2 İyun 2026 / 01:17

İsrail Qəzza zolağında atəşkəsi 3076 dəfə pozub

Qəzza zolağındakı Fələstin hökuməti İsrailin 10 oktyabr 2025-ci ildən qüvvədə olan atəşkəs razılaşmasını 3076 dəfə pozduğunu açıqlayıb.

Tezadlar.az xəbər verir ki, Qəzza hökumətinin Media Ofisindən verilən yazılı açıqlamada atəşkəsin qüvvəyə mindiyi tarixdən 31 maya qədər olan 232 günlük müddət ərzində baş verən pozuntular barədə məlumat verilib.

Açıqlamaya görə, İsrail bu 232 günlük müddət ərzində atəşkəsi 3076 dəfə pozub; bu pozuntular nəticəsində 932 nəfər ölüb, 2859 nəfər yaralanıb və 82 nəfər saxlanılıb.

Qəzzaya humanitar yardımın daxil olmasına məhdudiyyətlər

Atəşkəs razılaşmasına əsasən, Qəzza zolağına gündə 600 yük maşını və həftədə 4400 yük maşınının daxil olmasına icazə verilməlidir. Lakin İsrail humanitar yardımın bölgəyə daxil olması ilə bağlı razılaşmanın bəndlərinə əməl etmir.

Bildirilib ki, Qəzza zolağına girişi nəzərdə tutulan 139.200 yardım yük maşınından yalnız 50.636-sının girişinə icazə verilib ki, bu da vəd edilən məbləğin 36%-ni təşkil edir.

Atəşkəs müqaviləsinə əsasən, bu dövrdə Qəzzadan təxliyə edilməsi nəzərdə tutulan 17.800 nəfərdən yalnız 5.836-sının təxliyəsinə icazə verilib. Bu rəqəm tibbi müalicə üçün təxliyəsi razılaşdırılanların 32%-ni təşkil edir.

Qəzza hökuməti bu rəqəmlərin “hərəkət azadlığının məhdudlaşdırılması siyasətinin davam etməsi” demək olduğunu vurğulayıb.

10 oktyabr 2025-ci ildən qüvvədə olan atəşkəs müqaviləsinə baxmayaraq, İsrail Qəzza zolağının müxtəlif yerlərinə hücumlarını davam etdirir.

Atəşkəs müqaviləsinə əsasən Rəfah sərhəd keçid məntəqəsini ikitərəfli hərəkətə açmaq və yardım yük maşınlarının girişinə icazə vermək öhdəliyi daşıyan İsrail hökuməti bu öhdəliyi əsasən yerinə yetirməyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!