17 nömrəli Mənzil İstismar Sahəsinin (MİS) qarşısında elan:
“Təcili təcrübəli və geniş dünyagörüşünə malik xadimə tələb olunur. Bir neçə dil bilən diplomlu mütəxəssislərə üstünlük veriləcək.!
Artıq səhər saatlarından MİS-in qarşısında qələbəlikdir.
Geyimli-keçimli bir qadın digərinə:
-Azz, hara soxulursan, oçiretini gözlə də… elə bil dünən kənddən gəlib…
-Buna bax a, mən bir saatdı burdayam. Səni isə buralarda görən olmuyuf…
– Bura bax eyy, səni burdan elə süpürüb ataram ki, heç xəkəndazıma da yaxın gələ bilməzsən… Heç bilirsən mən kiməm?…
-Bəlkə deyəsən,bilək görək kimsən? Səni tapşırıblar?
Yerdən səslər:
-Ay xanımlar, bəsdirin də…hamınız ziyalı insanlarsız… Ayıbdı axı…Qıraqdan baxanlar da elə bilərlər ki, bazar alverçiləriyik.
Nəhayət, qapı açılır.Gələnlər bir-birini basa-basa, hay-küylə kiçik bir otağa daxil olurlar. Stolun arxasında oturan 50-55 yaşlı MİS müdiri hamını sakitləşməyə çağırır.
-Yoldaşlar, bura mədəni yerdir, həm də dövlət müəssisəsidir. Növbə ilə yaxınlaşın. Onu da bilin ki, müsabiqədən keçənlər, həm də dövlət imtahanı verməlidirlər. Hazırda cəmi 2 vakansiyamız var. Eyni zamanda nəzərinizə çatdırmaq istəyirəm ki, şəhərin ən prestijli yerləri bizə tapşırılıb.Çox vacib bir məqamı qeyd etməyi özümə borc bilirəm ki, mühüm dövlət təşkilatlarını məhz bizim “jek”in işçiləri kurirovat edir.
Orta yaşlı bir qadın digərilərini itəliyərək özünü qabağa verir. Müdir əlini ona uzadıb:
-CV-ni ver görüm…
Qadın CV-ni tez çantasından çıxarır.
Müdir:
-Belə-belə işlər… Hımm, deməli, Təmizkarova Gülçiçək…Türkiyənin Akdeniz Universiteti… Qısa desək, AU. 10 ildir bitirmisən, elə həmin vaxtdan da süpürgə əlindən düşmür…Çox yaxşı…çox yaxşı…Maşallah, bu 10 ildə gör neçə kvadratkilometr yer süpürmüsən… Gülçiçək xanım, baxaq görək harada işləmisən…Müdafiə Nazirliyində?!
-Yox ey, ay qardaş, N adında bir yer idi…
– Başa düşdüm. Aydındır, dalını deməsən də olar… Bəs niyə çıxdın?
-N köçdü başqa yerə-sərhədə, ermənilərə yaxın bir əraziyə…
Müdür əlini əlinə vurub, vətən təəssübü çəkirmiş kimi dedi:
-Pah atonnan ə, buna bax e, mən ölüm. Ay qız, əlinə yaxşı fürsət düşübmüş ki…Elə o erməni dığalarını da biryolluq süpürüb oralardan atardın da! Nə isə.. Hansı dildə sərbəst danışırsan?
-Öz dilimdə…
-Gülçiçək xanım, yəqin bilirsən də, ölkədə turistlərin əlindən tərpənmək olmur. İndi görsən ki, bir turist qardaşımız, ya bacımız, nə bilim bir ağsaqqal, ağbirçək yediyi marojnanın kağızını təsadüfən yerə atdı. O adama necə başa salacaqsan ki, eyyy… gözəl insan, bir addımlığındakı o boyda zibil qutusunu görmürsən?…
– Bilsəydim ki, süpürgəçiyə də dil belə vacibdir…
Müdür onun sözünü kəsib dedi:
-Sən nə danışırsan, ay qız? Dilsiz də xadimə olar? Yaxşı, sleduyuşiy…
İçəri 35-40 yaşlı bir qadın daxil olur.Müdir bu dəfə onun verdiyi CV-nə baxıb deyir:
-Həə…Sahmanlı Əntiqə… Sən necə, dil bilirsən?
-Rusca bir az qandıra bilirəm dana…
-Əntiqə,yadında saxla, bura ciddi təşkilatdır… Baş girləmək üçün yer deyil. Belə bir məsuliyyətli işdə bir dillə çətin olacaq. Birdən ingilis, ərəb yaxud da çin dilində qabağına dövlət əhəmiyyətli bir kağız çıxdı. Sən də zibil bilib tulladın. Heç bilirsənmi nə baş verər? Bu, beynəlxalq qalmaqala gətirib çıxara bilər.
– A müdür, deyirsən yəni zibil qutusuna atılan kağızları bir-bir açıb oxumalıyam?
-Əlbəttə, Əntiqə xanım, əbəttə. Bəs sənə o maaşı nəyə görə verəcəklər? Süpürməyə nə var ki…
Müdür oturduğu kürsünün arxasına yayxındı və özünü hər şeyi bilirmiş kimi gstərmək üçün ciddi görkəm alıb dedi:
-Bilmək istəyirsənsə, dünyanın ən güclü kəşfiyyatçıları mühüm məlumatları zibillikdən əldə edirlər və nahaqdan oralarda eşələnmirlər… Sonra da təəccüblənirlər ki, dövlətlərarası münasibətlər niyə pozuldu…Dünya müharibələri də, sənin kimi dilbilməzlərin ucbatından olur da…Növbə kimindir?…
60 yaşlı bir kişi CV-ni şəstlə müdirin stolunun üstünə qoyur.Müdir kağıza göz gəzdirib:
-Xadimə qardaş, baxıram ki, sən uzun illər Rusiyada işləmisən.
-Qağa, xadimə yox, adım Xadimdir….
– Yaxşı, olsun. Xadim qardaş, de görüm, dilin var?
Kişi çıxarıb dilini göstərir.
-Aydındır, bu sənətə necə gəlmisən?
-Müdür qağa, biz nəsillikcə təmizkarıq. İ Pyotr qağanın lap körpəliyindən bu sənətin vurğunuyuq…Ta o dövrdən nənələrimiz vəsiyyət edib ki, süpürgəni nəbadə əlinizdən buraxasınız. Hətta, vəsiyyət eləmişdilər ki, öləndə qəbirlərinin üstündəki əklil də süpürgədən olsun.
– Maraqlı tarixdir. Qəbr və süpürgə…Allah rəhmət eləsin sənin bütün nənələrinə. Məlumat üçün onu da deyim ki, süpürgələrimiz ötən il Fransada keçirilən qitələrarası Süpürgə Festivalında beynəlxalq sertifikata layiq görülüb. Bunun heç SNQ-də belə analoqu yoxdur…Yəqin bizim maaşdan xəbərin var da, Xadim qardaş?
-Ay qağa, pul əl çirkidir. Adam gərək işindən zövq alsın. Qağa canı…
-Sən çaldın…Yəni süpürdün!
Müdir başını qaldıraraq:
-Yoldaşlar, mənə vacib zəng gəldi… 10 dəqiqəlik antrakt elan edirəm.
Otağından çıxan müdir papağını başına qoyub, öz-özünə deyinir: “Bunlar hələ hara gəldiklərini dərk eləməyiblər. Aman Allah,bu dilbilməzlərlə necə işləyəcəyəm?…
Ramiz Quliyev