Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fermerlər çiyələyin 20 qəpiyə düşdüyünü deyirlər: “Yığmaq xərcini belə ödəmir”
Cəlilabadın bir sıra kəndlərində çiyələk yığımı davam etsə də, məhsulun kəskin ucuzlaşması fermerləri ciddi çətinliklə üz-üzə qoyub.
Fermerlərin sözlərinə görə, mövsümün əvvəlində 2 manat 50 qəpiyə satılan çiyələyin kiloqramı sonradan 1 manata, bəzi hallarda isə 20 qəpiyə qədər enib.
Fermerlər bildirirlər ki, hazırkı qiymətlə məhsulu sahədən yığmaq belə sərf etmir. Onların sözlərinə görə, 100 kiloqram çiyələk 20 manata satıldığı halda, bir fəhlənin gündəlik əməkhaqqı təxminən 30 manat təşkil edir. Bu isə o deməkdir ki, məhsulun satışından əldə olunan vəsait yalnız yığım xərcini belə qarşılamağa kifayət etmir.
“Bir kiloqram çiyələk 2 manat 50 qəpikdən 1 manata düşdü. Sonra elə vəziyyət yarandı ki, 100 kiloqram məhsuldan cəmi 20 manat əldə olunur. Bir fəhlənin pulu isə 30 manatdır. Bu halda məhsulu yığdırmaq fermer üçün zərərə çevrilir”, – deyə fermerlər bildirirlər.
Fermerlərin sözlərinə görə, daşınma, qablaşdırma, kaset və fəhlə xərcləri də nəzərə alındıqda çiyələyin hazırkı qiyməti maya dəyərini ödəmir. Bəzi fermerlər məhsulu bazara çıxarmağın sərf etmədiyini bildirərək yığılan çiyələyi ambara topladıqlarını deyirlər.
Bu il hava şəraitinin qeyri-sabit və yağışlı keçməsi də məhsuldarlığa mənfi təsir göstərib. Fermerlər qeyd edirlər ki, yağışlar məhsulun keyfiyyətini aşağı salıb, sahələrdə çiyələyin bir hissəsi xarab olub. Eyni zamanda, yerli bazarlara meyvənin çox daxil olması, xaricə iracın azalması qiymətlərin daha da ucuzlaşmasına səbəb olub.
Mütəxəssislər bildirirlər ki, çiyələk əməktutumlu sahədir və məhsulun qiyməti 50-60 qəpikdən aşağı düşdükdə fermerlərin gəlir əldə etməsi çətinləşir. Qiymətin 20 qəpik səviyyəsinə enməsi isə təsərrüfatların xərclərini qarşılamaq imkanlarını minimuma endirir.
Fermerlər hesab edirlər ki, həm daxili bazarda, həm də xarici bazarlarda məhsulun daha sərfəli qiymətə satılması üçün mexanizmlər gücləndirilməlidir. Əks halda, çiyələkçiliklə məşğul olan təsərrüfatların növbəti illərdə bu sahəyə marağı azala bilər.
BakiTV
P,S. Qəribəsi budur ki, “su qiymətinə” satıldığı deyilən çiyələk nədənsə, mövsüm başlayandan paytaxtdakı piştaxtalara ucuz qiymətə gəlib çıxmır. Fermerlər isə gəlir əldə edə bilmədiklərini deyirlər. Görünən odur ki, bu məsələdə yenə fermerlər tək qalıblar, alıcılar isə çiyələyə həsrət… Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC -dən isə yenə xəbər yoxdur…