Müxalif “Strateqiya Ağmaşenebeli” partiyasının lideri Giorgi Vaşadze məhkəmə tərəfindən Parlamentin müvəqqəti istintaq komissiyasının tələblərini yerinə yetirmədiyinə görə təqsirli bilinib. Tezadlar.az xəbər verir ki, bu barədə Tbilisi Şəhər Məhkəməsində hakim Nino Qalustaşvilinin qərarı ilə Giorgi Vaşadzeyə 7 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Eyni zamanda, ona 2 il müddətinə vəzifə tutmaq qadağan edilib. Giorgi Vaşadze hökmün elanında iştirak etməyib. Onun vəkilinin hökmün elanını təqsirləndirilən şəxsin son sözü mərhələsinə qədər təxirə salmaqla bağlı vəsatətinə baxmayaraq, hakim hökmü elan edib. Müxalif lider partiya yoldaşları ilə birlikdə hökmü partiyanın ofisində gözləyib. Məlumat üçün bildirək ki, Giorgi Vaşadze Parlamentin müvəqqəti istintaq komissiyasına izahat vermək üçün getməyib. Bu faktla bağlı ona Cinayət Məcəlləsinin 349-cu maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə “Gürcüstan Parlamentinin müvəqqəti istintaq komissiyasının tələblərinin yerinə yetirilməməsi”ni nəzərdə tutur.
Giorgi Vaşadzeyə qətimkan tədbiri olaraq 50 min lari məbləğində girov müəyyən edilib və o, bu məbləği qanunla müəyyən olunmuş müddətdə ödəyib.

