instituta qəbul oldu . İnstitutda oxuyan zaman Zepp kəşfiyyata dəvət aldı. İnstitutu bitirdikdən sonra mühəndisliyi yox, kəşfiyyat işini seçdi. DTK-nın xüsusi tapşırıqlarını layiqincə yerinə yetirdi. Zepp Herlix Sinnerin şöbəsinə dəyişdirildi. Onun təcrübəsi yaxşı kəşfiyyatçı olduğunu göstərirdi. İl yarımdan sonra Zepp də Kayzerslanten qoca xalasının yanına getdi. O, Şərqi Almaniya kəşfiyyatında özünə yer aldı. Zepp Herlix Qərbə köçəndən sonra daşınmaz əmlak satışı üzrə kiçik bir firma yaratdı. Sonra Köln şəhərində kontorunun filialını da açdı. Sinnerin şöbəsindq məxfi əməliyyatların keçirilməsi üçün pula qənaət etmirdilər. Zepp Herlix hesabında olan  puldan özünə “Yaquar” maşını aldı. Guya qəribə bir təsadüf nəticəsində Zeppin kontoru yaşlı fran Vekvertin yaşadığı binada yerləşir. Qoca qadının yanına şənbə günləri Bonnda yaşayan qızı Eloviza Vekvert gəlirdi. Bir gün əvvəlcədən hazırlanmış plana əsasən qoca Vekvert yükünü evinə qaldıran zaman Zepp ona kömək edir. Qadın Zeppi mədəni bir oğlan kimi tanıyır. Zepp də şənbə günləri guya  kontoruna baş çəkməyə gəlir. Gələn zaman qoca freyley Vekvertə də baş çəkir. Onun evində xeyli oturur. Gedən zaman qəsdən şair Rilkenin şeirlər kitabını stolun üstünə qoyub gedir. Qoca freyley Vekvert qızı Eloiza Vekvertə söyləyir ki, Zepp çox ağıllı və mədəni oğlandı. Elovizanın 38 yaşı vardı və kanslerin idarəsində çalışırdı. “Sinner ata”nın casusları öz gözəllik və cazibələri ilə qadınları özlərinə cəlb edib tələyə salır və kəşfiyyatda onlardan istifadə edirlər. Zepp vasitəsilə də Eloizanı cəlb edib tələyə salmağa çalışırlar. Eloiza “BMV”-sini Zeppin “Yaquar” maşınının yanında saxlayır. Zeppə anasının stolunun üstündə qoyub getdiyi Rilkenin şeirlər kitabını gətirdiyini bildirir. Zepp kitabı alıb ona təşəkkür edir. Qız maşınını işə salıb getmək istəyəndə maşını işə düşmür. Zepp Eloizaya deyir ki, icazə ver mən də yoxlayım Zepp də maşını işə sala bilmir, hətta gizli şəkildə işə düşməsinə əngəl yaradır. Eloizaya dedi ki, usta çağırsaq da, bu gün şənbə olduğundan gəlməyəcək, gəl səni evinə mən aparım. Qız razı oldu. Onlar maşında gedəndə Zepp yol boyu susdu (əvvəlcədən hazırlanmış plana uyğun). Bu tanışlıq Eloizanı Zeppə yaxınlaşdırdı və bağladı.

(Davamı olacaq)

Sabir Rüstəmoğlu (Məmmədov),

ADPU-nun Ağcabədi filialınım dosenti, AYB və AJB üzvü

 

Xəbəri paylaş