24 İyul 2026 / 11:15

DEPUTATIN MİLYONLARI

(“Siyasi hekayələr” silsiləsindən)
2005-ci ilin yayı idi, onda mən hələ “Xalq Qəzeti”ndə işləyirdim. Mənim bir prokuror dostum vardı, tanınmış adamdı (ona görə adını çəkmək istəmirəm). Artıq pedoqoji fəaliyyətlə məşğul idi, deputatlığa namizədliyini vermişdi. Mən də onun vəkili idim, həyatı və fəaliyyəti haqqında qısa məlumat kitabçası hazırlayırdıq. Dostum məni öz maşınında “Xalq Qəzeti”nə kimi gətirdi, aşağıda gözlədi. Mən kitabçanın əlyazmasını işdən götürmək üçün yuxarı qalxdım.
Aşağı düşəndə gözlərimə inanmadım, TV-dən yaxşı tanıdığım qara kostyumlu deputat dostumdan bərk-bərk yapışmışdı. Deyəsən, çoxdan və yaxından tanışdılar. Prokuror hündür, görkəmli adamdı, deputatın çiyinləri onun qurşağına ancaq çatırdı, əllərini yuxarı qaldırıb qucaqlamışdı. Dostum məni görüb ondan aralandı, yəqin ki, tanışsız dedi. Mən deputatı qiyabi tanıyırdım, o da mənim imzamla, yazılarımla tanışdı.
Deputat prokura baxıb qımışdı:
-Prokuror, eşitmişəm deputatlığa vermisən?!
-Hə, öz rayonumuzdan namizədliyimi vermişəm…
-Hesabı müəllimə çatdırmısan?
-Nə hesab, hansı müəllimi deyirsən?
-Mənə də yox də, artistlik eləmə. Sən yaxşı bilirsən, hansı müəllimi deyirəm. Mən də indi evdən çıxmışam, kişinin bağına çatmalı, hesabı çatdırmalıyam…
Dostum da, mən də özümüzü itirmişdik. Deputatın Nizami küçəsində, “Xalq Qəzeti” ilə üzbəüz binada yaşadığını bilirdik, söhbətin nədən və kimdən getdiyini isə təxmin edirdik. Deputat arxası redaksyaya qarşı saxladığı ağ rəngli “Leksus” markalı hündür avtomobilinə doğru getdi, dostumu da dəvət etdi. Mən də qeyri-ixtiyari onları təqib etdim. Deputat avtomobilin yük yerinin yuxarı hissəsini qaldırdı, bizim gözlərimiz qaraldı. Yük yeri aşağı hissəsinə qədər dollar dəstləri ilə dolu idi. Adam yenidən qımışdı, avtomobilin yük yerini aşağı saldı. “Mən gedim, Ramiz müəllim gözləyir” deyə mızıldadı, “hesab vaxtında çatmalıdır”.
Mən ömrümdə birinci dəfə idi ki, bu qədər pulu bir yerdə görürdüm, yəqin bir neçə milyon olardı. Dostum daha təcrübəli adamdı, amma təcrübəsinin yox, təəccübünün dərəcəsinə uyğun uzun bir fit çaldı. “Mənim bu qədər pulum hardadır” dedi…
Bəli, mənim dostum deputat seçilmədi…
Qalib ARİF
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!