Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) Xətti-bucaq ölçmələri laboratoriyasında “AEROTECH” şirkətinin “ABRX250” modelli hava yastıqlı fırlanma sistemi əsasında bucaq ölçmələri üzrə yeni etalon quraşdırılıb.
Tezadlar.az xəbər verir ki, bu etalon bucağın dəqiq təyin edilməsi və fırlanma hərəkətinin idarə olunması üçün nəzərdə tutulub. Hava yastıqlı dayaq texnologiyası hərəkət zamanı mexaniki təmasın təsirini minimuma endirir, yüksək sabitliyi və nəticələrin təkrarlanmasını təmin edir. Sistemin minimal addımlı hərəkət göstəricisi 0,02 bucaq saniyəsi, əyilmə üzrə hərəkət xətası isə 0,1 bucaq saniyəsi təşkil edir.
Bununla yanaşı, sözügedən etalon bucaq ölçən və fırlanma əsaslı ölçmə vasitələrinin (teodolit, avtokollimator, bucaq kodlayıcısı, fırlanma stolu və digər bənzər cihazların) kalibrləməsində, eləcə də maşınqayırma, geodeziya, optika və aviakosmik sənaye kimi yüksək dəqiqlik tələb edən sahələrdə istifadə olunan ölçmə vasitələrinin yoxlanılmasında tətbiq olunur.
Qeyd edək ki, görülən tədbirlər Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası çərçivəsində laboratoriyaların maddi-texniki bazasının təkmilləşdirilməsi və müasir metroloji infrastrukturun yaradılması istiqamətində həyata keçirilib.







