“Brainwashing” anlayışını yəqin ki, hamı eşidib. Türklər buna zihniyyət yuyulması, zihniyyət kirlənməsi də deyirlər. İnsanların düşüncələrini yönləndirmək, onlara hazır fikirlər yükləmək yeni metod deyil. Bu, illərdir təbliğatla, qorxu ilə, ümidlə, miflərlə edilir.
Amma indi süni intellekt dövründəyik. Bir videonu, bir şəkli, bir saxta xəbəri gerçək kimi qəbul etdirmək əvvəlkindən qat-qat asandır.
Tezadlar.az xəbər verir ki, bu fikirləri müğənni Nura Suri sosial şəbəkə hesabındakı paylaşımda bildirib.
“Ona görə də hər gördüyünüzə, oxuduğunuza və eşitdiyinizə kor-koranə inanmayın. Əvvəllər insanları inancları və qorxuları ilə idarə edirdilərsə, indi onların etibarını sarsıdaraq, gerçəyi saxtalaşdıraraq da idarə etmək mümkündür. Kimisə idol etmək də, linç etmək də bir düymə məsafəsindədir.
Uzun illərdir bunları deməyə çalışıram. Danışıram, yazıram, paylaşırım. Çünki faydalı olmaq istəyirəm. Əlimdən gələn budur.
Bu gün insan beyni faktiki olaraq “hack” olunub. Cibinizdə gəzdirdiyiniz telefonlar, istifadə etdiyiniz platformalar sizi sizdən yaxşı tanıyır. Nəyi sevdiyinizi, nədən qorxduğunuzu, nə zaman zəif olduğunuzu bilirlər. Bu, nəzarətçi kapitalizmdir – insan davranışlarının məlumat kimi yığılıb pula çevrildiyi bir sistem. Əvvəl maddi olaraq, sonra isə düşüncə olaraq insanları ələ keçirirlər.
Artıq beyninizdə yaranan hər fikir sizə aid olmaya bilər. Ona görə təbiətdən qopmayın. Dostluqdan, sevgidən, canlı münasibətlərdən uzaqlaşmayın. Robotlaşmayın. Eyniləşməyin. Fərd olaraq qalmağa çalışın.
Xəbər başlıqlarına baxıb insanları mühakimə etməyin. Bir video ilə hökm verməyin. Araşdırın, müqayisə edin, düşünün. Analitik düşünməyi öyrənin və bunu övladlarınıza da öyrədin. Çünki gələcəyin ən böyük gücü informasiya deyil – onu ayırd etmə bacarığıdır”, – deyə müğənni vurğulayıb.
JASMİN